Şalva Papuaşvili: "Qətnamənin bizim tərəfimizdən heç bir dəstəyi olmayacaq"
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Gürcüstanın sabiq Prezidenti Prezidenti Mixail Saakaşvilinin siyasi məhbus kimi qeyd olunduğu qətnamə Tbilisidə pislənilib. AYNA gürcü mediasına istinadən bildirir ki, Gürcüstan Parlamentinin sədri Şalva Papuaşvili AŞPA-nın qətnaməsini Gürcüstan dövlətinə hücum adlandırıb.
“Bu, birbaşa Gürcüstan dövlətinə hücumdur... Təbii ki, belə bir qətnamənin bizim tərəfimizdən heç bir dəstəyi olmayacaq. Bu, hamıya aydın olmalıdır”, - spiker söyləyib.
Xatırladaq ki, AŞPA-nın müvafiq qətnaməsində Saakaşvilinin həbsdən azad edilməsinin zəruriliyi vurğulanıb.
Bundan əvvəl vəkil Valeri Qelbaxiani bildirib ki, Saakaşvili Gürcüstan siyasətindən getmək, eləcə də rəhbərlik etdiyi Vahid Milli Hərəkat Partiyasını tərk etmək niyyətindədir.