“Siyasi bəyannamə imzalaması həm Ermənistan, həm də Azərbaycan üçün mühüm nailiyyətdir”
Avropa İttifaqı (Aİ) avqustun 8-də ABŞ Prezidenti Donald Trampın ev sahibliyi ilə Ermənistan Baş naziri Nikol Paşinyan və Azərbaycan Prezidenti İlham Əliyev arasında görüşünü hərarətlə alqışlayır.
AYNA.AZ xəbər verir ki, bu barədə Avropa İttifaqı Şurasının prezidenti Antonio Kosta və Avropa Komissiyasının sədri Ursula fon der Leyenin Vaşinqtonda üç ölkə liderinin görüşü və Birgə Bəyannamənin imzalanmasının yekunları üzrə dərc etdiyi birgə bəyanatda deyilir: “Aİ Ermənistan və Azərbaycan arasında sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında sazişin paraflanmasını alqışlayır”.
“Baş nazir Paşinyan və Prezident Əliyevin Ağ Evdə ABŞ Prezidenti Trampın iştirakı ilə siyasi bəyannamə imzalaması həm Ermənistan, həm də Azərbaycan üçün mühüm nailiyyətdir, hər iki ölkə və bütün region üçün uzunmüddətli və davamlı sülhə yol açır. Ermənistan və Azərbaycan arasında münasibətlərin tam normallaşması istiqamətində davamlı irəliləyişi təmin etmək üçün razılaşdırılmış addımların vaxtında həyata keçirilməsini təmin etmək vacib olacaq. Aİ Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşması prosesini tam dəstəkləyir və ilk növbədə münaqişə irsi ilə bölünmüş insanların xeyrinə və regionu davamlı sülh, sabitlik və firavanlığa yaxınlaşdırmaq üçün regional əlaqələrin tam fəaliyyətinə sərmayə qoymağa hazırdır”, - bəyanatda deyilir.