Gömrük binası önündə özünü yandırdığı deyilən şəxslə bağlı rəsmi açıqlama

Hadisə

09.09.2019 - 18:29

Dövlət Gömrük Komitəsi mətbuatda yayılmış məlumatı təkzib edir

 

Dövlət Gömrük Komitəsinin (DGK) Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi, dünən KİV-də Komitənin barəsində getmiş məlumatla əlaqədar məlumat yayıb. AYNA-ya daxil olan məlumatda deyilir:

 

“Ötən gün bir sıra kütləvi informasiya vasitələrində Mədət Quluzadə adlı sahibkarın, guya gömrük orqanlarında qarşılaşdığı "haqsızlıqlara" etiraz olaraq Bakı Baş Gömrük İdarəsinin qarşısında özünü yandırması, Komitə rəhbərliyinin məhz bu məsələ ilə bağlı dərhal hadisə yerinə gəlməsi barədə həqiqətdən uzaq, şəxsi təxəyyülün "məhsulu" olan uydurma məlumatlar yayımlanıb. Dövlət Gömrük Komitəsi bildirir ki, yayılan məlumatlar tamamilə yalandır və Bakı Baş Gömrük İdarəsinin qarşısında belə bir hadisə baş verməyib.

 

Xatırladaq ki, sentyabrın 7-də Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev, Komitə sədrinin müavinləri və aidiyyəti strukturların rəhbərləri Aksizli Mallar üzrə Baş Gömrük İdarəsi və Bakı Baş Gömrük İdarəsində mövcud vəziyyətlə tanış olublar və hər iki qurumda xidməti müşavirə keçirilib.

 

Komitə sədri, eyni zamanda sahibkarlarla da görüşüb, onların gömrük işinin təşkilinə dair fikir və təkliflərini dinləyib. Həmin əsnada Mədət Quluzadə adlı şəxs də Dövlət Gömrük Komitəsinin sədrinə yaxınlaşıb və onun da müraciətini dinləyən Komitə sədri Səfər Mehdiyev Mədət Quluzadəyə qanunvericiliyin tələblərini izah edib və bu tələblərə əməl etməyin vacibliyini diqqətə çatdırıb.

 

Konkret olaraq Mədət Quluzadə adlı sahibkarın gömrüklə bağlı narazılığına gəlincə, bildiririk ki, "Ulduz Elektron" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Quluzadə Mədət Pənah oğlunun Dövlət Gömrük Komitəsinə qarşı mətbuatda irəli sürdüyü ittihamlar, həmin hüquqi şəxsin ünvanına 10.03.2013-cü il tarixdə İran İslam Respublikasından göndərilən yüklərin müşayiət sənədlərində çatışmazlıqlar aşkar olunduğundan gömrük orqanları tərəfindən saxlanılmış malların təhvil verilməsi tələbinə dair iddianın təmin edilməsi barədə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarının icrası ilə bağlıdır.

 

Astara rayon İcra və Probasiya şöbəsi tərəfindən yuxarıda qeyd olunan məhkəmə qərarının icrası ilə bağlı Dövlət Gömrük Komitəsinin Astara Gömrük İdarəsinin hüquqi varisinin müəyyən edilməsi barədə Dövlət Gömrük Komitəsinə sorğu daxil olub. Dövlət Gömrük Komitəsinin 08.08.2019-cu il tarixli məktubu ilə sorğuya cavab verilibvə sorğuda "Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin Strukturu"nda dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 13.07.2018-ci il tarixli 201 nömrəli Fərmanın icrasını təmin etmək məqsədilə 2018-ci ildə Dövlət Gömrük Komitəsi tərəfindən struktur islahatların aparılması, Astara Gömrük İdarəsinin və digər gömrük idarələrinin bazasında Cənub Ərazi Baş Gömrük İdarəsinin təşkil edilməsi və Astara gömrük postunun yeni yaradılmış Cənub Ərazi Baş Gömrük İdarəsinin tərkibində struktur bölmə olmaqla Astara Gömrük İdarəsinin hüquqi varisi hesab edilməməsi qeyd olunub.

Ayna.az