Əməliyyatlara 100-ə yaxın hüquq-mühafizə orqanının əməkdaşı cəlb olunub
Avqustun 13-də Almaniya hüquq-mühafizə orqanları “Rus Post”un törəmə şirkəti “RusPost GmbH”nin ofislərində axtarışlar aparıb və onun aktivlərini dondurub. AYNA xəbər verir ki, bu barədə “Tagesspiegel” qəzeti yazıb. “RusPost GmbH”dən başqa, polis adı açıqlanmayan başqa bir logistika şirkətinin ofislərində də axtarış aparıb. Əməliyyatlara ümumilikdə 100-ə yaxın hüquq-mühafizə orqanının əməkdaşı cəlb olunub.
Bundan əvvəl Almaniya Baş Gömrük İdarəsi Rusiyanın Ukraynaya müdaxiləsinə cavab olaraq tətbiq edilən iqtisadi sanksiyaların mümkün pozulması ilə əlaqədar Berlində iki şirkətdə axtarış elan edib. Gömrükdən əməliyyat fəaliyyətinin başqa təfərrüatları açıqlanmayıb.
“Kommersant” qəzetinin sorğusuna cavab olaraq “Rus Post”dan qeyd edilib ki, “RusPost GmbH” hazırda məhdudiyyətlərlə işləyir, lakin bunun səbəblərini açıqlamayıb. Şirkət əmin edib ki, xaricdən yüklərin çatdırılması həmişəki kimi davam edir və məhdudiyyətlər müştərilərin maraqlarına təsir etməyəcək.
Qeyd edək ki, “Rus Post” fevralın 1-dən etibarən Avropa ölkələrinə yerüstü çatdırılmanı müvəqqəti dayandırıb. Dəyişikliklər Rusiya şirkətinin Almaniyadakı törəmə şirkətinin avtomobil və dəmir yolu ilə çatdırılmanı təşkil etmək üçün müqavilələri yeniləməyə vaxtının olmaması ilə əlaqələndirilib. Şirkət məhdudiyyətləri “Avropa istiqamətində quruda transsərhəd daşımaların emalında bürokratik çətinliklərlə” izah edib. Martın 28-də “Rus Post” Avropa ölkələrinə yerüstü çatdırılmaları bərpa edib.
Ukraynaya qarşı genişmiqyaslı müharibənin başlanmasından sonra bir neçə ölkə, o cümlədən Ukrayna, Polşa, Finlandiya, Avstraliya və Yeni Zelandiya da daxil olmaqla Rusiya ilə rəsmi poçt mübadiləsini dayandırıb. Buna baxmayaraq, “Rus Post” 130-dan çox ölkəyə bağlama çatdırmaqda davam edir.
Daha əvvəl şirkətin baş direktoru Mixail Volkov 2022-ci ilin “fəlakətli” olduğunu və bunun 30 milyard rubl rekord itki ilə nəticələndiyini bildirmişdi. 2023-cü ilin birinci rübündə itkilər daha 5 milyard artaraq “Rus Post”un ümumi borcunu 133 milyard rubla çatdırıb. Volkov vurğulayıb ki, bu borcun əhəmiyyətli hissəsinin “qaytarmaq və ödəmək üçün heç bir mənbəsi yoxdur”.
“Vedomosti” yazır ki, ötən ilin sonunda Federal Xəzinədarlıq şirkətin itkilərini 24,5 milyard rubl qiymətləndirib. Səbəblər arasında pərakəndə satış fəaliyyətinin səmərəsiz təşkili, satış planlarının yerinə yetirilməməsi, idarə heyətinin əməkhaqqı xərclərinin artması, sərfəli olmayan alışlar və sərfəli olmayan layihələr göstərilib.