Azərbaycanda un və çörək bahalaşacaqmı – Yeni reallıq

Cəmiyyət

04.03.2022 - 20:24

Rusiyanın Ukraynaya qarşı müharibəsi taxılın qiymətinin artmasına səbəb oldu

Bu ilin əvvəlində buğdanın və unun bahalaşması Azərbaycanda çörəyin qiymət artımına səbəb olub. Un məmulatları bahalaşıb və çörək gözümüzün qabağında əriməyə başlayıb, getdikcə çəkisizləşib. Bahalaşma dünya bazarında qiymət artımı və ötən ilin fevralından Rusiyada yüksək ixrac rüsumunun tətbiqi ilə əlaqədar olub. Biz buğdanı əsasən bu ölkədən idxal edirik və orada baş verənlər bizə təsir etməyə bilməzdi. İndi vəziyyət daha da qorxuludur.

“MarketWatch” xəbər verir ki, Rusiyanın Ukraynaya qarşı müharibəsi səbəbindən taxıl tədarükünün mümkün kəsiləcəyi qorxusu fonunda buğda qiymətləri 2008-ci ildən bəri ən yüksək səviyyəyə qalxıb. Rusiya və Ukrayna dünyanın aparıcı taxıl ixracatçılarıdır və birlikdə dünya buğda ixracının təxminən üçdə birini bu ölkələr təşkil edir. Onu da qeyd edirik ki, Rusiyadan Çinə buğda idxalına qoyulan məhdudiyyətlər aradan qaldırılıb və Çin hazırda buğda və qarğıdalı da daxil olmaqla ehtiyatlarını aktiv şəkildə artırır.

Azərbaycanda taxılın və unun bahalaşması gözlənilirmi? Bu məsələ indi bir çox yerli istehlakçıları narahat edir, çünki çörək strateji məhsuldur və onun bahalaşması ağrılıdır.

Ölkəmizdə buğda əkilir, lakin daxili tələbatı ödəməyə kifayət etmir. Dövlət Statistika Komitəsinin 24 dekabr 2021-ci il tarixinə olan məlumatına görə, Azərbaycanda payızlıq bitkilər və yaşıl yem üçün əkin sahəsi 1 milyon hektardan çoxdur.

Belə ki, ən çox buğda əkinləri Cəlilabad (56,449 min ha), Şəki (32,319 min ha), Şamaxı (29,321 min ha), Füzuli (29,321 min ha), İsmayıllı (22,495 min ha), Hacıqabul (21,979 min ha) və Ağcabədi (19,655 min ha) rayonlarındadır. Azərbaycanın buğdaya illik tələbatı təqribən 3,5-4 milyon ton olduğu halda, hazırda cəmi 2 milyon tona yaxın istehsal olunur.

Kənd Təsərrüfatı Nazirliyindən verilən açıqlamaya görə, ölkənin idxaldan asılılığının azaldılması istiqamətində tədbirlər davam etdirilir. 2025-ci ilə qədər buğda əkini sahəsi 660 min hektara, 2030-cu ilə qədər isə 690 min hektara qədər artacaq. Məhsuldarlıq da artacaq. Buğda səpən fermerlərə subsidiyalar verilir.

Vəziyyəti AYNA-ua şərh edən iqtisadçı ekspert Natiq Cəfərli dünya bazarında taxılın qiymətinin sıçradığını və bundan sonra da artacağını deyib: “Bu həftə ərzində dünya bazarlarında taxılın qiyməti 15-18% artıb. Amma may-iyun aylarında mövsümi faktoru nəzərə alsaq, yeni məhsulla əlaqədar qiymətlər sabitləşməyə başlayacaq. Ümid edirəm ki, Rusiya ilə Ukrayna arasında hərbi münaqişə yaxın gələcəkdə bitəcək. Azərbaycanın 280 günlük taxıl ehtiyatı var, amma istənilən halda qiymət artımına hazırlaşmaq lazımdır”.

Mütəxəssisin sözlərinə görə, bu il Ukrayna dünya bazarına taxıl verə bilməyəcək: “Çünki döyüş əməliyyatlarının getdiyi belə bir şəraitdə yaz səpinini aparıb məhsul götürmək demək olar ki, ağlasığmazdır. Rusiya öz taxılının ixracının ya bahalaşacağını, ya da məhdudiyyətlərin olacağını nəzərə alaraq, daxili bazara daha çox diqqət yetirəcək”.

“Rusiyadan alacağımız malların ödənişində hələ də problemlər var. Bütün bank sistemi SWIFT-dən ayrılmayıb, lakin bu, gələcəkdə edilə bilər. O zaman Rusiya ilə Azərbaycan arasında ticarət əməliyyatlarının ödənişi xeyli mürəkkəbləşəcək. Bu, ölkə daxilində qiymətlərin kəskin artmasına səbəb ola bilər və Qazaxıstanla müqavilələri dərhal yeniləmək lazımdır. Biz alternativ axtarmalıyıq”, - deyə Cəfərli bildirib.

UNEC-in Beynəlxalq iqtisadiyyat kafedrasının dosenti Emin Qəribli isə AYNA-ya açıqlamasında söyləyib ki, mövcud vəziyyət Azərbaycanda taxılın qiymətinə o qədər də təsir etməyəcək: “Enerji qiymətlərinin artması və pandemiya kimi digər amillər daha çox təsir edəcək. Ona görə də dünya bazarında taxılın qiymətində artım gözlənilir”.

“Son iki-üç ildə taxıl istehsalçıları kənd təsərrüfatı məhsullarının qiymətinin lazımi səviyyədə artmamasından şikayətlənirlər. Hazırda, fors-major şəraitdən istifadə edən Rusiya və Qazaxıstan ixracatçıları taxılın qiymətini qaldıra bilərlər, lakin bu, baş verərsə, müvəqqəti xarakter daşıyacaq. Ümumiyyətlə, əminəm ki, vəziyyət nəzarətdə qalacaq”, - deyə həmsöhbətimiz vurğulayıb.

Dayanıqlı İnkişaf Araşdırmaları Mərkəzinin sədri Nəriman Ağayev əməkdaşımızla söhbətində xatırladıb ki, Azərbaycan Ukraynada taxıl əkmək üçün torpaq icarəyə götürüb, lakin bu il bu məsələ hələlik dayandırılacaq: “Rusiyanın indi təchizatla bağlı problemləri olacaq, amma ölkəmizlə belə bir çətinlik olmayacaq. Biz Qazaxıstandan bərk buğda da alacağıq. Azərbaycanda dolların məzənnəsi qalxdığı halda problemlər gözləmək olar, çünki biz malları dollarla alırıq”.

Olsun, amma ölkəmizdə bir çox sadə insanlar artıq ciddi şəkildə un almağı düşünürlər. Çünki bilirlər ki, hər hansı qeyri-sabit vəziyyətdə qiymətlər qalxır və bu zaman onların qarşısının alınması mexanizmləri ya dayanır, ya da ümumiyyətlə, yoxdur.

Müəllif: Elya Belskaya