“Rusları Aİ-yə yoxlamasız buraxan hər ölkə Avropanın təhlükəsizliyini təhlükə altına qoyur”
Almaniyalı siyasətçi, Bavariya Xristian Sosial Birliyinin (CSU) üzvü və Avropa Parlamentindəki Avropa Xalq Partiyası fraksiyasının rəhbəri Manfred Veber Macarıstanın rusların və belarusların ölkəyə girişini asanlaşdırmaq planlarına qarşı sərt tədbirlər görməyə çağırıb. AYNA-nın xəbərinə görə, Veber “Bild” qəzetinə müsahibəsində deyib: “Rusları Aİ-yə yoxlamasız buraxan hər ölkə Avropanın təhlükəsizliyini təhlükə altına qoyur”.
“Putinin casusları və sui-qəsdçiləri artıq Aİ-yə və Almaniyaya böyük ziyan vurublar. Aİ-nin dövlət və hökumət başçıları növbəti sammitdə bu məsələyə aydınlıq gətirmək məcburiyyətində qalacaqlar”, - deyə siyasətçi bildirib.
Bundan əvvəl Veber artıq Avropa İttifaqı Şurasına məktub göndərərək Budapeştin qərarı ilə bağlı narahatlığını ifadə edib.
Öz növbəsində, Brandenburq federal əyalətinin Daxili İşlər Nazirliyinin rəhbəri Mixael Stübgen Aİ-nin Macarıstanla bütün sərhədlərində nəzarətə çağırıb və Aİ qanunvericiliyinin buna imkan verdiyini bildirib. “BamS”ə verdiyi müsahibədə o, Macarıstanın AB qonşuları - Avstriya, Xorvatiya, Slovakiya və Rumıniyanın hazırda buna çağırış etdiyini söylətyib. Stübgen jurnalistlərə deyib: “Aİ ölkəsi üçün rusların ölkəyə demək olar ki, nəzarətsiz buraxılması qəbuledilməzdir”.
Almaniya Daxili İşlər Nazirliyinin rəhbərinin mətbuat katibi Nensi Feser cavabda qeyd edib ki, “Rusiya casusluğu və təxribatı təhlükəsi yüksəkdir və Rusiya Federasiyasının Ukraynaya qarşı təcavüzkar müharibəsi başlayandan bəri daha da artıb. Buna görə də Aİ ölkələri müdafiəni gücləndirməlidir, casuslar və təxribatçılar üçün “potensial qapılar” yaratmamalıdır”.
Yaşıllar Partiyasından olan deputat Marsel Emmerix Berlinin “Tagesspiegel” qəzetinə bildirib ki, Rusiya və Qərb ölkələri arasında bu həftə baş tutacaq məhbus mübadiləsi fonunda "vizaların diqqətli və ciddi yoxlanılması" da lazımdır. Macarıstanın giriş qaydalarının planlaşdırılan yumşaldılması "ciddi narahatlıq doğurur və tədbir tələb edə bilər", deyə bildirib.