“Amnesty İnternational”: İsrailin Qəzzadakı hərəkətləri soyqırımıdır

Dünya

05.12.2024 - 21:04

Həkimlər Klinikalar SEO Xidməti

Təşkilat İsrailə silah verən ölkələrə xəbərdarlıq edib: “Onların soyqırımın iştirakçısı olmaq riski var”

Beynəlxalq insan haqları təşkilatı olan “Amnesty International” İsrailin Qəzza zolağındakı hərəkətlərini fələstinlilərin soyqırımı adlandırıb. Təşkilat araşdırma aparıb və buna uyğun hesabat hazırlayıb. Sənəddə “7 oktyabr 2023-cü ildə HƏMAS-ın İsrailin cənubuna etdiyi dəhşətli hücumlardan sonra başlayan hərbi əməliyyat zamanı İsrailin Qəzzada fələstinlilər üçün həyatı necə cəhənnəmə çevirdiyi – amansızlıq” tam şəkildə təsvir edilib”.

“Amnesty İnternational” sözçüsü Agnes Kallamardın sözlərinə görə, İsrail Qəzzada Soyqırım Konvensiyasının qadağan etdiyi əməllər törədib: ağır bədən və ya ruhi zərər vurmaq, qəsdən fələstinlilərin fiziki məhvinə hesablanmış yaşayış şəraiti yaratmaq.

Təşkilat buna nail olmaq üçün eyni vaxtda istifadə olunan üç üsul müəyyən edib: həyatı təmin edən infrastrukturun dağıdılması, əhalini köçürməyə məcbur etmək üçün çoxsaylı evakuasiya əmrləri və humanitar yardımın çatdırılmasına mane olmaq.

Kallamard İsrailə silah verən ölkələrə xəbərdarlıq edib ki, onların “soyqırımın iştirakçısı olmaq riski var”. O, həmçinin beynəlxalq ictimaiyyəti Qəzzada soyqırıma son qoymaq üçün “güclü və davamlı tədbirlər” görməyə çağırıb.

İsrail dəfələrlə bəyan edib ki, məqsədi ABŞ və Avropa İttifaqı tərəfindən terrorçu kimi tanınan Fələstinin HƏMAS qruplaşmasını tamamilə məhv etməkdir. Yaraqlıların Qəzza zolağının altında tunellər şəbəkəsi qurduqları və dinc əhalinin arxasında gizləndikləri qeyd edilib.

“Amnesty İnternational” hesab edir ki, HƏMAS-ın İsrailə hücumu fələstinlilərin məhvinə haqq qazandırmır. Təşkilat bütün günahkarların - həm İsrailin, həm də HƏMAS-ın məsuliyyətə cəlb edilməsini və onlara qarşı sanksiyaların tətbiq edilməsini, habelə girovların azad edilməsini tələb edir.

İsrail 2023-cü il oktyabrın 7-də HƏMAS-ın ölkənin cənubuna hücumuna cavab olaraq Qəzza zolağında hərbi əməliyyat keçirir. HƏMAS-ın nəzarətində olan Qəzza Səhiyyə Nazirliyinin məlumatına görə, İsrailin atəşi nəticəsində əksəriyyəti qadın və uşaqlar olmaqla 44 mindən çox fələstinli həlak olub.

Müəllif: Turan Abdulla