Ana dili milli kimlik, xarici dil ümumvətəndaş pasportudur

Cəmiyyət

06.03.2022 - 10:41

Və ya: “Nə qədər çox dil bilirsənsə, bir o qədər çox insansan”

Bu həqiqəti çox insan dərk edir. Az qala hər kəs bunu da qəbul edir ki, təkcə ana dilində anlamaq, danışmaq daha heç bir halda yetərli deyil, ola da bilmir. Buna görə də həvəsi və imkanı olan kəslər ən azından ikinci bir dilə yiyələnməyə can atırlar. 

Ümumi baxdığımızda hamımızın bağçada, orta və ali məktəbdə xarici dil öyrənmək üçün kifayət qədər şansı və bol vaxtı olur. Məktəbdə, universitetdə xarici dil dərsləri hökmən keçirilir. Şagirdlər, tələbələr həmin dildən imtahan verirlər. Kifayət qədər yüksək nəticə göstərənlər də olur. Lakin həmin dildə anlamaq, səlis danışmağa gəldiyində isə işlər qəlizləşir. Xarici dil fənnindən ən yüksək nəticə göstərənlər belə, bir çox hallarda həmin dildə danışanı nə anlaya, nə də o dildə fikrini izah edə bilir. Yəqin buna görədir ki, az qala hər küncdə-bucaqda da xarici dil kursları fəaliyyət göstərir.

Bu gün xarici dil öyrədənlərin sayı az qala öyrənənlərə çatır. Nəticə isə budur ki, orta və ali məktəbdə 15 ilə yaxın bir zamanda istədiyi xarici dili öyrənə bilməyənlər sonradan hansısa kursda buna nail ola bilirlər.

Bəs, görəsən, niyə biz orta və ali məktəbdə xarici dildə danışmağı öyrənə bilmirik? 

Müxtəlif sahələrdə işləyən və müxtəlif yaş qruplarından olan şəxslərə ünvanladığımız bu suala elə müxtəlif cavablar aldıq. Ümumiləşdirəsi olsaq, cavablar belə oldu:

- Təhsil sistemində bu iş düzgün qurulmayıb. Metodika yanlışdır. Bir çox hallarda sadəcə dilin qrammatikası öyrədilir. Xarici dil fənni səviyyə üzrə tədris edilmir;

- Xarici dili tədris edən bir çox müəllimin özü həmin dildə danışa bilmir;

- Orta və ali məktbdə xarici dili öyrənmək üçün stimul, məqsəd yoxdur;

AYNA mövzuya bir də mütəxəssislərlə işıq tutmağa çalışıb.

Təhsil eksperti Qoşqar Məhərrəmova görə, öyrənmə hadisəsi müəyyən bir ənənəyə söykənir: “Sözügedən problem də həmin ənənələrin yanlışlıqlarının nəticəsi kimi özünü büruzə verir. Bizim ənənəyə baxdığımızda görürük ki, məsələn, sovet dövründə xarici dillərin tədrisi daha çox linqvistika, yəni elm üzərində qurulub. Universitetlərdə də xarici dildə danışmaqdan çox həmin dilin qrammatikası, semantikası, fonetikası kimi sahələr öyrənilib. Həmin universitetlərdə təhsil almış müəllimlər də xarici dilin tədrisini elə həmin tərzdə görüblər. Buna görə də xarici dil müəllimlərinin əksəriyyəti həmin dildə danışmaqda əziyyət çəkirlər”.

“Xarici dildə danışmaqda çətinlik çəkən müəllim, əlbəttə ki, şagirdlərin də çətinlik çəkdiyini gördükdə onlara problemi də azərbaycanca deyəcək, danlayanda da azərbaycanca danlayacaq, tərifləyəndə də azərbaycanca tərifləyəcək. Belə oldğu halda da bir insan orta məktəbdə 11 il bir dilin dərslərində iştirak da etsə, xarici dil fənnindən DİM-in imtahanında maksimum nəticə də göstərsə, danışmağı bilmir”, - deyə müsahibimiz bildirib.

