“Aİ ölkələrinin daimi nümayəndələri 14-cü sanksiya paketi barədə razılığa gəliblər”
Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı yeni sanksiyalar paketinin tətbiqinə razılıq verib. İlk dəfə olaraq məhdudiyyətlər bəzi üzv dövlətlərin Moskvadan almağa davam etdiyi mayeləşdirilmiş təbii qazın (LNG) tədarükünə yönəldiləcək. AYNA xəbər verir ki, bu barədə “Euronews” yazıb.
“Aİ ölkələrinin daimi nümayəndələri Rusiyanın Ukraynaya qarşı təcavüzünə cavab olaraq əhəmiyyətli 14-cü sanksiya paketi barədə razılığa gəliblər”, – Belçikanın Aİ-də sədrliyinin “X” sosial şəbəkəsində dərc olunmuş mesajında deyilir.
Məhdudiyyətlər, əvvəllər Rusiyadan gələn kömür və dəniz neftində olduğu kimi, LNG idxalına tam qadağa tətbiq etməyəcək. Aİ şirkətləri Rusiya qazını ala biləcək, lakin onların başqa ölkələrə təkrar ixracı qadağan olunacaq. Qeyd edilir ki, Belçika, Fransa və İspaniya Rusiyadan LNG-nin əsas idxal nöqtələri olub.
Enerji və Təmiz Hava Araşdırmaları Mərkəzinin məlumatına görə, keçən il Aİ 20 milyard kubmetr Rusiya LNG üçün 8,3 milyard avro ödəyib ki, bu da ümumi qaz istehlakının 5%-ni təşkil edir. Bu yüklərin təxminən 22%-i dünya üzrə başqa ölkələrə təkrar ixrac edilib. Sanksiyalar Rusiyanın üç ən böyük LNG layihəsinə qarşı yönəlib: “Arctic LNG 2”, “Ust-Luqa” liman kompleksi və “Murmansk” LNG.
“Euronews” qeyd edir ki, Aİ ölkələri sanksiyalardan yayınmaq üçün daha sərt tədbirlər haqqında razılığa gəliblər. Bu tədbirlərin konkret təfərrüatları qeyd olunmayıb, lakin nəşr hesab edir ki, söhbət Kremlin Rusiya dəniz neftinə qoyulan qiymət məhdudiyyətlərindən yan keçmək üçün istifadə etdiyi “kölgə donanmasından” gedir.
Ötən həftə ABŞ Rusiyaya qarşı, o cümlədən Moskva Birjasına, Milli Klirinq Mərkəzinə (Moskva Birjasında bütün valyuta əməliyyatlarının qarşı tərəfi olan NCC) və Milli Hesablaşma Depozitarına (NSD) qarşı 300-dən çox yeni sanksiyalar tətbiq edib. Bundan əlavə, Vaşinqton ötən ilin sentyabrın 12-dən Rusiya şirkətlərinə bir sıra proqram təminatı və İT xidmətlərinin göstərilməsinə qadağa qoyub. ABŞ həmçinin LNG layihələrinə məhdudiyyətlər tətbiq edib.
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib ki, Moskva “bu cür aqressiv hərəkətləri cavabsız qoymayacaq”.