“Mamed, ya ne moqu bez tebya, qayıt!” – <font color=red> AXİ NİYƏ?!</font>

Maraqlı

17.08.2021 - 10:18

Həkimlər Klinikalar SEO Xidməti

Rusiyaya üz tutacaq azərbaycanlılara səslənirəm: amanın bir günündür, etməyin-eləməyin!

 

Şərq əlbəyaxa döyüş növləri ilə məşğul olan bir şəxs Şaolin monastırına gəlir və getdiyi yolda ən yüksək pilləyə nail olmaq üçün oranın şagirdi olmaq istədiyini bildirir. Ona başa salırlar ki, bu monastrda qalmaq üçün müəyyən hazırlıq kursu keçməli, sonda iri bir səbətdən suallar yazılmış bükülülərdən birini götürərək imtahan verməlisən.

 

Gənc adam Şaolin fəlsəfəsinə yiyələnmək üçün hər şeyə hazır olduğunu bildirir, soruşur ki, bəs bu imtahanda düşən suallara cavab vermək üçün nə qədər vaxt ayrılır. İzah edirlər ki, suala hazırsansa, o dəqiqə cavab verə bilərsən, deyilsənsə, sakit bir hücrədə istədiyin qədər fikirləşə bilərsən. Dağlara çıxan sonuncu tələbənin nə qədər fikirləşdiyini soruşanda, “14 ildir oradadır, biletinə düşən suala cavab tapa bilmir”, - cavabını alır. Kağız bükülüdə bir sual var idi – “Axı niyə?!”

 

Yaşadığımız dünyanın bütün pozitiv və neqativ hadisələrinə qiymət verərkən, əksər hallarda beynimizdə bir sual açıq qalır – Axı niyə?! Bu sual istənilən sahə ilə bağlı, özümüz istəsək də, istəməsək də, telekanallardan, ağıllı telefonlardan, radiolardan, reklam elanları vasitəsi ilə beynimizə yeridilən informasiya axını zamanı ortaya çıxır. Bəzən cavabını bilə-bilə əsəbimizdən, bəzən isə baş verənləri başa düşə bilməməyimizdən yaranır bu sual.

 

AYNA-nın oxucularının diqqətini ara-sıra ölkəmizdə və dünyada baş verən bu və ya digər hadisələrdə gözəçarpan qəribəliklərə yönəltmək üçün “Axı niyə?!” rubrikasına davam edirik.

 

Yəqin ki, hamımızın qohum-əqrabasında, yaxın ətrafında vaxtı ilə Rusiyada işləmiş və ya hərbi xidmət keçmiş, sonra da öz tay-tuşlarının yanında “Uruset”dəki günləri barədə fəxrlə danışan insanlar var. Belə söhbətlərdə adətən bu şəxslərin yaşadığı şəhərlərin gözəlliyindən, orada olan mədəni-tarixi abidələrin ziyarətindən yox (təəssüf ki), adətən külli miqdarda pul qazanmalarından, kiminləsə birləşərək, ermənilərin ağzını cırmaqdan, yeyib-içmək və eyş-işrət məclislərindən söz açılır.

 

Söhbətin apogeyi isə təbii ki, qohumun geniş Rusiya ərazisində neçə-neçə “Nataşa”nı, keçirdiyi bir gecədən sonra ürəyidağlı, gözüyaşlı qoyub gəlmələri barədə olur. Və hökmən, həmin “nataşalar” indi də onlara məktub, mesaj, nə bilim daha nələr yazır ki, “Mamed, ya ne moqu bez tebya, qayıt!”. Belə hadisələr danışan qohum, ardınca onu Azərbaycanda saxlayan koronavirusa lənət oxuyur. Ətraf isə belə qohumlarının olması ilə fəxr edir, daha cavanlar xəyallarında Mamedlə birgə Rusiyaya gedir və orada gözüyaşlı “nataşaları” ovudurlar...

İnsafən deyək ki, yaxşı və ya pis münasibət bəsləməyimizdən asılı olmayaraq, belə oğlanlarımız da var, amma Rusiyadakı soyuq gecələri meyvə bazasında, yeşikləri yandıraraq qızınanlarımız da. Hərəsi özünə uyğun bir Nataşa tapır və ovundurur.

 

İndi mən onların hamısına müraciət edirəm. İnşəallah, bu pandemiya bitəndən sonra sərhədlər açılacaq və siz yenə də “ana Rusiyanın” qucağına üz tutacaqsınız. Siz Allah, orada tapdığınız “nataşaların” ürək dağlayan alkaş ərləri, pis ailə vəziyyətləri barədə hekayələrə qulaq asıb, ovundurmamışdan əvvəl, yaxşıca araşdırın görək, onların bu ərciyəzləri kimdir. Bu, bizm üçün bir millət olaraq vacibdir. Axı niyə belə düşünürəm? İzah edim.

