BNA: “Bu ilin 6 ayında 78 ünvanda avtobus dayanacaq məntəqəsi təşkil edilib”
Bakıda sərnişindaşıma infrastrukturunun təkmilləşdirilməsi işləri ilə əlaqədar yeni dayanacaqlar quraşdırılıb. Bakı Nəqliyyat Agentliyindən (BNA) AYNA-ya verilən məlumata görə, bu ilin 6 ayında 78 ünvanda avtobus dayanacaq məntəqəsi təşkil edilib. 51 ünvanda isə dayanacaq pavilyonu quraşdırılıb ki, bunlardan da 36-sı yeni müasir tipli pavilyondur.
BNA-nın məlumatında bildirilib ki, işlərin böyük bir qismi şəhər mərkəzindən kənarda görülüb: “Bununla yanaşı Suraxanı, Sabunçu, Xəzər və Qaradağ rayonlarının ərazisində 14 ünvanda yeni dayanacaq məntəqəsinin inşası üçün zəruri işlər görülüb”.
“Qeyd olunan işlər daxil olan vətəndaş müraciətləri nəzərə alınmaqla, mütəxəssislərimiz tərəfindən aparılan təhlillərin nəticələrinə uyğun olaraq həyata keçirilib”, - deyə xəbərdə vurğulanıb.