“Azərbaycandakı hərbçilərə muzdlu olmaları üçün müraciətlər daxil olur” - DEPUTAT

Cəmiyyət

06.06.2023 - 15:35

Siyavuş Novruzov: “Onlara müxtəlif formada vədlər verilir, əməkhaqları sadalanır ki, muzdlu şəkildə proseslərdə iştirak etsinlər”

Milli Məclis Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 10-cu bəndinə əsasən Mülki Məcəlləyə dəyişiklikləri ikinci oxunuşda təsdiqləyib. AYNA xəbər verir ki, Məcəlləyə dəyişikliklər hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşmüş hərbi qulluqçu və ya digər şəxsin ölmüş elan edilməsinə dair yeni proseduranı özündə əks etdirir. Bununla bağlı məsələ Milli Məclisin iyunun 6-da keçirilən növbədənkənar iclasının gündəliyində ikinci oxunuşda müzakirəyə çıxarılıb.

Qanun layihəsi Azərbaycan Respublikasının 2023-cü il 17 fevral tarixli 807-VIQD nömrəli və 24 fevral tarixli 822-VIQD nömrəli qanunlarının 41.2-ci maddəsinə dəyişiklikləri özündə ehtiva edir.

Sənədə əsasən, hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşmüş hərbi qulluqçu və ya digər şəxs hərbi əməliyyatların qurtardığı gündən azı iki il keçdikdən sonra məhkəmə qaydasında ölmüş elan edilə bilər. Təklif olunan dəyişiklik məhkəməyə şəxsin hərbi əməliyyatlarda həlak olduğunu güman etməyə əsas verən halları nəzərə alaraq, onu bu müddət bitməzdən əvvəl, lakin hərbi əməliyyatların qurtardığı gündən 6 aydan tez olmayaraq ölmüş elan etməsinə səlahiyyət verir.

Müzakirə zamanı deputat Siyavuş Novruzov bildirib ki, ayrı-ayrı ölkələrdə saytlar yaradılır və Azərbaycandakı hərbçilərə müraciətlər daxil olur: “Keçmiş Əfqanıstanda xidmət edən hərbçilərə də müraciətlər olur. Onlara müxtəlif formada vədlər verilir, əməkhaqları sadalanır ki, muzdlu şəkildə proseslərdə iştirak etsinlər. Hesab edirəm ki, bunun qarşısı ciddi şəkildə alınmalıdır. Bir çox vətəndaşımızı şirnikləndirmə yolu ilə vaxtı ilə İŞİD-ə cəlb etmişdilər. 988 nəfər azərbaycanlı orada iştirak edib və sonradan hamısı ölkədə müxtəlif cinayətlər törədib. Odur ki, buna yol verməməliyik və bunu qanunla tənzimləməliyik”.

Müzakirələrdən sonra qanun layihəsi ikinci oxunuşdan səsverməyə çıxarılaraq qəbul edilib.

Müəllif: Ayna.az