Azərbaycanın gəlib-getmiş televiziya kanalları: <font color=red> ANS, BMTİ, ABA…</font>

Maraqlı

03.06.2021 - 13:10

Bir zamanların məşhur xəbər agentlikləri də sonradan fəaliyyətlərini dayandırıb

 

Məlum olduğu kimi, “Lider” televiziyasının və radiosunun yayımı dayandırılıb. Milli Televiziya və Radio Şurası (MTRŞ) “Lider TV və Radio-Azərbaycan” MMC-nin müflisləşməsinin məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə təsdiq olunduğunu nəzərə alaraq, “Lider TV və Radio-Azərbaycan” MMC-yə ümumrespublika televiziya və radio yayımı üçün verilmiş 19 yanvar 2018-ci il tarixli, 169 qeydiyyat nömrəli lisenziyanın qüvvəsinə xitam verib. Bununla əlaqədar “Lider TV və Radio-Azərbaycan” MMC-nin televiziya və radio yayımı 1 iyun 2021-ci il, saat 00:00-dan etibarən dayandırılıb.

 

MTRŞ, həmçinin “Dalğa” televiziyasının peyk yayımının ardıcıl olaraq 30 gündən artıq müddətdə həyata keçirilmədiyini, “Mingəçevir” Televiziya və Radio Şirkətinin (Mingəçevir TV) və “Alternativ Tele-Radio” MMC-nin (ARB Ulduz TV) regional televiziya yayımının bir il ərzində 60 gün həyata keçirilmədiyini nəzərə alaraq, bu televiziya yayımçılarının lisenziyalarına xitam verilməsi barədə müvafiq qərarlar qəbul edilib.

 

Xatırladaq ki, ölkəmiz dövlət müstəqilliyi əldə etdikdən sonra fəaliyyəti dayandırılan televiziyaların və agentliklərin sayı az olmayıb. AYNA indiyə qədər fəaliyyət göstərib, sonradan fəaliyyətini dayandıran televiziya və nüfuzlu informasiya agentlikləri ilə bağlı kiçik araşdırma aparıb.

 

Azərbaycanda ilk dəfə bağlanan televiziya ANS telekanalı olub. Elçibəy iqtidarı dövründə ölkədə yeganə özəl telekanal olan ANS-in fəaliyyəti hökumət tərəfindən dayandırılıb - özü də bir dəfə yox, iki dəfə. Ümumilikdə isə, ANS-in fəaliyyəti indiyə qədər dörd dəfə qapadılıb. Bunlardan üçü sonradan qərarın ləğv edilməsi ilə nəticələnsə də, sonuncusu qocaman teleşirkəti “əbədiyyətə qovuşdurub”. Sonradan şirkətin rəhbərliyində təmsil olunan şəxslər – vitse-prezident Mirşahin Ağayevin rəhbərliyi altında “Real TV”-ni yaradıblar və həmin televiziya hazırda peyk yayımı ilə ölkə ərazisində yayımlanır.

 

Ölkəmizdə ikinci bağlanan televiziya BMTİ televiziyası olub. 1994-cü ilin mayında fəaliyyətinə xitam verilən televiziyanın rəhbəri Mahmud Məmmədov olub. O zamanlar Azərbaycan Demokratik Sahibklarlar Partiyasına (ADSP) rəhbərlik edən M.Məmmədov eyni zamanda “Günaybank”ın sahibi olub.  Bir müddət həmin bank fəaliyyətsiz olsa da, son dövrlər yenidən aktivləşib. Hazırda ölkənin aparıcı banklarından biridir. ADSP isə kollektiv şəkildə Yeni Azərbaycan Partiyasına (YAP) qoşulmaqla bağlı qərar verib və YAP-ın son qurultayında bu qərarını rəsmiləşdirib.

 

Azərbaycanda üçüncü bağlanan televiziya “Sara” televiziyası olub. 1999-cu ildə fəaliyyəti dayanan kanalın rəhbəri Rəsul Rauf olub. Onun rəhbəri olduğu “Sara Media Qrupu”na “Sara” TV ilə yanaşı “Radio Sara” və “Sara Ekspress” qəzeti daxil olub. Hazırda Türkiyədə fəaliyyət göstərdiklərinə dair məlumatlar var.

