Beş İran vətəndaşı “qara siyahı”ya salınıb
Avstraliya İrana qarşı sanksiyaları genişləndirərək, beş İran vətəndaşının “qara siyahı”ya salındığını açıqlayıb. Bu addıma insan hüquqlarının pozulması əsas göstərilib. AYNA xəbər verir ki, bu barədə Avstraliya Xarici İşlər Nazirliyinin rəhbəri Penni Vonq məlumat verib.
“Məhsa Əmininin faciəli ölümünün ikinci ildönümünü qeyd etmək üçün Avstraliya hökuməti əlavə beş İran vətəndaşına qarşı məqsədyönlü iqtisadi sanksiyalar və səyahət qadağaları tətbiq edir. Bu gün hədəfə alınanlar arasında yüksək vəzifəli təhlükəsizlik və hüquq-mühafizə orqanlarının əməkdaşları da var”, - Vonq bildirib.
Nazir həmçinin qeyd edib ki, Avstraliya 195 İran vətəndaşı və biznesinə qarşı məqsədyönlü sanksiyalar tətbiq edib: “Bu tədbirlər İranı insan haqlarının pozulmasına görə məsuliyyətə cəlb etmək əzmimizi nümayiş etdirir”.
Rəsmi versiyaya görə, polis 22 yaşlı Məhsa Əmini 2022-ci ilin sentyabrında düzgün hicab geyinmədiyi üçün saxlayıb. Dindirilmə zamanı o, infarkt keçirib və bu səbəbdən dünyasını dəyişib. Lakin sosial şəbəkələrdə Əmininin polis tərəfindən döyüldüyü barədə məlumat yayılıb. Oktyabrın 7-də İranın Ədliyyə Tibb Təşkilatı qızın ölüm səbəbi ilə bağlı rəsmi hesabat dərc edib və onun xəsarət almadığını bildirib.