Milli Məclisin Regional məsələlər komitəsində məsələ müzakirə olunub
Bu gün Milli Məclisin Regional məsələlər komitəsinin növbəti iclası keçirilib. Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AYNA-ya verilən məlumata görə, Komitə sədri Siyavuş Novruzov gündəlik haqqında məlumat verib.
Bildirilib ki, Prezident İlham Əliyev tərəfindən qanunvericilik təşəbbüsü qaydasında təqdim olunan Naxçıvan Muxtar Respublikasının Babək rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi baxılmaq üçün müzakirəyə çıxarılır. Layihəyə əsasən Naxçıvan Muxtar Respublikasının Babək qəsəbəsinə şəhər statusunun verilməsi, Cəhri və Nehrəm kəndlərinə qəsəbə statusu verilməsi nəzərdə tutulub.
Sonra komitə sədri Babək qəsəbəsi, rayonun Cəhri və Nehrəm kəndləri haqqında iclas iştirakçılarına ətraflı məlumat verib, bu yaşayış yerlərinin tarixindən danışdı, Muxtar Respublikanın bu bölgəsindəki sosial-iqtisadi inkişafdan bəhs edib. Babək qəsəbəsinə şəhər statusunun, adı çəkilən kəndlərə isə qəsəbə statusunun verilməsinin əhəmiyyətini vurğulayıb.
Qeyd olunub ki, Babək qəsəbəsi Ümummilli Lider tərəfindən 1978-ci ildə yaradılıb. Babək qəsəbəsi rayonun inzibati mərkəzi olmaqla yanaşı, həmçinin iqtisadi və mədəni mərkəzdir.
Bildirilib ki, Babək rayonunun Cəhri və Nehrəm kəndlərinə göstərilən dövlət qayğısı nəticəsində əhalinin sayı artmaqla bərabər, sosial-iqtisadi inkişaf və məşğulluq səviyyəsi də yaxşılaşıb, yeni istehsal və sosial-mədəni obyektlər qurulmaqla hər iki kənd müasir tipli qəsəbəyə çevrilib.
Müzakirələrin sonunda sənəd Milli Məclisin plenar iclasına tövsiyə edilib.