Ramiz Mehdiyev iclas keçirib
Bu gün AMEA-nın 2019-cu ildəki elmi və elmi-təşkilati fəaliyyətinin yekunlarına həsr olunmuş onlayn Ümumi yığıncağı keçirilib.
Qurumdan AYNA-ya verilən məlumata görə, AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev Ümumi yığıncağın gündəliyindəki məsələləri tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Tədbirdə Azərbaycan elminin inkişafında xüsusi xidmətləri olan və dünyasını dəyişmiş görkəmli alimlərin xatirələri bir dəqiqəlik sükutla yad edilib.
Sonra akademik Ramiz Mehdiyev giriş nitqi ilə çıxış edərək, 2019-cu ildə elm sahəsində bir sıra uğurların əldə edildiyini bildirib. O, ölkə Prezidentinin fərman və sərəncamlarını, tapşırıqlarını rəhbər tutaraq, AMEA-nın uğurla fəaliyyət göstərdiyini bildirib. Qeyd edib ki, elmi-texniki potensialın qorunub saxlanılması və inkişaf etdirilməsi, yüksəkixtisaslı kadrların hazırlanması, elmi tədqiqatların əlaqələndirilməsi, elmi araşdırmaların ölkənin sosial-iqtisadi və mədəni-mənəvi inkişafına yönəldilməsinin AMEA-da həyata keçirilən işlərin əsasını təşkil edib.
Ramiz Mehdiyev hesabat ilində AMEA-nın ümumi yığıncağında Akademiyanın Rəyasət Heyətinin yeni tərkibinin təsdiq edildiyini, “AMEA-nın 2020-2025-ci illər üçün Milli İnkişaf Proqramı”nın qəbul edildiyini, elmimizin yeni prioritet istiqamətlərinin müəyyənləşdirildiyini, Akademiya Nizamnaməsinə bir sıra mühüm əlavə və dəyişikliklər edildiyini diqqətə çatdırıb. Bundan əlavə, AMEA Rəyasət Heyəti aparatının yeni strukturu müəyyənləşdirilib, Akademiyanın kadr təminatı, maliyyələşdirilməsi, innovasiya siyasəti sahəsində müşahidə olunan bir sıra neqativ hallar aradan qaldırılıb.