İspaniya və Belçika Fələstin-İsrail münaqişəsinin müstəqil Fələstin dövlətinin yaradılması yolu ilə həllini təklif ediblər
İspaniya və Belçika Avropa İttifaqı (Aİ) adından Fələstin-İsrail münaqişəsinin müstəqil Fələstin dövlətinin yaradılması yolu ilə həllini təklif ediblər. AYNA xəbər verir ki, bu barədə İspaniyanın “El Pais” nəşri məlumat yayıb.
Aİ-nin Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Cozef Borrell bütövlükdə sülh prosesi haqqında danışmağı dayandırmağı, bunun əvəzinə “iki dövlətli həll” təklifini irəli sürüb. Avropa diplomatiyasının rəhbəri əlavə edib: "Biz həqiqətən sülhə nail olmağa çalışırıq”.
İsrail hakimiyyətinin Borrelin təklifi ilə razılaşmamasına baxmayaraq, o sülh konfransının keçirilməsində israr edib. Bu təşəbbüs həm öz adından, həm də Aİ Şurası tərəfindən “dərhal atəşkəs” tələbi ilə İsrailə təzyiq göstərən İspaniya və Belçika nümayəndələri tərəfindən dəstəklənib. Hər iki dövlət öz ölkələrində münaqişə tərəflərini qəbul etməyə hazır olduqlarını bildiriblər.
Bundan əvvəl Aİ-nin Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə rəhbəri Cozef Borrell Qırmızı dənizdəki böhran fonunda dəniz gəmilərini qorumaq üçün Aİ-nin xüsusi missiyasının yaradıldığını elan edib.