Azərbaycanda realiti şou: 246 manatla bir ay dolan

İqtisadiyyat

25.11.2022 - 18:08

Ekspert: “Əmək qabiliyyətli insan belə standartlarla yaşaya bilərmi?!”

Vətəndaşlarımızın maaşları, pensiyaları bahalaşan qiymətlərlə ayaqlaşa bilmir. Bu səbəbdən sosial əhəmiyyətli göstəricilərin hesablanması ilə bağlı ilin sonu üçün ənənəvi olan suallar xüsusilə kəskinləşir.

Növbəti maliyyə ili üçün dövlət büdcəsinin layihəsi hazırlanarkən artıq yaşayış minimumunun yeni konturları ortaya çıxıb. Məlum olduğu kimi, bu, 246 manat təşkil edəcək və ilk dəfə olaraq ehtiyac meyarına bərabər olacaq. Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib ki, ehtiyac meyarı və yaşayış minimumu ünvanlı sosial yardımın hesablanmasında istifadə olunan göstəricilərdir və onların artırılması ünvanlı sosial yardımın məbləğinin gələn il 30 faiz artmasına şərait yarada bilər.

Bu əlavə artan qiymətlərlə ayaqlaşa bilərmi? Təbii ki, sosial əhəmiyyətli göstəricilərin artması həmişə sevindirici haldır, lakin vətəndaşların və analitik dairələrin nümayəndələrinin fikrincə, bu məbləğ birmənalı olaraq artan həyat xərclərini ödəməyə kifayət etmir.

İqtisadçı ekspert Natiq Cəfərli AYNA-ya şərhində deyib ki, istehlak səbətinin hesablamaları onun tərkibindən götürülüb və o, heyrətedicidir: “Nazirlər Kabinetinin 2014-cü il 6 iyun tarixli 182 nömrəli qərarı ilə təsdiq edilmiş hazırkı minimum ərzaq səbətinə əsasən, insanımızın yaşaması üçün ildə 136 kq 800 qram çörək və çörək məhsullarına ehtiyac olacaq. Bu, gündə 375 qram un məmulatı deməkdir. İstehlak səbətinin müəllifləri çörəyə dəymədilər, çünki bu, ən ucuz məhsuldur və ən əsası, kalori ehtiyatını "doldura" bilər. Çörəkdən sonra ikinci yerdə kartof gəlir. Onun illik istehlakı ildə 54 kq 800 qram, yəni gündə 150 qramdır. Azərbaycanlıların qida paketində “ikinci çörəyin” üstünlük təşkil etməsi də başadüşüləndir - bu məhsulun kalorisi də kifayət qədər yüksəkdir”.

Amma ət və ət məhsulları, xüsusilə balıq əhəmiyyətli dərəcədə azdır. Hökumət hesab edir ki, vətəndaşlarımıza ildə 32 kq 900 qram, yəni, gündə 90 qram ət  kifayətdir. Bundan başqa səbətə illik 7 kq, gündə 19 qram kərə yağı qoyulub. Balıq və balıq məhsulları - ildə 7 kq 700 qram, gündəlik norma isə cəmi 21 qramdır. Bitki yağı, marqarin və digər yağlar - illik 10 kq 900 qram və ya günədlik 29 qram hesablanıb.

“Əmək qabiliyyətli insan belə standartlarla yaşaya bilərmi? Yaşayış  səbətinin qeyri-ərzaq hissəsinin tərkibinə yanaşmalar da çox spesifikdir. Vətəndaşların 8 il müddətinə üç üst geyim - 2,5 il müddətinə bir gödəkçə və ya palto və doqquz ədəd alt paltarı almaq hüququ var. Beləliklə, 102 gün ərzində özünüzə yalnız bir qısa tuman ala bilərsiniz. Corab - il yarım üçün yeddi cüt və ya 78 gün ərzində bir cüt. 3,5 il üçün 6 cüt ayaqqabı almaq olar - 213 günə bir cüt”, - deyə Cəfərli bildirib.

İnternetdən istifadə dərəcələri xüsusilə təsiredicidir - hər ailə üçün gündə bir saat. Deməli, yaşayış minimumunun qeyri-real həddi və ehtiyac meyarı ilə bağlı suala cavabı uzaqda axtarmağa ehtiyac yoxdur. Axı bütün bunlar istehlak səbətinin belə meyarları əsasında hesablanır.

Həmsöhbətimizin sözlərinə görə, bizim rekord qıran qiymət artımı ilə hətta istehlak səbətinin verilən tərkibi də indi qat-qat baha başa gəlir: “Ölkəmizdə rəsmi statistika siyasi ritorikanın xidmətindədir. Və əgər biz real yaşayış minimumuna yaxın hesablamalar aparsaq, o zaman yoxsulluq həddindən aşağı olan insanların sayı, şübhəsiz ki, rəsmi olaraq elan edilən 5 faizi keçəcək. Düşünürəm ki, eksperiment xatirinə realiti-şou təşkil etməyin zərəri olmaz: könüllülərə bir ay ərzində 246 manat verin və görün bu pulla necə yaşayacaqlar. Yemək, kommunal xidmətlər, paltar, dərman və s. ehtiyaclarını ödəsinlər”.

İndiki inflyasiyanın tempi ilə minimum əmək haqqı və pensiya nə qədər olmalıdır? Bu suala cavab vermək üçün təkcə vətəndaşların istəklərini deyil, Dövlət Sosial Müdafiə Fondunun büdcəsinin imkanlarını da nəzərə almaq lazımdır. Millət vəkili Vahid Əhmədovun fikrincə, ölkədə minimum əməkhaqqı 500 manata qaldırılmalıdır. Amma belə bir fikir var ki, minimum əmək haqqının kəskin artırılması yeni qiymət dalğasına səbəb ola bilər. Sonuncu dəfə minimum əməkhaqqı həddi 2022-ci ilin yanvar ayının əvvəlində qaldırılıb və hazırda 300 manat təşkil edir.

Müəllif: Emma Rzayeva