Bakı-Ankara münasibətləri Moskvada qıcıq doğurur – <font color=red> Senatorsayağı təhdid</font>

Siyasət

11.07.2021 - 10:30

Rusiyada Azərbaycan və Türkiyə ilə münasibətləri “baltalamaqdan” yorulmurlar

 

Rusiya Federasiya Şurası Beynəlxalq məsələlər komitəsi sədrinin birinci müavini, senator Vladimir Cabarov Ermənistanın Baş naziri əvəzi Nikol Paşinyanın erkən parlament seçkilərindən sonra ilk səfərini Moskvaya etməsinin vacibliyindən danışıb. “Armenpress”in verdiyi məlumata görə, Moskva-İrəvan telekonfransı zamanı Cabarov Paşinyanın addımını “yaxşı bir işarə” adlandırıb.

 

Rusiya sərhədçilərinin Ermənistan-Azərbaycan sərhədində yerləşdirilməsinin iki ölkənin - Ermənistan və Azərbaycanın razılığı ilə həyata keçiriləcəyini və bu zonada hər hansı bir təxribatın dərhal yatırılacağını deyən Cabarov, Türkiyə Prezidenti Rəcəb Ərdoğanın Azərbaycan ərazisində hərbi bazanın yaradılması ilə bağlı açıqlamalarına da münasibət bildirib. Onun sözlərinə görə, Rusiya buna çox mənfi münasibət bəsləyəcək: “Moskvanın Ankaraya təzyiq etmək imkanları var və Türkiyənin də Rusiya kimi bir rəqibə ehtiyacı yoxdur”.

 

Senator Türkiyənin heç vaxt Rusiyanın müttəfiqi olmadığını vurğulayaraq, Ankaranın geosiyasi maraqlarının heç də həmişə Moskva və Qafqazdakı müttəfiqlərinin maraqları ilə üst-üstə düşmədiyini qeyd edib.

 

Azərbaycanın yaxaladığı erməni diversantların geri qaytarılması problemindən danışan rusiyalı siyasətçi iddia edib ki, “Azərbaycan həmin ermənilərin qaytarılmasını süni surətdə uzadır, onları cinayətkar kimi təqdim edir”. O, Rusiya rəhbərliyinin bu problemi həll etmək üçün hər cür səy göstərdiyini söyləyib.

 

Burada ciddi qiymətləndirmə tələb edən bir sıra açıqlamaları görürük. Birincisi, Rusiya sərhədçilərinin Ermənistan-Azərbaycan sərhədində yerləşdirilməsi məsələsi hələ həll olunmayıb - bu məlumat rəsmi təsdiqlənməyib, amma senator artıq “hər hansı bir təxribata son qoyulacağına” söz verib. İkincisi, Türkiyənin Qafqazdakı rolu ilə bağlı açıqlamaları nə deməkdir? Həddindən artıq neqativ bir məna daşımır ki?  Üçüncüsü, üçtərəfli Atəşkəs Bəyanatı imzalandıqdan sonra Azərbaycana silahla keçərək, tutulmuş erməni diversantları barədə dediklərini necə xarakterizə etmək olar?

 

AYNA mövzunu tanınmış ekspertlərlə müzakirə edib.

 

Vəkil, ictimai xadim, siyasi şərhçi Fuad Ağayev:

“Vladimir Cabarovun açıqlamaları Rusiya hakimiyyətinin Cənubi Qafqazda baş verən hadisələrə konsolidasiya edilmiş, vahid münasibətinin olmadığını göstərir. Bir tərəfdən, Rusiya Federasiyası Prezident Administrasiyasının Ermənistanla Azərbaycan arasındakı sərhədin qorunması ilə bağlı mövqeyi ifadə olunduğu görünür. Hər halda, bugünlərdə Kremlin mətbuat xidmətinin rəhbəri Peskov bu barədə danışdı və belə bir niyyətlərinin olmadığını söylədi.

 

Digər tərəfdən, hələ də mətbuatda Rusiya sərhəd qoşunlarının müəyyən bölmələrinin Ermənistan-Azərbaycan sərhədinə yerləşdiriləcəyi barədə məlumatlar var. Yəni, bu vəziyyətdə biz açıq, aydın, qəti bir qərarı, Rusiyanın mövqeyini görmürük və baş verənlər sanki bu, Rusiya Federasiyasındakı ali rəhbərliyin mövqeyinin əksinin göstərməkdə maraqlı olan şəxslərin, qrupların olmasının bir nümayişidir.

 

Bundan əlavə, senator Cabarovun sözlərinə onun etnik mənşəyi nəzərə alınmaqla yanaşılmalıdır. Özünü rus hesab etsə də, atası ermənidir və FSB Akademiyasını bitirərək, xüsusi xidmət orqanlarının içərisindən çıxmış bir siyasətçidir. Yəni, müəyyən şərtlərlə onun fikirləri Rusiya mediasında tanınmış simalar arasında erməni qruplaşmasının fikirləri ilə eynilik təşkil edir. Bunlar Kurginyan, Baqdasarov və sairdir. Cabarovun Rusiya ilə Türkiyə arasındakı dövlətlərarası münasibətləri qiymətləndirməsinin Putinin özünün bu münasibətlərə verdiyi qiymətləndirmə ilə açıq şəkildə ziddiyyət  təşkil etməsi bunu sübut edir.

