Almaniyada “Z”, “V” simvolları və Müqəddəs Georgi lentləri qadağan edilib

Dünya

08.05.2024 - 10:51

Məhdudiyyətlər yalnız Sovet memoriallarının yaxınlığında baş verən tədbirlərə şamil ediləcək

Berlin polisi faşizm üzərində qələbənin 79-cu ildönümü ilə bağlı mayın 8-də və 9-da keçiriləcək anım tədbirlərində Rusiya simvollarının nümayişini qadağan edib. AYNA bu barədə “RBB24”ə istinadən bildirir.  

Söhbət Rusiya bayraqlarından, Georgi lentlərindən, rus hərbi geyimlərindən, “V”, “Z” simvollarından və Rusiyanın Ukraynaya təcavüzü ilə bağlı digər simvollardan gedir.

Məhdudiyyətlər yalnız Sovet memoriallarının yaxınlığında baş verən tədbirlərə şamil ediləcək.

Rusiyanın Almaniyadakı səfirliyi artıq qadağaya cavab verib. Onlar bu qərarı “qəbuledilməz” və “ayrı-seçkilik” adlandıraraq, məhdudiyyətlərin “Rusiya və Almaniya xalqlarının müharibədən sonrakı tarixi barışıq ruhuna” zidd olduğunu qeyd ediblər.

Aprel ayında Moldova Polisinin Baş Müfəttişliyinin rəisi respublika sakinlərinə və qonaqlarına xatırladıb ki, ölkənin mövcud qanunvericiliyinə əsasən Georgi lenti və ya “Z” və “V” işarələri taxan şəxslər cərimə edilə bilərlər. Moldovada sözügedən simvolların ictimai yerlərdə taxılması 2022-ci ilin yazında qadağan edilib. Respublikanın rəhbəri Maya Sandu qadağanı şərh edərkən bildirib ki, bu simvollar Rusiyanın Ukraynaya qarşı hərbi təcavüzünü təcəssüm etdirir.

Oxşar qadağalar təkcə Almaniya və Moldovada deyil, bir sıra başqa ölkələrdə də mövcuddur. Məsələn, Litvada bu cür pozuntulara görə fiziki şəxslər üçün 300 avrodan 700 avroya qədər, hüquqi şəxslər üçün 1,2 min avroya qədər cərimə nəzərdə tutulur. Təkrar pozuntular fiziki şəxslər üçün 900 avroya qədər, hüquqi şəxslər üçün isə 1,5 min avroya qədər cərimə ilə nəticələnəcək. Estoniyada fiziki şəxslər üçün cərimə 1,2 min avro, hüquqi şəxslər üçün 32 min avro təşkil edəcək.

Əvvəlcə “Z” və “V” simvolları Rusiya ordusu tərəfindən 2022-ci ilin fevralında Ukraynaya işğalı həyata keçirmək üçün istifadə edilən hərbi texnikanı təyin etmək üçün istifadə edilib. Tezliklə iki latın hərfi Rusiya Federasiyasında müharibəyə dəstək simvoluna çevrildi və indi dünyanın qalan hissəsi tərəfindən belə qəbul edilir. Rusiya şəhərlərində hakimiyyət və Kreml tərəfdarları “Z” və “V” hərflərindən istifadə edərək vətənpərvər fləşmoblar və konsertlər keçirməyə başladılar. Bu cür tədbirlərə əsasən dövlət işçiləri və tələbələr gətirilsə də, “Z” təbliğatında uşaqlardan istifadə halları da olub.

Müəllif: Turan Abdulla