Bakı-Gəncə sürətli qiymət qatarı: barıtı çox olmadımı...?

Cəmiyyət

18.03.2022 - 15:05

Hansı tərəfə çevirsən də, ADY-nin arqumentini anlamaq üçün normal ağıl kifayət etmir

"Azərbaycan Dəmir Yolları" QSC (ADY) Bakı-Gəncə sürət qatarının hərəkətini bərpa etməklə yanaşı, gediş haqqını artırmaqla sərnişinlərə bayram “sürprizi” də edib. Məlumata görə, gediş haqqı standart yerlər üçün 10 manatdan 20 manata, biznes yerlər üçün isə 25 manatdan 33 manata çatdırılıb.

QSC-nin bununla bağlı açıqlamasına görə, gediş haqları beynəlxalq məsləhətçi şirkətlərin ADY-nin maliyyə dayanıqlılığının təmin edilməsinə dair tövsiyələrinə uyğun olaraq dəyişdirilib. O da qeyd edilib ki, bundan sonra əldə olunan gəlir artsa da, yeni tariflər hesabına xərcin yalnız bir qismini ödəmək mümkündür və bu gün ADY sərnişin daşımalarında yaranan zərəri yüklərin daşınması hesabına əldə etdiyi gəlirlərlə qarşılayır.

Bəs, görəsən, ADY-nin yüz faizlik qiymət artmı ilə bağlı gətirdiyi səbəblə nə dərəcədə razılaşmaq olar?

Nəqliyyat eksperti Eldəniz Cəfərov AYNA-ya şərhində gediş haqqının iki dəfə artırılmasını məqbul hesab etmədiyini deyib: “Əvvəla, qeyd etmək lazımdır ki, Bakı-Gəncə dəmir yolunun açılması çox sevindirici xəbərdir. Bunu, hətta əlamətdar hadisə kimi də qiymətləndirə bilərik. Lakin düşünürəm ki, gediş haqqı qiymətlərinin artması vətəndaşlarımızı məyus edə bilər. Azərbaycan Dəmir Yollarının qiymət artımı ilə bağlı açıqlamasını inandırıcı hesab edirəm. Bugünkü pandemiya dövründə bütün beynəlxalq daşınma qiymətləri yüksəlib. Lakin daxildə sərnişindaşımanın yüz faiz yüksəlməməsi də ola bilərdi”.

“Bəli, burada müəyyən risklər nəzərə alınıb. Açıqlamadan da görürük ki, müəyyən risklər ola bilər və pandemiya dövründə sərnişindaşımanın dayandığı dövrdə müəyyən zərərlər də olub. Bu, məlumdur. Bizim bir çox daşıma şirkətlərimiz pandemiya dövründə zərərlə üzləşib. Amma qiymətlərin yüz faiz deyil, maksimum əlli faiz yüksəlməsi, bəlkə də, məqbul ola bilərdi. Ən azından standart yerlərin qiyməti yüz faiz yüksəlməməli idi. Bir qədər daha az artım ola bilərdi. Çünki bu yerlərdən daha çox aztəminatlı insanlar istifadə edirlər”, - deyə həmsöhbətimiz bildirib.

Onun fikrincə, Azərbaycanda nəqliyyatın bütün növlərini, xüsusilə də dəmir yolu nəqliyyatını inkişaf etdirmək lazımdır: “Yəni vətəndaşların alternativləri olmalıdır. Yalnız avtobus və taksilərdən deyil, qatarlardan da geniş istifadə olunmalıdır. Biz yenidən sərnişinləri qatarlara yönləndirmək istəyiriksə, bunu etməliyik. Qiymətlər rentabelli olmalıdır. Eyni zamanda da rəqabətə dözümlü olmalıdır ki, vətəndaş avtobusdan, yaxud taksidən daha çox qatara üstünlük versin. Bu, nəqliyyatın differensiallaşdırılması, alternativlərin yaradılması deməkdir”. 

Cəfərov qeyd edib ki, nəqliyyat sektorunda qiymətlərin balanslaşdırılmasına ehtiyac var: “Taksi, avtobus, qatar, təyyarə, su yolu nəqliyyatında qiymətlər balanslaşdırılmalıdır. Hər şey nəqliyyat vasitəsinin yükünə, getdiyi yola, xərclərinə görə hesablanmalıdır. Həmçinin daxildə vətəndaşlarımız üçün bütün növ nəqliyyat vasitələri əlçatan olmalıdır. Vətəndaş Azərbaycanın bir şəhərindən digərinə hərəkət edərkən çətinlik çəkməməlidir və bu, onun iqtisadi vəziyyətinə zərər verməməlidir”.

İqtisadçı ekspert Toğrul Vəliyev də AYNA-ya açıqlamasında məsələyə həm pandemiyanın yaratdığı çətinlik, həm də əhaliyə güzəşt nöqteyi-nəzərindən yanaşıb: “İndiki məqamda Azərbaycan Dəmir Yollarının mənfəətli şirkət olmadığını nəzərə almaq lazımdır. ADY-nin xərcləri çoxdur. Eyni zamanda, pandemiya dövründə daşınmaların azalması məsələsini də nəzərə aldığımızda görəririk ki, gəlirləri azalıb. Bu mənada açıqlamada qeyd etdikləri səbəblə razılaşmaq olar. Son dönəmlərdə islahatlar edirlər, müxtəlif konsaltinq şirkətlərlə, eyni zamanda müxtəlif maliyyə institutları ilə çalışırlar ki, xərclərini optimallaşdırsınlar, gəlirlərini artırsınlar”.

“Amma bu istiqamətdə atılan addımların effektivliyi şübhəli qalır. Çünki bir çox hallarda biz bunu müşahidə etmirik. Görünən odur ki, əksər hallarda daha müxtəlif layihələrə vəsait xərclənir. Həmin layihələrin də iqtisadi effektivliyi şübhə altındadır. Qeyd etdiyimiz məqamlara bir çox sübutlar da var”, - deyə ekspert söyləyib.

Əlavə edib ki, sərnişindaşıma sahəsi heç vaxt gəlirli sahə olmayıb: “Azərbaycan Dəmir Yolları da sərnişin daşımadan xüsusi bir gəlir əldə etməyib. Əsasən yük daşımalardan qazanc əldə edib. İqtisadi cəhətdən bu artım normaldır. Elektrik enerjisinin də qiyməti qalxıb. Onların fəaliyyəti cəhətdən də artımın olması müəyyən qədər başa düşüləndir. Lakin tariflərin kəskin şəkildə artırılması - nəzərə alaq ki, nə gediş müddəti, nə digər məsələlər dəyişib - bu halda düzgün deyil. Artım baş verirsə, həm dövlət, həm digər tərəflərdən başqa kompensator mexanizmlər istifadə edilməli idi. Artım maksimum əlli faiz ola bilərdi. Bizdə ölkə üzrə rəsmi infilyasiya səviyyəsi heç o həddə çatmır ki, yüz faizlik artım olsun”.

“Eyni zamanda müxtəlif formada kompensasiya tətbiq edə bilərdilər. Daimi istifadəçilər üçün güzəşt tətbiq edə bilərdilər. Bunu nəzərə almaq lazım idi. Lakin sadəcə qiymət artırıldı, vəssalam! Bu da o mənaya gəlir ki, onlar özlərini kommersiya şirkəti kimi qəbul edirlər və bu dövrdə itirdiklərini müəyyən qədər daha tez əldə etməyə çalışırlar”, - deyə Vəliyev fikrini yekunlaşdırıb.

Müəllif: Aləmdə Nəsib