Sabiq Prezidentə əlavə 631.540 lari ödəmək cəzası verilib
Gürcüstan Apelyasiya Məhkəməsi Tiflis Şəhər Məhkəməsinin keçmiş Prezident Mixail Saakaşviliyə və Dövlət Təhlükəsizlik Xidmətinin keçmiş rəhbəri Teymuraz Canaşiyaya dövlət büdcəsinə 8.392.827 lari ödəməyi əmr edən qərarını qüvvədə saxlayıb.
AYNA.AZ gürcü mediasına istinadən bildirir ki, müdafiə tərəfi Tiflis Şəhər Məhkəməsinin qərarından Apelyasiya Məhkəməsinə şikayət edib.
Xüsusilə, Şəhər Məhkəməsi Saakaşvili və Canaşiyanın dövlət büdcəsinə ümumilikdə 8.392.827 lari ödəməli olduqlarını müəyyən edib. Bundan əlavə, Saakaşviliyə əlavə 631.540 lari ödəmək cəzası verilib.
Xatırladaq ki, Gürcüstanın keçmiş Prezidenti və Dövlət Təhlükəsizlik Xidmətinin keçmiş rəhbəri Gürcüstan Cinayət Məcəlləsinin 182-ci maddəsinin 2 və 3-cü hissələri ilə - bir qrup şəxs tərəfindən əvvəlcədən sui-qəsd yolu ilə, vəzifə səlahiyyətlərindən istifadə edərək külli miqdarda pulun qanunsuz mənimsənilməsi ilə ittiham olunublar. Bu işdə Saakaşvili səkkiz il həbs cəzasına məhkum edilib, Canaşiya isə 300.000 lari cərimələnib. Daha sonra dövlət onlara qarşı mənimsənilən vəsaitin geri qaytarılması üçün mülki iddia qaldırılıb ki, bu vəsait təxminən 9 milyon lari təşkil edir.