Ruslan Əliyev canlı yayımda suallara cavab verib
“Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev qurumun sosial şəbəkə hesablarında canlı yayıma çıxaraq aktual olan sualları cavablandırıb. AYNA-nın xəbərinə görə, R.Əliyev deyib ki, son zamanlar sayğacların sərfiyyatı artıq göstərməsi ilə bağlı mediada və sosial şəbəkələrdə məlumatlar var: “Əvvəldən ödənişli sayğaclar mövcud idi. Daha sonra mexaniki-elektron tipli sayğaclar quraşdırılmağa başlanıldı. Lakin hər hansı narazılıq mövcuddursa, abonentlərimiz öz müraciətlərini edə bilər və biz onların razılığı ilə sayğaclarına baxış keçirə bilərik. İndi Almaniyanın daha müasir 200 sayğacını Bakı şəhərində quraşdırmışıq. Artıq 3000 ədəd smart-kart tipli sayğac bizə təhvil verilib”.
“Qazın təzyiqinin nəzarətdə saxlanılması məsələsinə xüsusi diqqət ayrılıb. Gecə saatlarında yay aylarından fərqli olaraq, qış aylarında qazın təzyiqinin nəzarətdə saxlanılmasına xüsusi diqqət ayrılır. Hazırda gecə saatlarında qaz təzyiqinin aşağı düşməsi məsələsi ilə bağlı ciddi tapşırıqlar verilib. “Azəriqaz” İstehsalat Birliyi olaraq bu məsələni diqqətdə saxlayırıq. Çünki qış aylarında qaz sərfiyyatı xüsusilə artır və qazın təzyiqinin aşağı düşməsi təhlükə yarada bilər”, - deyə R.Əliyev bildirib.
“Azəriqaz”ın baş direktoru qaz limitinin ləğv edilməsi məsələsinə də toxunub. Bildirib ki, qazın dəyəri nəzərə alınaraq, ona limit təyin olunub və qazın limitinin ləğv edilməsi ilə bağlı məsələ bu gün gündəmdə deyil: “Həmçinin Mənzil Tikinti Kooperativlərinin rəhbərindən şikayət edən şəxslər bununla bağlı müraciət ünvanlayaraq, dəyişiklik olunmasını tələb edə bilərlər”.
R.Əliyev qanun pozuntularına yol verən qurum əməkdaşları ilə bağlı danışarkən deyib ki, son bir ay ərzində dördə yaxın “Azəriqaz” işçisi qanun pozuntularına yol verdiyi üçün ərizəsi alınıb: “Təkrarlanan hallar baş verdikdə qurum müvafiq hallarla bağlı araşdırma aparır. Qanun pozuntusuna yol verən işçilərin isə ərizəsi alınır”.