Bakı-Təl-Əviv əlaqələrində yeni mərhələ: Tehran növbəti təxribata əl ata bilər  

Siyasət

15.05.2023 - 10:29

Deputat: “İranın bu məsələdəki mövqeyi Azərbaycan üçün əhəmiyyət kəsb etmir”

Politoloq: “İran Azərbaycan-İsrail münasibətlərinə mane olmaq iqtidarında deyil”

İsrail Prezidenti İshaq Hersoq mayın 30-u və 31-də Azərbaycanda səfərdə olacaq. Məlumatlara görə, İsrail Prezidentini Bakı səfərində 40 nəfərlik nümayəndə heyəti müşaiyət edəcək. Heyətin tərkibində kimlərin olacağı dəqiqləşdirilir.

Qeyd edək ki, İsrail Azərbaycanın dövlət müstəqilliyini tanıyan ilk ölkələrdən biri olub. 1993-cü ilin avqustundan İsrailin Azərbaycanda, 2023-cü ilin mart ayından isə Azərbaycanın İsraildə səfirliyi fəaliyyət göstərir. Azərbaycan neftinin ən iri alıcılarından olan İsrail Azərbaycanın neft ixrac etdiyi ölkələr siyahısında ilk yerlərdə qərarlaşır. O, neftə olan tələbatının mühüm hissəsini Azərbaycan nefti hesabına ödəyir. İsrail həmçinin Azərbaycandan böyük həcmdə neft məhsulları idxal edir.

İsrail həm birinci, həm də ikinci Qarabağ müharibələri zamanı Azərbaycana fəal dəstək nümayiş etdirib. İki ölkə arasında münasibətlər hər zaman yüksək olub və bu, İran tərəfindən daim qısqanclıqla qarşılanıb. Cənub qonşumuzun ölkəmizə qarşı çoxvektorlu təzyiq və təxribatlarının əsas səbəblərdən biri də, Azərbaycanın İsraillə münasibətlərinin yüksək səviyyədə olmasıdır. İranın işğal dövründə və tarixi Zəfərdən sonra Ermənistana hərtərəfli dəstək göstərdiyi zamanlarda İsrail hər zaman Azərbaycanın yanında olub.

İsrail Prezidentinin Azərbaycana səfəri Azərbaycan-İsrail münasibətlərinin inkişafına hansı töhfələr verəcək və bu səfərdən sonra İran ölkəmizə qarşı hansı addımlar ata bilər? AYNA mövzunu ekspertlərlə müzakirə edib.

İsrail Prezidentinin Bakıya səfərini AYNA-ya şərh edən Milli Məclisin üzvü Məşhur Məmmədovun sözlərinə görə, İsrail Azərbaycanın strateji müttəfiqidir: “Azərbaycan dəfələrlə ən yüksək səviyyədə bəyan edib ki, ölkələrlə qarşılıqlı münasibətlərini hər hansı üçüncü dövlətə qarşı yönəltməyib. Azərbaycanla İsrail arasında münasibətlərin kökü dərindir. İqtisadi, siyasi, mədəni, hərbi sahədə əməkdaşlıq mövcuddur. Birinci Qarabağ müharibəsi, 30 illik işğal dövrü, İkinci Qarabağ müharibəsi zamanı İsrail Azərbaycanın yanında olub. Beynəlxalq münasibətlər sistemində hər zaman Azərbaycanın maraqlarını müdafiə edib. Bu münasibətlər bu gün də yüksələn xətlə davam edir. Azərbaycanın İsraildə səfirlik açması, İsrail Prezidentinin Azərbaycana gözlənilən səfəri münasibətlərin inkişafına təkan verəcək”.

Deputat qeyd edir ki, İranın bu məsələdəki mövqeyi Azərbaycan üçün əhəmiyyət kəsb etmir: “Bir daha qeyd etmək istəyirəm ki, Azərbaycan digər dövlətlərlə, habelə İsraillə münasibətlərini üçüncü dövlətə qarşı yönəltməyib. Digər yandan da İranın mənəvi haqqı yoxdur ki, buna etiraz etsin. İran Azərbaycan torpaqlarını 30 il işğal altında saxlayan, Xocalıda, digər şəhər və rayonlarımızda insanlıq əleyhinə bəşəri cinayətlərə imza atan Ermənistana hərtərəfli qardaş dəstəyi verib. Tarixi zəfərdən sonra isə Azərbaycana qarşı çoxvektorlu təzyiq və təxribat ssenarilərini işə salıb. Bu tarixi qələbədən sonra Ermənistana dəstəyini daha da artırıb. Hansı ki, 44 günlük vətən müharibəsi zamanı İsrail hər zaman Azərbaycan dövlətinin yanında olduğunu nümayiş etdirdi. Təbii ki, İran tərəfindən müəyyən təzyiqlər ola bilər. Necə ki, Azərbaycan İsraildə səfirlik açanda bunu edirdilər, bu səfərdən sonra da edə bilərlər. Lakin nəticədə heç nəyə nail olmayacaqlar”, – Məmmədov vurğulayır.

“Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyev AYNA-ya açıqlamasında bildirib ki, Azərbaycan-İsrail münasibətləri yüksələn xətlə inkişaf edir: “Azərbaycan və İsrail münasibətlərin inkişafında maraqlıdır və hər iki dövlət bunu rəsmi səviyyədə etiraf edir. 1993-cü ildən İsrailin Azərbaycanda səfirliyi fəaliyyət göstərir. Bu ilin martında isə İsraildə Azərbaycanın diplomatik nümayəndəliyi fəaliyyətə başlayıb. Bütün bunlar göstərir ki, Azərbaycan İsraillə əməkdaşlığa xüsusi önəm verir. Bunun da öz növbəsində kifayət qədər ciddi səbəbləri var. Azərbaycanla İsrail arasında iqtisadi əməkdaşlıq yüksək səviyyədədir. İsrail Azərbaycan neftinin əsas alıcılarından biridir. Siyasi və diplomatik münasibətlər də artan templə inkişaf edir. İsrail hər iki Qarabağ müharibəsi zamanı Azərbaycana dəstək nümayiş etdirib. İkinci Qarabağ müharibəsi zamanı da biz bunu aydın gördük. Təbii ki, bu münasibətlər davam etməlidir və Azərbaycanın beynəlxalq münasibətlər sistemində rolunun və mövqeyinin artmasına xidmət edir”.

Politoloq əlavə edir ki, İran Azərbaycan-İsrail münasibətlərinə mane olmaq iqtidarında deyil: “Təbii ki, belə bir imkanları olsaydı, bunu edərdilər. Azərbaycanın İsraildə səfirliyi fəaliyyətə başlayandan sonra müəyyən təzyiq elementləri oldu. Lakin bu sadəcə bəyanatlar və müəyyən təzyiqlər şəklində nəzərə çarpdı. Azərbaycanla sərhədlərin bağlanması, daha ciddi adddımların atılması baş vermədi. Çünki İran rejimi bilir ki, bu cəhdlər nəticəsiz qalacaq. Bu səbəbdən İsrail Prezidentinin Azərbaycana səfərinə də anoloji münasibət hökm sürəcək. Müəyyən təzyiq və təxribatlar ola bilər. Lakin ciddi addımlar atılacağını gözləmirəm”, – deyə Əliyev fikrini yekunlaşdırıb.

Müəllif: Azər Niftiyev