Avromissiya: "fransızca" sülhə nəzarət?

Siyasət

26.01.2023 - 10:21

Həkimlər Klinikalar SEO Xidməti

Deputat: “Fransa nəyin bahasına olursa-olsun Cənubi Qafqazda yerləşmək istəyir”

Hərbi ekspert: “Mülki müşahidə missiyası patrul xidməti həyata keçirə bilməz”

Avropa İttifaqı (Aİ) Şurası Ümumi Təhlükəsizlik və Müdafiə Siyasəti (CSDP) çərçivəsində Ermənistanda Aİ-nin mülki missiyasının (EUMA) yaradılmasına razılıq verib. Bununla bağlı yayılan açıqlamada qeyd olunur ki, missiyanın məqsədi Ermənistanın sərhədyanı ərazilərində sabitliyə, regionda etimadın yaranmasına töhfə vermək və Aİ tərəfindən dəstəklənən Ermənistanla Azərbaycan arasında normallaşma səyləri üçün əlverişli mühiti təmin etməkdir. Xatırladaq ki, bir müddət öncə Aİ Ermənistan-Azərbaycan sərhədinə iki aylıq missiya yollamışdı.

“Ermənistanın istəyinə cavab olaraq, EUMA müntəzəm patrul xidməti həyata keçirəcək və vəziyyətlə bağlı hesabat verəcək, bu da Aİ-nin yerdəki vəziyyətlə bağlı məlumatlılığını gücləndirəcək. Missiya həmçinin Avropa Şurasının Prezidenti Şarl Mişelin rəhbərlik etdiyi proses çərçivəsində vasitəçilik səylərinə töhfə verəcək”, - deyə Aİ-dən bildirilib.

Missiyanın müddətinin iki il olacağı vurğulanıb: “EUMA-nın ilkin mandatı iki il olacaq və onun Əməliyyat Qərargahı Ermənistanda yerləşəcək. Mülki Əməliyyatlar Komandiri Aİ-nin Xarici Fəaliyyət Xidmətinin Mülki Planlaşdırma və Davranış Qabiliyyəti (CPCC) departamentinin idarəedici direktoru Stefano Tomat olacaq. Yaxın gələcəkdə regionda əməliyyatlara rəhbərlik edən missiya rəhbəri təyin ediləcək”.

Aİ-nin Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell qeyd edib ki, Ermənistanda missiyasının yaradılması təşkilatın Cənubi Qafqazdakı fəaliyyətində yeni mərhələyə start verir: “Aİ gərginliyin azaldılması səylərini dəstəkləməyə davam edəcək. Aİ regionda davamlı sülhün əsas məqsədinə doğru hər iki tərəflə yaxından işləməyə sadiq olaraq qalır”.

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Avropa İttifaqının son qərarı ilə bağlı bəyanat yayıb. Bəyanatda bildirilir ki, bu qərar Azərbaycan tərəfi ilə razılaşdırılmadan qəbul edilib: “Avropa İttifaqı missiyasının mövcudluğunun hazırkı dialoq mexanizmlərinə qarşı sui-istifadəsi təhlükəlidir və bundan çəkinilməlidir. Belə bir fəaliyyətin, sırf ikitərəfli əsasda həyata keçirilməli olan sərhədlərin delimitasiyası prosesi də daxil olmaqla Azərbaycan və Ermənistan arasında normallaşma prosesinə xələl gətirmək məqsədilə sui-istifadə edilməməli olduğuna dair öz qəti mövqeyimizdə qalırıq”.

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Arzu Nağıyev mövzu ilə bağlı AYNA-ya açıqlamasında deyib ki, Avropa İttifaqının son qərarı Azərbaycan-Ermənistan danışıqlarına mane olacaq: “Qərarda qeyd olunur ki, Avropa İttifaqının mülki missiyası Ermənistan ərazisində yerləşdiriləcək. Məlumdur ki, bundan öncə adıçəkilən qurum əraziyə iki aylıq missiya yollamışdı. 40 nəfərdən ibarət olan bu missiyanın heç bir rolu olmadı. Bu dəfə isə daha böyük missiya ilə gəlirlər. 200 nəfərlik missiyanın tərkibinin hansı şərtlər altında seçilməsi də qaranlıqdır. Tamamilə mümkündür ki, missiyanın üzvləri xüsusi xidmət orqanlarının əməkdaşları arasından seçilsin”.

