Fond Avropa İnvestisiya Bankının, həmçinin Fransa, Almaniya, İtaliya və Polşa hökumətlərinin iştirakı ilə yaradılıb
Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen Ukraynada ən böyük özəl kapital fondunun yaradıldığını açıqlayıb. AYNA.AZ xəbər verir ki, Avropa Komissiyasının saytında dərc edilən açıqlamaya görə, fondun ilkin kapitalı 220 milyon avro olacaq. 2026-cı ilə qədər avropalı müttəfiqlərin də cəlb edilməsi ilə vəsaitin ümumi həcminin 500 milyon avroya çatdırılması gözlənilir.
Fonddan əlavə fon der Leyen Ukraynaya 2,3 milyard avro məbləğində yeni maliyyə dəstəyi paketi təqdim edib. Bu vəsaitlərə 1,8 milyard avro kredit zəmanəti və digər 580 milyon avro qrant yardımı daxildir. Ümumilikdə proqramın 10 milyard avroya qədər əlavə investisiya cəlb edəcəyi gözlənilir.
Ukraynada özəl kapital fondu Avropa İnvestisiya Bankının, həmçinin Fransa, Almaniya, İtaliya və Polşa hökumətlərinin iştirakı ilə yaradılıb. Onun vəzifəsi birbaşa investisiyalar cəlb etmək, biznes infrastrukturunu inkişaf etdirmək və bazar oyunçularını birləşdirməklə Ukrayna iqtisadiyyatını dəstəkləməkdir.
Avropa Komissiyası vurğulayıb ki, fond ölkənin uzunmüddətli bərpasına yönəlmiş investisiya ekosisteminin mühüm hissəsi olacaq.
"Bu gün Aİ təkcə əsas donor kimi deyil, həm də Ukraynanın gələcəyinin əsas investoru kimi öz rolunu təsdiqləyir. Biz evlərin bərpası, xəstəxanaların açılması, biznesin bərpası və enerji təhlükəsizliyinin təmin edilməsi üçün 2,3 milyard avro dəyərində müqavilələr imzalamışıq. Bu, fəaliyyətdə həmrəylikdir. Ukrayna Aİ-yə hər gün yaxınlaşır - enerji, təhsil, bu gün Ukrayna və ukraynalıların yanındadır", fon der Leyen bildirib.