Onun fikrincə, problemin həllinə nail olmağın yolu müəllimlərin yetişdirilməsində dəyişiklik edilməsidir: “Bunun səbəbi elə müəllimlərin yetişmə tərzindədir. Biz bunu dəyişməliyik. Dəyişməyə də universitetlərdən başlamaq lazımdır. Ali təhsil müəssisələrinə elə müəllimlər təyin etməliyik ki, onlar xarici dildə danışmağı bacarsınlar. Daha sonra onların yetişdirdiyi tələbələr də gəlcəkdə müəllim olarkan həmin dildə danışa biləcəklərinə görə şagirdlərə də dili mənimsədə biləcəklər. Yəni universitetlərdə vəziyyət dəyişdikcə oradan məzun olan müəllimlər də dəyişəcək və həmin müəllimlər dəyişdikcə orta məktəb müəllimləri xarici dildə danışdıqca şagirdlər də danışmağı öyrənəcəklər. Çünki 11 il xarici dildə dərs keçən müəllimlə qarşılaşacaqlar. Beləcə onlar bütün dərslərdə yaxşı və ya pis, xarici dildə danışmış olacaqlar”.

Ekspert hesab edir ki, xarici dilin öyrənilməsi də ana dilimizi öyrəndiyimiz kimi olmalıdır: “Orta və ali məktəbdə xarici dilin tədirisi elə həmin dildə olmalıdır. Yəni insan öz ana dilini necə öyrənirsə, digər dilləri də o cür öyənməlidir. Buna “təbii öyrənmə”, “mənimsəmə” deyirlər. Necə bir uşaq səhvlər, imitasiya edə-edə öyrənirsə, eynilə xarici dilin tədrisi təlimi də bu cür olmalıdır”.

Mütəxəssis xarici dil üzrə orta məktəb dərsliklərinin dəyişdiyini və həmin dərsliklərlə dərs keçə bilən müəllimlərə ehtiyac olduğunu da vurğulayıb: “Orta məktəb dərsliklərindən ibtidai sinifdə tədris olunanlar artıq xarici nəşriyyatlarındır. Yəni onları yerli naşirlər yazmayıblar. Kitab tamamilə ingilis dilindədir. Əvvəlki kitablar isə ingilis dilində yazılmamışdı. Kitabların özü deyirdi ki, ingiliscə yox, azərbaycanca izah et. İndi isə kitablar dəyişib".

“Bəzən bunu qınayır, irad bildirirdilər. Görüşlərdən birində professorlardan birisi demişdi ki, “Belə də ingilis dili kitabımı olar? Kitab tamamilə ingiliscə yazılıb, ingilis dili müəllimləri özləri bilmirlər ki, necə izah etsinlər”. Təsəvvür edirsinizmi, bunu bir professor demişdi? Bundan da görünür ki, xarici dilin tədrisi ilə bağlı yanlış bir yanaşma var. Düşünürlər ki, ingilis dili kitabı azərbaycanca yazılmalıdır. Onlar hesab edirlər ki, ingiliscə yazılmış bir kitabı ingilis dili müəlliminin başa düşməməsi normaldır. Halbuki belədirsə, problem müəllimdədir. Müəllim kitaba uyğun dərs keçərsə, şagird öyrənər. Müəllim yaxşı yetişərsə, məktəbdə uşaqlara xarici dildə danışmağı öyrədə biləcək. Müəllim də universitetdə yetişir. Bu baxımdan proqram, tədris metodu dəyişməlidir. Bu, o demək deyil ki, yeni başlayan uşaqlara yüksək səviyyədə xarici dil tədris olunsun. Kimin dil bilgisi hansı səviyyədədirsə, hər kəsdə də ona uyğun danışıq olmalı, dərslər ona uyğun keçirilməlidir”, - deyə Məhərrəmov vurğulayıb.