“Görünən odur ki, nəyin bahasına olursa-olsun, Fransa Cənubi Qafqazda yerləşmək istəyir. Müttəfiqləri də onun bu qərarını dəstəkləyirlər. Bir halda ki, Ermənistan bu missiyanı dəvət edib, bu halda rəsmi İrəvan borcludur ki, onların təhlükəsizliyinə təminat versin. Qeyd olunur ki, onlar bütün Ermənistan ərazilərini patrul edəcəklər. Qərar var, amma onun təfsilatı tam açıqlanmır”,- deyə həmsöhbətimiz bildirib.

Deputatın sözlərinə görə, missiyanın iki il müddətinə seçilməsi təsadüfi deyil: “2025-ci ildə Rusiya sülhməramlı kontingentinin ərazidəki missiyası başa çatır. Birmənalı şəkildə söyləmək olar ki, Qərb-Rusiya mübarizəsində Ermənistan tərəf kimi çıxış edir. Heç şübhəsiz, Avropa mülki missiyasının Ermənistanda yerləşdirilməsi də Rusiyaya təzyiq vasitəsi kimi nəzərdə tutulur. Yəqin ki, Gürcüstanda olan missiyadan da bu məqsədlə istifadə edəcəklər”.

“Ermənistanın siyasi rəhbərliyi, konkret olaraq Nikol Paşinyan Avropa təsisatlarının Cənubi Qafqazda mövqe sahibi olmasında israr edir. Ermənistan Rusiyadan müəyyən məsafədə dayanmaq istəyir və onun bu niyyətinə Avropa da dəstək verir. 200 nəfərlik mülki missiyasının yerləşdirilməsi həm də bu məqsədə xidmət edir. Burada Ermənistan sərhədlərindən danışılır. Amma hansı sərhədlərin nəzərdə tutulduğu öz əksini tapmır. Azərbaycanla Ermənistan arasında sərhədlərin delimitasiyası başa çatmayıb və bu baxımdan verilən qərar ziddiyyətlidir”, - deyə Nağıyev vurğulayıb.

Əlavə edib ki, hələlik, yalnız qərar qəbul olunub və kağız üzərindədir: “Bu missiyanın hansı məqsədlər üçün gəldiyi, sülh prosesinə faydalı olub-olmadığı yaxın gələcəkdə məlum olacaq. Bu, zaman məsələsidir. Lakin bir həqiqət var ki, bu missiya heç də iddia olunduğu kimi, sülh prosesinə fayda verməyəcək. Əksinə, danışıqlar prosesinə mane olacaq. Çünki birtərəfli qaydada həyata keçirilib və bu qərar Azərbaycanın razılığı olmadan qəbul edilib”.

Baş verənləri AYNA-ya şərh edən hərbi ekspert Üzeyir Cəfərovun dediyinə görə, mülki müşahidə missiyası patrul xidməti həyata keçirə bilməz: “Bu, olmamalıdır. Təcrübədə rast gəlinməyib. Bəs onda niyə mülki müşahidə missiyası patrul xidməti həyata keçirir? Görünən odur ki, burada başqa məkrli niyyətlər var. Digər yandan, elan olunur ki, bu patrul xidmətini Ermənistanda həyata keçirəcəklər. Azərbaycanın razılığı olmadan və delimitasiya prosesi həyata keçirilmədən bu, necə baş verəcək? Kim zəmanət verir ki, onlar sabah Ermənistanın sərhədləri adı altında Azərbaycanın ərazilərinə daxil olmayacaqlar? Bu, sabah gərginliyə səbəb olsa, nə baş verəcək?”.

“Suallar çoxdur, amma dəqiq cavabı yoxdur. Bu missiya iki il müddətinə gəlir. Bundan sonra yəqin ki, bu zamanı uzatmağa çalışırlar. Ermənistan istəyir ki, Avropa İttifaqı adı ilə Fransa əraziyə yerləşdirilsin. Məqsəd budur”, - deyə müsahibimiz qeyd edib.

Cəfərov əmindir ki, Azərbaycan Aİ qarşısında ciddi şəkildə məsələ qaldırmalıdır: “Tələb edilməlidir ki, daha təfsilatlı məlumat verilsin. Missiyanın fəaliyyətinin nədən ibarət olacağı, konturları müəyyən olunmalıdır. Neçə il ərazidə qalacaqlar, sonradan bu vaxt uzadılacaqmı, delimitasiya prosesi həyata kerçirilmədən Ermənistanın hansı sərhədlərini patrul edəcəklər və s. Azərbaycan Avropa İttifaqından tələb etməlidir ki, göndərdikləri missiya ortaya ciddi və problemin həllinə yönəlik iş qoymaq üçün 10 noyabr üçtərəfli bəyanatının tələblərinin Ermənistan tərəfindən icra edilib-edilmədiyinin monitorinqini aparsın və bununla bağlı hesabat hazırlasın”.

Müəllif: Azər Niftiyev