 

Bu ər araşdırmasının dinlə-filanla, vicdanla-zadla heç bir əlaqəsi yoxdur. Sadəcə, sizlər unutmayın ki, orada atdığınız addımla – bir neçə gecəlik “ovundurmaq” və “göz yaşı qurutmaq”la, sonradan millətimizi çox pis zərbə və qərəzlə baş-başa qoyursuz. Götürək elə bu İsfəndiyar Vahabzadə ilə bağlı son qalmaqalı. Adam Jirinovskiyə və rus millətinə nə dedi, niyə dedi, nətər dedi – bunu buraxaq onun vicdanının öhdəsinə. Elə onu söyənləri də vicdanları ilə baş-başa buraxaq.

 

Məsələ ondadır ki, Vahabzadənin bilərəkdən və ya bilməyərəkdən şüşədən buraxdığı cin Rusiyada tele və siyasi məkanında olan bütün anti-Azərbaycan qüvvələri sanki komanda ilə hərəkətə gətirdi. Az qaldılar Vahabzadəni Azərbaycanın siması edərək, ölkənin hamısının onun kimi düşündüyünü iddia etsinlər və buna görə bizi “yerimizdə oturtmaq” təklifləri də gəldi.

 

Bu dalğanın öncüllüyündə isə “Rusiya 1” telekanalında "60 dəqiqə" proqramının aparıcısı Vladimir Solovyov dayandı. Hazırkı Rusiya hökumətinin keçmiş fəal tənqidçisi olan Solovyov çoxdan mövqeyini dəyişib və eyni hökumətin ən vacib təbliğatçısına çevirilib. O, “Rusiya 1” telekanalının efirində, eləcə də “YouTube” kanalında fərdlərə və bütün millətlərə ünvanlanan ən təhqiredici ifadələrdən istifadə edir, amma buna görə cəzalandırılmır, hətta təşviq olunur. Jirinovski kimi siyasətçiləri və erməni ekspertləri öz studiyasına dəvət edən Solovyov Azərbaycanı və Azərbaycan xalqını təhqir və təhdid etməkdən çəkinmir.

 

Azərbaycanlılar həmişə Solovyovun niyə belə mövqe tutduğunu anlamağa çalışıblar. Səbəb çox sadə imiş və bunu həmkarlarımıza Bakıda olarkənn “EDNews.net”-in qonağı olan, Rusiyada tanınmış azərbaycanlı vəkil Elman Paşayev açıqladı. Onun sözlərinə görə, Solovyovun həmişə Azərbaycana qarşı qərəzli mövqe tutmasının və belə desək, azərbaycanlıları “incitməsinin” səbəbi ailə problemlərindədir.

 

“Bilirsiniz ki, Vladimir Solovyovun həyat yoldaşı ermənidir. Bu, aydındır. Bu barədə “Russia Today”-də canlı olaraq fikrimi bildirdim. Bura onun ağrılı yeridir. Niyə azərbaycanlılar haqqında xoşagəlməz sözlər deyir? Həm də mənim ünvanıma? Bu mövzuda çıxışımdan sonra mənim haqqımda başqa heç nə demir. Bildiyimə görə, həyat yoldaşının sevgilisi azərbaycanlı idi. Arvadı Solovyovun, yoxsa azərbaycanlının ən yaxşı kişi olması sahəsində öz seçimini edib. Solovyovun qadınlara qarşı kini var. Onun həyat yoldaşı əsl kişinin kim olduğunu çoxdan anladı, amma bu, onun seçimidir, bu, demokratiyadır. Ona görə də Solovyov səhərdən axşama qədər Azərbaycanı və azərbaycanlıları təhqir edir və aşağılayır”, - deyə Elman Paşayev bildirib.

 

İndi təsəvvür edin: Solovyovun evinin yaxınlığında hansısa dükanda meyvə satan və ya hansısa teatrda (qoy kimsə məni millətimlə bağlı stereotipləri dəstəkləməkdə ittiham etməsin) tamaşa izləyən bir azərbaycanlı bir müddət bu erməni əsilli “Nataşanın” ərinin necə əbləh və yarıtmaz bir kişi olması barədə əhvalatlarına qulaq asıb, onun göz yaşlarını silib, bir qutu şokolad və şampanla (bahalı restoranda şam yeməyi və iri gül buketi ilə - yenə də kimsə insiməsin – Y.M.) “ah-naləsini” unutduraraq ovundurub, indi biz də düşmüşük bu xanımın ərinin qərəz məngənəsinə.

 

Odur ki, Rusiyaya bundan sonar gedəcək və artıq orada Putinin fərmanından sonra, sentyabrın 30-dək sənədlərini düzəldərək, deport edilmək istəməyən kişilərə bir daha mürciət edirəm: Amanın bir günündür, yapmayın! Yapanda da, maraqlanın görək, bunun əri-filanı kimdir. Yazığıq axı. Siz dincəlirsiz, sonra zibilinə bütün millət düşür. Jirinovski və Solovyov aydındır, indi gərək, araşdıraq ki, Milonov, Tarasov, Kolerov, Satanovski, Markedonov və sairlərinin nəslində azərbaycanlı və türklərin  rolu nədən ibarət olub...

Müəllif: Yoldaş Mircəfər