Azərbaycanlı iş adamı güllələndi

Hadisə

25.07.2019 - 21:14

Naməlum şəxslərin açdığı 4 atəş nəticəsində yaralanıb

 

İstanbulun Mərtər rayonunda azərbaycanlı iş adamı tapançadan açılan atəş nəticəsində yaralanıb. AYNA yenicag.az-a istinadən xəbər verir ki, azərbaycanlı iş adamı ailə üzvləri ilə axşam saatlarında evə qayıdarkən, yaşadığı binanın qarşısında silahlı hücuma məruz qalıb.


Məlumata görə, iş adamı naməlum şəxslərin açdığı 4 atəş nəticəsində ayağından güllə yarası alıb. Yaralı iş adamı dərhal xəstəxanaya çatdırılıb. Araşdırmalarımız nəticəsində İstanbulda yaralanan şəxsin iş adamı Rasim Babayev olduğu müəyyən edilib.

 

O, 2003-2010 ci illərdə istanbul Memar Sinan Universitetinin Memarlıq fakültəsində Dövlət Xətti ilə (TCS) təhsil alıb. Təhsil müddətində fəal tələbələrdən olan Rasim Babayev universiteti bitirdikdən sonra "ByButa Tour" turizm şirkətini quraraq, biznes fəaliyyətinə başlayıb. İş həyatı zamanı hər zaman həmyerlilərimizə və Türkiyədə təhsil alan azərbaycanlı tələbələrə dəstək olan Babayev İstanbulda fəaliyyət göstərən xeyriyyəçi Azərbaycan dərnəyinin də qurucu üzvlərindən biridir.


Ehtimala görə, Rasim Babayevə sui-qəsd edilməsinin əsas səbəbi onunla köhnə iş ortaqları arasında baş vermiş narazılıqlardır.

 

Müəllif: Ayna.az