İraq Kürdüstanı istisna olmaqla, beynəlxalq qüvvələrin ölkədən çıxarılması 2025-ci ilin sentyabrında başlayacaq
İraqın xarici işlər naziri Fuad Hüseyn sentyabr ayında ABŞ-a səfər edəcək və bu səfər zamanı ölkələr İŞİD terror qruplaşmasına qarşı beynəlxalq koalisiya qoşunlarının İraq ərazisindən çıxarılmasının başlandığını rəsmən elan edəcək. AYNA xəbər verir ki, bu barədə “Tasnim” mənbələrinə istinadən məlumat yayıb.
“Mənbələrin İraqdakı “Tasnim” jurnalistinə verdiyi məlumata görə, İraq Xarici İşlər Nazirliyinin rəhbəri və Amerika dövlət katibi nazirin qarşıdakı səfəri zamanı ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiyanın İraqdakı missiyasının başa çatması ilə bağlı bəyanatı oxumaq üçün mətbuat konfransı keçirəcəklər”, - deyə agentlik yazıb.
Mənbələrin məlumatına görə, İraq Kürdüstanı istisna olmaqla, beynəlxalq qüvvələrin ölkədən çıxarılması 2025-ci ilin sentyabrında başlayacaq. Hərbçilər gözlənildiyi kimi İraq Kürdüstanını qoşunların çıxarılmasının başlanmasından cəmi bir il sonra - 2026-cı ilin sentyabrında tərk edəcəklər.
İyulun sonunda “The National” öz mənbələrinə istinadən xəbər vermişdi ki, Birləşmiş Ştatlar koalisiyanın tərkibində xidmət edən bəzi hərbi qulluqçuların İraqdan çıxarılmasına razılıq verib. Bununla belə, ötən həftənin bazar ertəsi İraqın qərbindəki Ayn əl-Əsəd aviabazasına raket hücumu olub.