“Azərbaycan xarici siyasətdə konkret dönüş edir” – <font color=red> SƏMƏD SEYİDOV</font>

Siyasət

04.09.2020 - 10:30

Deputat: “Rusiya Ermənistanla bağlı niyyətlərindən əl çəkəcək kimi görünmür, o zaman biz nə etməliyik?!”

 

Azərbaycan beynəlxalq siyasətində dəyişiklik istiqamətində addımlar atmaqdadır. Xüsusən də, bu ilin iyulunda Ermənistanın sərhədin Tovuz istiqamətində törətdiyi təxribatdan, gedən döyüşlərdən sonra rəsmi Bakı əvvəlki balanslı siyasətə yenidən göz gəzdirir. Konkret olaraq, söhbət Rusiya ilə münasibətlərin strateji əməkdaşlıq səviyyəsindən sadəcə bərabərhüquqlu qonşuluq əlaqələrinə keçidindən gedir. 

 

Tovuz döyüşləri ərəfəsində Rusiyanın işğalçı Ermənistana tonlarla silah-sursat göndərməsi faktı dönüş nöqtəsi oldu desək, yanılmarıq. Prezident İlham Əliyevin bu fakt üzrə Rusiya lideri Vladimir Putinə zəngi, haqlı iradları da göstərdi ki, iki ölkə arasındakı əlaqələr azalan tempə qədəm qoyub.

 

Avqust ayının əvvəlində Azərbaycanda Türkiyə və Azərbaycan hərbçilərinin genişmiqyaslı hərbi təlimləri, hər iki ölkə rəhbərliyi səviyyəsində verilən bəyanatlar, kifayət qədər açıq mesajlar idi.

 

Azərbaycan Prezidenti İlham Əliyevin sentyabrın 2-də Yunanıstanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Nikolaos Piperiqkosun etimadnaməsini qəbul edərkən açıq bəyanatları isə bu mülahizələri təsdiqləyir ki, rəsmi Bakı yeni xarici siyasət kursunu, addımlarını konkretləşdirir. Xüsusən də Şərqi Aralıq dənizi məsələsində İlham Əliyevin səfirə “Biz Türkiyə ilə təkcə dost yox, qardaş ölkələrik. Birmənalı şəkildə Türkiyəni dəstəkləyirik” ifadəsini iki dəfə təkrar səsləndirməsi, xarici siyasətimizdə Türkiyəyə daha da yaxınlaşma mərhələsində keçidi göstərir.

 

Prezidentin səfiri qəbul edərkən açıq tekstlə verdiyi bəyanatlar, xüsusən də işğalçı Ermənistana havadarlıq edən qüvvələrə konkret mesajları gündəmin əsas müzakirə mövzusuna çevrilib. Məsələ ilə bağlı AYNA-ya danışan Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov da deyib ki, xarici siyasətimizdə dəyişikliklər baş verir…

Səməd Seyidov yenidən AŞPA-nın vitse-prezidenti seçilib - AZƏRTAC –  Azərbaycan Dövlət İnformasiya Agentliyi

- Prezidentin səfirlə söhbətində dedikləri açıq, dürüst, Azərbaycanın milli maraqlarına tam şəkildə uyğun, cəsarətli və siyasi nöqteyi-nəzərdən yerində deyilən sözlər idi. Bunu vaxtında verilən siyasi bəyanat kimi qiymətləndirirəm. Cənab Prezidentin bu bəyanatı özündə vacib mesajı əks etdirir. Ölkə başçısının səfiri qəbul edərkən dediyi fikirlər Azərbaycanın xarici siyasətində köklü dəyişikliklərin baş verdiyini, yeni xarici siyasət kursunu özündə ehtiva edir, biruzə verir. Biz artıq öz içimizdə o gücə, o imkana malikik ki, məsələlərə açıq şəkildə öz münasibətimizi bildirə bilirik. Hesab edirəm ki, fikri açıq şəkildə bildirmək ilk növbədə Azərbaycanın qüdrəti, potensialı deməkdir. İkincisi, dünyada gedən proseslərdə Azərbaycanın mövcud rolunu və konkret olaraq yerini göstərməkdir. Bu gün Azərbaycan Prezidentinin dediyi sözlər faktiki olaraq dünyada beynəlxalq münasibətlər, ölkələrin biri-biri ilə əlaqələri çərçivəsində ölkəmizin konkret olaraq yerini, mövqeyini, gücünü, istiqamətini və gələcək addımlarını göstərdi.

 

- Yəni, beynəlxalq aləmə konkret mesajlar verildi...

 

- Səfirlə görüş qısa olmasına baxmayaraq, hesab edirəm ki, tarixi əhəmiyyət kəsb edir. Bu görüşdə ölkə başçımız tərəfindən verilən bəyanatlar içərisində təbii ki, Türkiyə məsələsi vardı. Azərbaycan-Türkiyə münasibətləri nəinki yeni mərhələdə, tamamilə başqa müstəvidə təqdim edildi. İki ölkənin birlik, strateji əhəmiyyət və strateji əlaqələr nöqteyi-nəzərindən yox, ondan da yüksək səviyyədə olduğu nümayiş olundu. Bununla həmçinin, regionda sabitliyi pozmağa cəhd göstərən işğalçı Ermənistana və onun havadarlarına Azərbaycanın güclü, məntiqli, düzgün siyasi mesajı göndərildi. Bu mesaj, yalnız Yunanıstana və Kiprə deyil, o cümlədən də Rusiya Federasiyasına göndərilmiş oldu. Prezidentimiz Azərbaycanın gücünü, qüdrətini və prioritet siyasətini, milli maraqlara əsaslanan siyasətini bəyan etdi, gündəmə gətirdi. Bir daha deyirəm, bu çıxış tarixi bəyanat kimi yaddaşa həkk olundu.

