Azad ərazilərdə aşkarlanmış kütləvi məzarlıqlardan 500-ə yaxın insan qalığı tapılıb

Cəmiyyət

30.08.2023 - 14:43

Həkimlər Klinikalar SEO Xidməti

Kütləvi məzarlıqlarda aşkar edilmiş qalıqlardan 4-ü mülki şəxslərə, qalanlar hərbi qulluqçulara aid olub

Azərbaycan Respublikasının Əsir və İtkin Düşmüş, Girov Götürülmüş Vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi qrupunun topladığı şahid ifadələri və materiallar əsasında Xocavənd rayonunun Edilli kəndində aşkar edilən kütləvi məzarlıqda Ermənistan silahlı qüvvələri tərəfindən işğal dövründə girovluqda saxlanılarkən qətlə yetirilmiş 15-20 nəfər azərbaycanlı mülki şəxsin nəşinin 3 metr dərinlikdə basdırıldığı məlum olub. Eləcə də Edillidə tapılmış məzarlıqda basdırılmış Azərbaycan hərbi qulluqçularının əl və ayaqlarının məftil və ya kəndirlə bağlanması kimi faktlar aşkarlanıb.

AYNA xəbər verir ki, bu faktlar Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (ombudsman) Səbinə Əliyevanın Birinci Qarabağ müharibəsi dövründə itkin düşmüş azərbaycanlılarla bağlı hazırladığı hesabatda öz əksini tapıb.

Qeyd edilib ki, bu istiqamətdə aparılmış növbəti tədbirlər zamanı Xocalı rayonu ərazisindəki Fərrux yüksəkliyində bir neçə insana aid naməlum meyit qalıqları aşkarlanıb. Fərrux kəndi yaxınlığında tapılmış qalıqların ekspertizası nəticəsində Ermənistan tərəfinin iddialarının əksinə olaraq, insanların heç bir qəbirüstü abidə və ya tanınma lövhəsi olmadan dəfn edildiyi və antropoloji təhlilə əsasən həmin insan qalıqlarının Azərbaycan türklərinə aid olduğu üzə çıxıb.

Əsir və İtkin Düşmüş, Girov Götürülmüş Vətəndaşlarla əlaqədar Dövlət Komissiyasında 62 nəfər Azərbaycan hərbçisi Birinci Qarabağ müharibəsi zamanı 1992-1993-cü illərdə Fərrux yüksəkliyi uğrunda döyüşlərdə itkin düşmüş şəxs kimi qeydiyyata alınıb. Eyni zamanda, toplanmış məlumatlara əsasən, Fərrux yüksəkliyinin yaxınlığında yerləşən, Xocalı rayonunun Pirlər kəndində 46, Ağdam rayonunun Əliağalı kəndində 11 nəfər Azərbaycan hərbçisi itkin düşüb.

Şuşada da bu günədək bir neçə kütləvi məzarlıq aşkarlanıb. Xüsusilə Şuşa həbsxanası ərazisində aşkarlanmış məzarlıqlarda insanlara işgəncə verilməsinin izləri aşkarlanmış, baş və bədənin ayrı basdırılması, qarın boşluğunda mismarların olması və sair kimi hallar məlum olub. İnsan qalıqlarının tapıldığı bu cür kütləvi dəfn yerlərindən sonuncusu isə çirkab quyusunda aşkarlanıb.

Ümumilikdə, azad edilmiş ərazilərdə aşkar edilmiş kütləvi məzarlıqlardan 500-ə yaxın insan qalığı tapılıb. Bu günədək aparılmış eyniləşdirmələr nəticəsində 4000-ə yaxın itkin düşmüş hesab edilən şəxsdən 15 nəfərin şəxsiyyəti müəyyən edilmiş, onların qalıqları ailələrinə təhvil verilərək adətlərə uyğun şəkildə dəfn mərasimləri keçirilib. Kütləvi məzarlıqlarda aşkar edilmiş qalıqlardan 4-ü mülki şəxslərə, qalanlar isə hərbi qulluqçulara aid olub. Aşkar olunmuş kütləvi məzarlıqlar və insan qalıqları Birinci Qarabağ müharibəsində ermənilərin törətdiyi cinayətlərin bariz nümunəsidir və Ermənistanın azərbaycanlılara qarşı apardığı soyqırımı siyasətini bir daha sübut edir.

Müəllif: Ayna.az