 

Ölkəmizdə dördüncü bağlanan televiziya ABA televiziyası olub. 2001-ci ildə fəaliyyəti dayanan kanal cəmi dörd il fəaliyyət göstərə bilib. ABA TV-nin rəhbəri Faiq Zülfüqarov idi. Azər Axşam, Günel Musəvi, Kamilə Babayeva və digər aparıcılar bu televiziyada çalışıblar. Telekanalın fəaliyyətini dayandırması barədə xəbəri F.Zülfüqarov “Medcarting" əyləncə mərkəzində keçirilən ad günü mərasimində elan edib.

 

2014-cü ilin dekabrında “Azadlıq” radiosunun Bakı bürosunun ofisi bağlanıb. Baş Prokurorluğun bir qrup əməkdaşı məhkəmə qərarı ilə “Azadlıq” radiosunun Bakı ofisində axtarış aparıb. Nəticədə Bakı bürosunun ofisi prokurorluq əməkdaşları tərəfindən möhürlənib və polisə təhvil verilib.

 

2018-ci ilin avqust ayında APA informasiya agentliyi fəaliyyətini dayandırıb. Lakin bu qərar uzun sürməyib. 10 ay sonra agentlik yenidən fəaliyyətini bərpa edib. Eyni zamanda, bu qərar APA Media Qrupuna daxil olan digər media resurslarına da şamil olunub.

 

Bir zamanların məşhur xəbər agentlikləri – “AssA-İradə”, “Turan”, “Olaylar”, “Mediaforum” agentlikləri də fəaliyyətlərini dayandırıb. Sonradan “Turan” və “Olaylar” informasiya agentlikləri fəaliyyətlərini bərpa etsə də, əvvəlki nüfuzunu qaytara bilməyib.

 

Bu arada qeyd edək ki, Azərbaycanda mətbuat sahəsində islahatlar həyata keçiriləcəyi ilə bağlı ciddi müzakirələr gedir. Prezident İlham Əliyevin sərəncamı ilə Medianın İnkişafı Agentliyi (MEDİA) yaradılıb və adıçəkilən qurum ilk dəfə olaraq onlayn media resurslarını da maliyyələşdirməyə başladığını elan edib. Əksər espertlər hesab edirlər ki, xeyli sayda media qruluşu müasir dövrün tələblərinə cavab vermir.

 

Bu xüsusda tanınmış telejurnalist, professor Qulu Məhərrəmlinin sosial media hesabında paylaşdığı status da diqqətdən yayına bilməz. O, qeyd edir ki, Azərbaycan Televiziyası (AzTV) HD keyfiyyətli yayımı genişləndirmək üçün önəmli addım atıb: “Bundan sonra AzTV-nin hər üç kanalını HD keyfiyyətində izləmək mümkün olacaq. Bu, AzTV tarixi üçün ciddi texnoloji hadisədir. Amma sual yaranır ki, ölkənin bir nömrəli telekanalı niyə rəqəmli yayıma bu qədər gec keçir? Axı dövlət proqramına görə, ölkədəki telekanallar artıq 2020-ci ilə qədər rəqəmli yayıma keçməli idi. Nəyə görə, məsələn, ATV və ya “Xəzər” TV bu işin öhdəsindən gəldiyi halda AzTV bu sırada geridə qalıb?”.

 

Professor AzTV-nin gecikmə səbəbini sabiq sədr Arif Alşınovun ayrılan vəsaitləri mənsimsəməsi ilə əlaqələndirib: ““Cənubi Qafqazın 1 nömrəli TV-si” haqqında uydurduğu nağıllar necə oldu?!  Dövləti və xalqı bu dərəcədə aldatmaq olarmı? Deyirlər, AzTV-də plan üzrə növbəti audit yoxlaması aparılır. Lap yaxşı! Qoy zəhmət çəkib AzTV-ni həm yaradıcılıq, həm də texniki-texnoloji baxımdan xeyli geri salmış Arif Alışanovun yeyintilərini, himayədarları ilə birlikdə dövlətin milyonlarını necə dağıtmalarını, cinayət xarakterli maliyyə fırıldaqlarını aşkara çıxarsınlar. Çıxara bilərlərmi?! Gözləyək”.

 

Xatırladaq ki, hər il dövlət büdcəsindən “Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətinə onmilyonlarla manat vəsait ayrılır. AzTV-yə təxminən 30 milyon AZN illik vəsait ayrıldığı təqdirdə, İTV-də bu rəqəm illik 10 milyon AZN civarındadır. Rəsmi statistikaya görə, 2021-ci ilin may ayı ərzində AzTV-ni 3 milyon, İTV-ni isə 20 milyon tamaşaçı izləyib.

Müəllif: Azər Niftiyev

Ramanada faciə

Dünən, 17:26 Hadisə