Azərbaycan əsgərləri müdafiə nazirinin əmrini pozub? - VİDEO

Siyasət

03.10.2023 - 18:08

Faktlar çox da uzağa aparmır: görünən dağa bələdçi lazım deyil

Ermənistan mediası Azərbaycanın Kəlbəcər rayonunun Çərəktar kəndi yaxınlığında (erməni dilində Çaraktar) yerləşən monastırı guya Azərbaycan əsgərlərinin atəşə tutması ilə bağlı videogörüntü yayıb. Bununla bağlı erməni kilsəsi beynəlxalq strukturlardan müvafiq cavab tələb edib və qeyd edib ki, o, “Bakının Qarabağda erməni dini və mədəni irsini məhv etməyə yönəlmiş siyasətini pisləyir”.

Erməni kilsəsi də hesab edir ki, bunun fonunda “ermənilərin və azərbaycanlıların Qarabağda dinc yanaşı yaşaması barədə söhbətlər getdikcə qeyri-reallaşır”.

Yaxşı, həqiqətən nə baş verdi? Yayılan videogörüntülərə diqqətlə baxsaq, döyüşün necə getdiyini görə bilərik, bu zaman Azərbaycan əsgərləri monastır tərəfə atəş açır, ancaq dini tikilinin özünə deyil.

Onu da qeyd etmək lazımdır ki, bu günə qədər monastır tam qorunmayıb, ancaq xarabalıqda qalıb. Yəni Azərbaycan hərbçilərinin onsuz da xaraba vəziyyətdə olan monastırı dağıtmaq niyyəti yox idi. Çox güman ki, bu istiqamətdə silahlı separatçılar məskunlaşmışdı və o istiqamətdən Azərbaycan hərbçiləri atəşə tutulurdu.

Üstəlik, Azərbaycan hərbçiləri müdafiə nazirinin qanuni hərbi obyektləri atəşə tutmaq əmrini poza bilməzdilər. Videonu Azərbaycan hərbçiləri özləri çəkib. Razılaşın ki, guya müdafiə nazirinin əmrini necə pozduqlarını əks etdirən kadrları göstərmək çox axmaqlıq və düşüncəsizlik olardı.

Qəribədir ki, vandalizmdə günahkar Çərəktar kəndinin erməni sakinləridir. Belə ki, 2020-ci il noyabrın 10-da Üçtərəfli Bəyannamənin imzalanmasından sonra yerli sakinlər kəndin Azərbaycana qaytarılacağını güman edirdilər. Evlərini yandırıb tələsik kəndi tərk etdilər, orta məktəb binasını da dağıtdılar. Sakinlərdən biri, 4 uşaq atası, azərbaycanlılara heç nə qoymadan kəndi tərk etdiyini bildirərək, “Reuters” agentliyinin müxbirinin kamerası qarşısında nümayişkaranə şəkildə evini yandırıb. Bir gün sonra məlum olub ki, 1993-cü ildə ermənilər tərəfindən işğal edilən və adı ermənicə Çaraktar kimi dəyişdirilən Çərəktar kəndi Rusiya sülhməramlılarının müvəqqəti dislokasiya zonasında qalıb.  

İşğal altında olan Azərbaycan torpaqlarında yaşayan ermənilər özlərini belə aparırlar. “Yaradıcı xalq”ın nümayəndələri Azərbaycan torpaqlarını tərk edərək evləri, meşələri yandırıb, özləri ilə unitazları götürür, mərhum qohumlarının tabutlarını çıxarır, yanmış torpaq qoyub gedirlər. Və sonra işğal illərində məscidləri donuzxanaya, anbara çevirdiklərini, müsəlman qəbiristanlıqlarını dağıdıb, sonra murdarladıqlarını unudub, Azərbaycan hakimiyyətini Qarabağın xristian irsinə qarşı vandalizmdə ittiham edirlər.

Ermənilər tərəfindən Azərbaycanın tarixi-mədəni irsinin məqsədyönlü şəkildə məhv edilməsi təkcə ölkəmizə qarşı deyil, həm də ümumbəşəri dəyərlərə qarşı vandalizm aktıdır. Azərbaycanın maddi, mədəniyyət və dini abidələrinin dağıdılması, talan edilməsi və mənimsənilməsi onilliklər ərzində Ermənistanın təcavüzkar siyasətinin tərkib hissəsidir.

Erməni vandalizminin əsasını bu ərazilərin həmişə onlara məxsus olduğunu bəyan etmək üçün tarix və mədəniyyət abidələrinin erməni mənşəli olduğunu sübut edə bilməmək təşkil edirdi. Digər səbəb azərbaycanlılara qarşı zooloji nifrətdir. Lakin bu günlərdə Azərbaycan nümayəndələrinin Qarabağ ermənilərinə tibbi yardım, yanacaq, su və yemək verilərkən onlara göstərdiyi münasibət onlarla sülh və əmin-amanlıq şəraitində yaşamaq səmimi niyyətindən xəbər verir. Bu gün uydurma nağıllar və dəhşət hekayələri əvəzinə erməni din xadimlərinin danışacağı mövzu əslində bu olmalıdır.

Müəllif: Asif Aydınlı