 

Üçtərəfli Bəyanatın imzalanmasından çox sonra artıq Azərbaycan ərazisində saxlanılan Ermənistan vətəndaşlarına gəldikdə, Cabarovun birmənalı olaraq onları hərbi əsir adlandırması da onun yuxarıda qeyd olunan qrupa mənsub olmasına dəlalət edir. Bəlkə də, təşkilati cəhətdən deyil, amma ideoloji cəhətdən belədir.

 

Buadan belə bir nəticə çıxır: ermənipərəst qrup Rusiya isteblişmentində kifayət qədər əhəmiyyətli çəkisini qoruyur. Və bu insanlar bu və ya digər şəkildə Cənubi Qafqazdakı vəziyyətə təsir göstərmək üçün daha da böyük bir aktivliklə çalışdılar və çalışacaqlar. Cabarovun açıqlamaları bu qrupun ən azı Ermənistan ilə Azərbaycan arasında qarşıdurmanı gücləndirmək, habelə Rusiya ilə Türkiyə arasında dövlətlərarası münasibətlərdə ciddi fikir ayrılıqlarına səbəb olmaq niyyətində olduğunu göstərir”.

 

Rusiyalı politoloq, Siyasi və İqtisadi Kommunikasiyalar Agentliyinin aparıcı analitiki Mixail Neyjmakov:

Oxu.az - Ekspert Mixail Neyjmakov: “Çətin ki, Rusiya Bakının mövqeyini  görməzdən gəlsin”

“Rusiya ilə Türkiyə arasındakı münasibətləri tam olaraq necə xarakterizə etmək olar - daha çox terminlər barədə müzakirə kimi. 2020-ci ilin oktyabrında Rusiyanın xarici işlər naziri Sergey Lavrov da Moskvanın mövqeyindən bəhs edərək “biz heç vaxt Türkiyəni strateji müttəfiq kimi kvalifikasiya etməmişik, bu ölkə çox yaxın bir tərəfdaşdır”, “bir çox sahələrdə bu tərəfdaşlıq strateji xarakter daşıyır”, - demişdi. Rusiya üçün bir Türk hərbi bazasının rəsmi olaraq Azərbaycanda yerləşdirilməsinin xoşagələn xəbər olmayacağı aydındır, elə bu səbəbdən Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskovun bu kimi məsələlərin “xüsusi diqqətimizə səbəb olması” şərhi səsləndi.

 

Digər tərəfdən, unutmayaq ki, türk hərbçiləri kifayət qədər açıq şəkildə və hətta daha geniş miqyasda öz qüvvələrini Azərbaycanda yerləşdirə bilər, məsələn, birgə təlimlər dövründə və bu cür təlimlər istənildiyi təqdirdə yüksək vaxt intensivliyi ilə  həyata keçirilə bilər. Yeri gəlmişkən, Şuşa Bəyannaməsində Bakı və Ankaranın “kadr mübadiləsini təşviq edəcəkləri, ortaq təhsil və təlimlər keçirəcəkləri və iki ölkənin silahlı qüvvələrinin birlikdə döyüş qabiliyyətini artıracaqları” ehtiva olunur.

 

Aydındır ki, Türkiyə və Azərbaycan bir-biri ilə hərbi əməkdaşlıq sahəsindəki addımlarını Moskva ilə əlaqələndirmək öhdəliklərinə bağlı deyillər. Ancaq belə məqamlar, məsələn, bu üç dövlətin nümayəndələri arasında qapalı məsləhətləşmələrdə qaldırıla bilər.

 

Bölgədəki rus sərhədçilərinin mövcudluğunun genişləndirilməsinə gəldikdə, bildiyiniz kimi, Rusiyanın İrəvandakı səfiri Sergey Kopırkin bu yaxınlarda daha ehtiyatla danışdı, “Bu məsələlərdə, o cümlədən praktiki baxımdan əsaslı müzakirələr və məsləhətləşmələr aparılır”, - dedi.

 

Yeri gəlmişkən, bu cür planların həyata keçirilməsi Moskva üçün siyasi risklər daşıyır. Məsələn, qanun pozucuları (əllərində silahla) Rusiya sərhədçiləri tərəfindən deyil, Azərbaycan və ya Ermənistanın təhlükəsizlik qüvvələri tərəfindən tutularsa, razılaşdırılmamış sərhəddən keçmə halları ən azından sosial şəbəkələrdə, media məkanında hadisənin Rusiya tərəfinin “səssiz razılığı ilə” baş verməsi mövzusu müzakirə üçün bir səbəb ola bilər. Buna baxmayaraq, bu zonada Rusiya sərhədçilərinin olması sərhəddə yerli insidentlərin intensivliyini azalda bilər”.

 

Azərbaycan Milli Məclisinin üzvü, politoloq Rasim Musabəyov:

Rasim Musabəyov səs itirdi - Oxu.az

“Əminəm ki, Rusiya-Türkiyə və ya Ermənistan-Azərbaycan gündəmi ilə bağlı məsələlərdə Rusiyanın fikrini formalaşdıran və ifadə edən cənab Cabarov deyil. Xatırladım ki, Rusiya Federasiyası Prezidentinin mətbuat katibi cənab Peskov və ya xarici işlər naziri Lavrov kimi Rusiya siyasi və dövlət xadimləri bu mövzularda daha diqqətlə danışırlar.

 

Odur ki, senator Cabarovun səsləndirdiyi rəyin heç bir əhəmiyyəti yoxdur. İstər Rusiya dövlət televiziya kanallarından, istərsə də bəzi siyasətçilərin və deputatların dilindən səslənsə də, Ankara və Bakı bu cür açıqlamaları nəzərə almadan siyasətlərini davam etdirəcək”.

Müəllif: Rauf Orucov