 

- Bu kontekstdə Azərbaycan-Rusiya münasibətlərinin bundan sonrakı vəziyyəti sual olaraq qalır. Tovuz döyüşləri ərəfəsində Rusiyanın işğalçı Ermənistana tonlarla silah göndərməsi rəsmi Bakını hövsələdən çıxardı. Və münasibətlərdə soyuqluq yarandı, bu gün də soyuqluq davam edir. Siz də bildirdiniz ki, Azərbaycan xarici siyasətində yeni mərhələyə qədəm qoyur. Necə hesab edirsiniz, bundan sonra Azərbaycan Rusiya ilə məsafəli siyasət yürüdəcək?

 

- Burada daha dərin proseslər gedir. Rusiyadan əvvəl Yunanıstanla bağlı məsələni qeyd etmək istəyirəm. Biz Yunanıstanın qaz şirkəti DESFA ilə bağlı tenderdə iştirak etdik, hətta, həmin layihənin alınması ilə bağlı pulu da köçürdük. Sonra nə oldu? Yunanıstan tərəfi əlindən gələni etdi ki, sözügedən layihə baş tutmasın. Nəticədə də layihə baş tutmadı. Azərbaycan tərəfi əks addım atmadı, amma əks addıma bərabər mesaj verdi. Rəsmi Bakı, konkret olaraq Prezident bildirdi ki, “Bizimlə əlaqə qurmaq istəmirsinizsə, qurmayın. Biz nə etdik? Sadəcə olaraq, xoş niyyətimizi ortaya qoyduq, əlimizdən gələni etdik, öz halal pulumuzu köçürdük. Hansı ki, bu pul 4 il müddətində sizdə oldu. Amma sonra sizin hökumətiniz elə bir qanun qəbul etdi ki, layihənin həyata keçirilməsi mümkün olmadı”. Prezident Yunanıstan səfirini qəbul edərkən bunları konkret şəkildə bildirdi.

 

- Və qayıdırıq əvvəlki suala - Azərbaycan-Rusiya münasibətlərinə...

 

- Azərbaycan Rusiya ilə münasibətlərin yüksək səviyyədə olması üçün hər şeyi edib. Rusiya mədəniyyətinin ölkəmizdə təbliği, rus dilinin qorunması, rus icmasının Azərbaycanda yüksək səviyyədə təmsil olunması, Milli Məclisdə Rusiya-Azərbaycan əlaqələrinin strateji əhəmiyyət kəsb etməsi ilə bağlı və s. hər bir addım atılıb. Rusiyanın maraqlarının beynəlxalq təşkilatlarda Azərbaycan tərəfindən müdafiəsi ilə əlaqədar əlimizdə faktlar var. Bunun əksinə, biz nəyi görürük? Cənab Prezident İlham Əliyev Rusiya Prezidenti Putinlə telefon danışığında da iradlarını bildirdi. Dünənə qədər təyyarə ilə Ermənistana silah daşınıb. Demək ki, Azərbaycan Rusiya ilə münasibətlərin yüksək səviyyədə olmasını istəyib, addımlar atsa da, Rusiya Ermənistanla bağlı mövqeyində qalır, Ermənistanın işğalçılığına göz yumur. Kreml bundan sonra da Ermənistanla bağlı niyyətlərindən əl çəkəcək kimi görünmür. Biz nə etməliyik?! Konkret olaraq oturub düşünməliyik. Zorla münasibətlərimizi yaxşılaşdırmaq istiqamətində addımlar atmaqdansa, düzgün, məntiqli və Azərbaycanın milli maraqlarına uyğun olaraq açıq siyasət aparmalıyıq. Bu siyasəti apardığımızı da Prezidentimiz açıq şəkildə bəyan edir. Necə ki, Yunanıstanla bağlı mövqeyini açıq dedi, eyniylə də Rusiya ilə bağlı mövqeyimizi ortaya qoyuruq. Bununla yanaşı, bu gün Azərbaycanın milli maraqlarına, müqəddəratına, müstəqilliyinə, gələcəyinə xidmət edən Azərbaycan-Türkiyə münasibətlərini ən yüksək səviyyədə inkişaf etdirmək, əməkdaşlığı yeni müstəviyə qaldırmaq siyasəti aparırıq. Bu, o deməkdir ki, artıq müttəfiq kimi yox, dost kimi yox, tarixi əlaqələr kimi yox, qardaş münasibətləri bundan sonra ən yüksək xəttə olacaq. Fikir verdiniz yəqin ki, cənab Prezident səfiri qəbul edərkən, Şərqi Aralıq dənizi ilə bağlı məsələlərə vaxt sərf edib ciddi təhlil etmədi. Konkret olaraq bildirdi ki, Türkiyənin Şərqi Aralıq dənizi məsələsindəki mövqeyini birmənalı şəkildə dəstəkləyirik. Bu, açıq mesaj idi. Çox da ki, Avropa hansısa beynəlxalq qanunu, xəritələri, tarixi müqavilələri gündəmə gətirir. Prezident İlham Əliyev Azərbaycanın qəti mövqeyini ortaya qoydu. Açıq şəkildə görünür ki, Azərbaycan xarici siyasətində konkret dönüş edir. Yeni mərhələyə, yeni münasibətlər səviyyəsinə qədəm qoyuruq.

Müəllif: Anar Bayramoğlu