Çin maliyyə qurumları 2000-2023-cü illər arasında ABŞ-a texnologiya və infrastruktur layihələri üçün 200 milyard dollardan çox kredit verib
Çin maliyyə qurumları 2000-2023-cü illər arasında ABŞ-a texnologiya və infrastruktur layihələri üçün 200 milyard dollardan çox kredit verib. Bu, digər ölkələrin kreditlərindən daha çoxdur. AYNA.AZ xəbər verir ki, bu barədə “The Washington Post” (WP) qəzeti Vilyamsburq Universitetinin (Virciniya) “AidData” tədqiqat laboratoriyasına istinadən məlumat yayıb.
Bildirilib ki, Çin kreditorları qaz boru kəmərlərindən hava limanlarına qədər ABŞ-ın demək olar ki, hər bir ştatında 2500 layihəni dəstəkləyiblər. Kreditlərin yarıdan çoxu - 103 milyard dollar - 2018-ci ildən bəri verilib.
Yüzlərlə ştat səviyyəli layihə arasında Kanadadan Nyu-Yorka qədər yüksək gərginlikli elektrik xətti, Şimali Virciniyadakı dünyanın ən böyük məlumat mərkəzlərindən biri və Nyu-Yorkdakı Con F. Kennedi Beynəlxalq Hava Limanındakı bir neçə terminal var.
Çin maliyyə qurumları müntəzəm olaraq “Amazon”, “Halliburton”, “Tesla”, “Boeing”, “Qualcomm” və “Disney” daxil olmaqla, ABŞ-ın ən böyük 500 şirkətinin bəzilərinin davam edən əməliyyatları üçün kredit xətləri ayırıblar. WP-yə görə, onlardan heç biri şərh istəklərinə cavab verməyib.
“AidData”nın icraçı direktoru Bredli Parksın sözlərinə görə, "Vaşinqton digər ölkələri Çindən borc asılılığı barədə xəbərdar edib, lakin Çin dövlət kreditorlarından ABŞ borcalanlarına kifayət qədər əhəmiyyətli miqdarda kredit daxil olur".