Azərbaycan XİN başçısı İqor Popovla telefonda danışıb

Siyasət

04.10.2020 - 18:32

Ceyhun Bayramovla Minsk Qrupunun rusiyalı həmsədri ilə telefon danışığı olub

 

Oktyabrın 4-də Azərbaycan Respublikası Xarici İşlər naziri Ceyhun Bayramovun təşəbbüsü ilə və ATƏT-in Minsk Qrupunun rusiyalı həmsədri İqor Popov arasında telefon danışığı olub.

 

Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsindən AYNA-ya bildirilib ki, nazir Ceyhun Bayramov rusiyalı həmsədrinə bölgədəki artan gərginlik, xüsusən də Ermənistanın azərbaycanlı mülki şəxslərini və obyektlərini qəsdən atəşə tutması barədə məlumat verib. Nazir təmas xəttindən uzaqda yerləşən Azərbaycan şəhərlərini, o cümlədən Ermənistan ərazisindən Azərbaycanın ikinci ən böyük şəhəri olan Gəncəni hədəfə çevrilməsinin mülki əhali arasında itki və infrastrukturun məhv olması ilə nəticələndiyini vurğulayıb. Rusiyalı həmsədrə bu günə qədər Ermənistanın açdığı atəş nəticəsində 24 azərbaycanlı mülki şəxsin şəhid olduğu və 111 nəfərin isə yaralandığı barədə məlumat verilib. Ermənistan bu hərbi təxribatları həyata keçirməklə dinc əhalini terrora məruz qoymaq, hədələmək və çaxnaşma yaratmaq məqsədi güddüyü İqor Popovun diqqətinə çatdırılıb. Nazir bunun Ermənistanın siyasi-hərbi rəhbərliyinin terror taktikasının bir daha bariz nümunəsi olduğunu vurğulayıb.

 

İqor Popov bölgədəki gərginliyin artmasından ciddi narahatlığını ifadə edib və atəşkəsə əməletmənin əhəmiyyətini vurğulayıb.

 

Nazir Ceyhun Bayramov BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun olaraq, Ermənistanın bütün silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasının bölgədə sülhün təmin edilməsi üçün mühüm şərt olduğunu qeyd edib.

Müəllif: Ayna.az