Üçüncü C-17 nəqliyyat təyyarəsi Pəncab əyalətinə çatıb
Deportasiya edilmiş hindistanlı miqrantları daşıyan üçüncü ABŞ hərbi C-17 nəqliyyat təyyarəsi Hindistanın şimalındakı Pəncab əyalətinə çatıb. AYNA TASS-a istinadən xəbər verir ki, bu barədə “Hindu” qəzeti məlumat yayıb.
Hərbi Hava Qüvvələri ABŞ-da qeyri-qanuni yaşayan 112 hindistanlını vətəninə qaytarıb. Onların arasında Hindistanın Qucarat, Pəncab, Uttarakhand, Uttar Pradeş, Haryana və Himaçal Pradeş ştatlarının sakinləri var.
Fevralın əvvəlindən ABŞ Hərbi Hava Qüvvələrinə məxsus C-17 təyyarələri ilə ümumilikdə 335 hindistanlı deportasiya edilib. Cənubi Asiya ölkəsinin xarici işlər nazirinin birinci müavini Vikram Misri fevralın 7-də bildirib ki, ABŞ hakimiyyəti tezliklə 500-ə yaxın hindlini öz vətənlərinə deportasiya edəcək.
Hindistan rəhbərliyi Yeni Dehlinin qovulan bütün qeyri-qanuni mühacirləri qəbul edəcəyini və Vaşinqtonla əməkdaşlıq edəcəyini vurğulayıb. ABŞ deportasiya oluna biləcək 18 min hindistanlını müəyyən edib.
Xatırladaq ki, yanvarın 20-də ABŞ Prezidenti Donald Tramp ABŞ-Meksika sərhədində fövqəladə vəziyyət elan edilməsi haqqında sərəncam imzalayıb.