AQTA qanunsuz ət kəsimi və satışı məntəqələrində reydlərini davam etdirir
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkədə heyvan kəsiminin müasir tələblərə uyğunlaşdırılması, müasir kəsim məntəqələrinin təşkil olunması və qanunsuz heyvan kəsimi fəaliyyətinin qarşısının alınması istiqamətində nəzarət tədbirlərini davam etdirir.
AQTA-dan AYNA-ya verilən məlumata görə, antisanitar şəraitdə küçə və yol kənarlarında, həmçinin kəsim üçün nəzərdə tutulmayan yerlərdə qanunsuz heyvan kəsimi fəaliyyətinin qarşısının alınması məqsədilə Daxili İşlər Nazirliyinin və rayon icra hakimiyyətinin əməkdaşları ilə birgə Bakının Xətai rayonunun N.Tusi küçəsində fəaliyyət göstərən qanunsuz heyvan kəsimi və ət satışı məntəqələrində reydlər keçirilib.
Reydlər zamanı sanitar-gigiyenik norma və qaydalara əməl olunmadan heyvan kəsimi və ət satışının həyata keçirildiyi məntəqələr aşkar edilib. Belə ki, baytarlıq nəzarəti həyata keçirilmədən ət məhsullarının satışa çıxarıldığı məlum olub. Yerli icra orqanlarının əməkdaşları tərəfindən qida təhlükəsizliyi tələblərinə uyğun olmadan heyvan kəsimində istifadə edilən dəmir konstruksiyalar sökülüb.
Kəsimlə məşğul olanların öz fəaliyyətlərini qanunvericiliyin tələblərinə uyğun qurması və heyvan kəsimini mərkəzləşdirilmiş, müasir kəsim məntəqələrində həyata keçirməsi üçün zəruri məlumatlar verilib.
“Agentlik bir daha qanunsuz heyvan kəsimi fəaliyyəti ilə məşğul olan şəxsləri qanunvericiliyin tələblərinə əməl etməyə və qanunazidd fəaliyyətdən yayınmağa çağırır”, - deyə məlumatda qeyd olunub.