Daha bir həmsöhbətimiz, Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsinin doktorantı, fakültənin ingilis dili bölməsinin müəllimi Afaq Ağayarova şagird və tələbələrimizə xarici dildə danışmağa mane olan faktorlardan danışıb: “Dil öyrənmək psixolinqvistik hadisədir. Xarici dilin öyrənilməsində linqvistika ilə yanaşı psixoloji amil də mühüm rol oynayır. Fransızlarda belə bir deyim var: “Səhv edərək danışmaq, səhv etməmək üçün susmaqdan daha yaxşıdır”. Bizim şagirdlərdə, tələbələrdə dil öyrənmə prosesində sanki qorxu, kompleks kimi faktorlar güclüdür. Onlar danışmaqdan, fikirlərini ifadə etməkdən ehtiyat edirlər, çəkinirlər. Bu da onlara həm orta məktəbdə, həm də ali məktəbdə xarici dilin öyrənilməsi praktikasında böyük əngəl törədir”. 

Müəllimin sözlərinə görə, xarici dildə təhsil alan tələbələrə dil bilgisi qrammatikanı öyrətmə üsulu ilə deyil, şifahi formada - danışıq üzərində keçirilməlidir: “Bizdə isə əksinədir. Xarici dil qrammatikanın öyrədilməsi metodu ilə keçirilir. Bu üsul isə insanın dinləyib anlama bacarığını aşağı salır. Öz praktikamdan deyim ki, xarici dil öyrənmək üçün getdiyim kurslarda müəllimlər xaricdə təhsil alıb gəlmiş şəxslər idi və onlar qəti şəkildə tərcümə, qrammatika öyrədilməsi üsulundan istifadə etmirdilər. Eşitmə, anlama bacarığının inkişafına yönəlirdilər. Çalışırdılar ki, dil öyrənmək istəyənlərə bu üsulu psixoloji olaraq aşılasınlar. Bu da çox böyük effekt verirdi. Buna görə də xarici dilin öyrədilməsi kursda dörd mərhələdə aparılır: yazma, oxuma, dinləmə və danışma”.

Müsahibimiz dil bilgisini inkişaf etdirməkdə öyrənmək istəyən tərəfin yanaşmasındakı yanlışlara da toxunub: “Müəllimlərlə yanaşı tələbələrin də öz üzərinə böyük iş düşür. Bəzən olur ki, mühazirəni ingiliscə deməyə başlayırsan, amma tələbə deyir: “anlamıram, olarmı azərbaycanca danışasınız?” Bu zaman da məcbur olur, azərbaycanca izah edirsən. Çünki sənin birinci öhdəliyin ingilis dilini öyrətmək yox, fənni tələbəyə mənimsətməkdir. Hansı dildə öyrənmək istəyirsənsə, mütləq şəkildə materialları həmin dildə oxumalısan. Dili daim istifadə etməlisən ki, inkişaf etdirə biləsən”.

Şəxsi praktikasından yola çıxan Ağayarova xarici dilin öyrənilməsi zamanı həmin dilə məruz qalmağın təsirini də qeyd edib: “Xarici dil müəllimlərimiz həmişə tövsiyə edirdilər ki, həyatınızın 50%-ni ana dilinizlə keçirirsinizsə, 50%-ni də öyrənmək istədiyiniz dildə keçirin. Özünüzü öyrənmək istədiyiniz xarici dilə məruz qoyun. Bu, xarici dil bilgisini nəzərəçarpacaq dərəcədə inkişaf etdirir. Mən öz praktikamda da görmüşəm ki, öz üzərində işləyən, müəllimlə xarici dildə dialoqda olmağa çalışan, maksimum dərəcədə həmin dildə danışmağa, dinləməyə, oxumağa meyl edənlər öyrənə bilirlər”.

“Lakin mühazirə mətnlərini azərbaycanca istəyən tələbələr də olur. Bu halda tələbə ingilis dili bölməsində də oxusa, dil baxımından irəliləyişi olmur. Amma öz üzərində çalışan tələbələr var ki, onlara universiteti bitirdikdən sonra bir neçə həftəlik dil kursuna getmək sertifikat almağa kifayət edir. Bir sözlə, dil öyrənməyə zaman ayırmaq, həqiqətən istəmək və daim motivasiyanı qorumaq lazımdır”, - deyə doktorant fikrini yekunlaşdırıb.

Müəllif: Aləmdə Nəsib