İlham Əliyev: "Daha bəsdir, öz evlərimizdə özümüz yaşayacağıq. Onlar da gedib öz vətənlərində yaşasınlar"
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva işğaldan azad olunmuş Qubadlı və Zəngilana səfər edib.
AYNA-nın məlumatına görə, dövlət başçısı işğaldan azad olunmuş ərazilərə səfər edərkən avtomobili özü idarə edib.
Ali Baş Komandan ərazidə olarkən dağıdılmış evləri göstərib, təəssüratlarını bölüşüb:
"Evlər faşistlər tərəfindən dağıdılıb. Heç ikinci dünya müharibəsində faşistlər belə vəhşilik törətməyiblər. Ermənilər bizim evlərimizdə yaşayıblar. Daha bəsdir, öz evlərimizdə özümüz yaşayacağıq. Onlar da gedib öz vətənlərində yaşasınlar. Baxın, talançılar evləri nə günə qoyublar. Mən hələ müharibədən əvvəl deyirdim ki, bizim bütün şəhərlərimiz, kəndlərimiz talan edilib. Ermənilər dam örtüklərini, pəncərə çərçivələrini, hər şeyi aparıblar. Açıq-aşkar oğurluq ediblər. Bizim torpaqlarımız istismar ediblər. Gələsən başqasının torpağını zəbt edəsən, insanları evsiz-eşiksiz qoyasan, sonra da onların evində yaşayasan, xarabalığa çevirəsən, ardınca deyəsən ki, bu, qədim erməni torpağıdır. Saxtakarlar, oğrular, yalançılar, vəhşilər bizim torpaqlarımızı 30 ilə yaxın müddət ərzində işğal altında saxlamışdı. Bütün bu video sənədlər hüquqi müstəvidə bizim təzminat davamız üçün əşyayi-dəlil kimi olacaq.
Görün biz hansı vəhşi düşmənlə üz-üzə idik. Hansı şər qüvvələri biz məğlub etdik. Bölgəmizi, Qafqazı faşistlərdən azad etdik. Bütün bu kəndləri bərpa edəcəyik. Amma ilk növbədə bütün dağıntılar sənədləşdiriləcək, qeydiyyata alınacaq".