“ABŞ Ermənistanı “yeməyə” çalışır”

Siyasət

19.09.2022 - 14:05

Professor: “Vaşinqton Azərbaycanı özündən uzaqlaşdırmaqla Rusiyaya, Avropaya daha da yaxınlaşdırır”

ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin Ermənistana səfəri, səfər zamanı qondarma “erməni soyqırımı” abidəsini ziyərət edərək orada göz yaşları tökməsi və bəyanatlarında Azərbaycanı “təcavüzkar” adlandırması, ölkəmizə qarşı qətnamənin hazırlanacağı anonsunu verməsi gərgin siyasi gündəm yaradıb.

Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) yaydığı bəyanatda qeyd edilib ki, 18 sentyabr 2022-ci il tarixində Ermənistana səfəri çərçivəsində ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosi tərəfindən verilmiş və bölgədəki vəziyyəti təhrif edən açıqlama ciddi təəssüf doğurur. Vurğulanıb ki, Pelosi tərəfindən Azərbaycana qarşı irəli sürülən əsasız və ədalətsiz ittihamlar qəbuledilməzdir.

Rəsmi Bakı xatırladır ki, bu ilin 12 sentyabr tarixindən 13 sentyabra keçən gecə delimitasiya olunmamış şərti sərhəddə baş verən insident Ermənistanın Azərbaycana qarşı törətdiyi genişmiqyaslı hərbi təxribat idi və Azərbaycan Silahlı Qüvvələri tərəfindən bu təxribatın qarşısı alınıb və ölkəmizin suverenliyi və ərazi bütövlüyünün qorunması təmin edilib: “Hazırda atəşkəs rejimi təmin olunur və vəziyyətin gərginləşməsinin qarşısı alınıb. Bölgədə vəziyyətin bu şəkildə gərginləşdirilməsi və genişmiqyaslı təxribatın törədilməsinə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür”.

“Ümumiyyətlə, Pelosi ermənipərəst siyasətçi kimi tanınır və onun nümayəndə heyətinin tərkibində Konqresin məhz ermənipərəst üzvlərinin olması bunu bilavasitə nümayiş etdirir. Qarşıdan ABŞ-da Konqresə ortamüddətli seçkilər dövrü gəldiyini nəzərə alaraq, görünür, Pelosi də bu səfərdən öz daxili siyasi gündəliyi və ABŞ-dakı erməni lobbi dairələrinin dəstəyini qazanmaq üçün istifadə edir. ABŞ-ın daxili siyasi gündəliyində olan siyasi intriqalar və lobbi maraqlarının Ermənistan üzərindən Cənubi Qafqaz regionuna daşınması qəbuledilməzdir”, - deyə XİN bəyanatında vurğulayır.

“Təəssüflə vurğulayırıq ki, ədalətdən danışan Pelosi Azərbaycana qarşı Ermənistanın təcavüz siyasəti, ərazilərinin 30 ilə yaxın davam edən işğalı, yüz minlərlə azərbaycanlının etnik təmizlənməsi və Ermənistanın məsuliyyət daşıdığı digər bu kimi ağır cinayətlərlə bağlı bugünədək məqsədli şəkildə heç bir mövqe nümayiş etdirməyib. Pelosinin Ermənistanda söylədikləri erməni təbliğatı əsasında verilmiş açıqlama kimi dəyərləndirilməlidir. Bu, Ermənistanla Azərbaycan arasında hal-hazırda münasibətlərin normallaşması istiqamətində göstərilən səylərə ciddi zərbədir. Bu kimi birtərfli addımlar və verilən əsassız açıqlamalar regionda kövrək sülhün gücləndirilməsinə deyil, əksinə, gərginliyin artmasına xidmət edir”, - deyə rəsmi Bakı bəyan edir.

Pelosinin Ermənistanın sərhəddəki təxribatlarına görə Azərbaycanı günahlandırması ictimaiyyətdə də hiddətə səbəb olub. Azərbaycan cəmiyyətinin böyük kəsimi 82 yaşlı siyasətçinin bu cür bəyanat verməsini, İrəvanda “erməni soyqırımı” abidəsi önündə göz yaşları tökməsini ABŞ siyasətinin ədalətsiz yanaşması kimi qəbul edir.

Bununla yanaşı, Pelosinin Azərbaycan əleyhinə qətnamə hazırlanacağını söyləməsinin ölkəmiz üçün mənfi təsirlərinin olacağını da ehtimal edənlər var. Məsələ ilə bağlı AYNA-nın suallarını cavablandıran Türkiyənin Ankara Universitetinin professoru, azərbaycanlı politoloq Toğrul İsmayıl deyib ki, ABŞ-ın Azərbaycan və Türkiyə ilə bağlı siyasəti onsuz da bəlli idi:

- Birləşmiş Ştatlar ATƏT-in Minsk Qrupunun həmsədri olmasına baxmayaraq, bu illər ərzində tərəfsiz deyildi. Qarabağ məsələsi ilə, Azərbaycanla bağlı ABŞ-ın da, Fransanın da, Rusiyanın da mövqeyi məlumdur. 30 ilə yaxın idi ki, Azərbaycanın əraziləri işğal altındaydı. Beynəlxalq təşkilatların qərarları, xüsusilə, BTM-nin Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnamə vardı ki, bunlar 30 il yerinə yetirilmədi. İndi ABŞ Pelosinin timsalında bölgədə sabitliyin, sülhün bərqərar olmasına çalışmaq əvəzinə başqa siyasət ortaya qoydu. Görünən odur ki, Birləşmiş Ştatlar əksinə, regionda gərginliyin daha da artmasını istəyir.

- Bu səfər Paşinyan iqtidarına, ümumiyyətlə, Ermənistana dəstəkdir, yoxsa...?

- Məlumdur ki, Pelosinin İrəvana səfəri Paşinyan hakimiyyətinə dəstək vermək niyyətindən qaynaqlanır. Amma onun qondarma “soyqırımı” abidəsini ziyarət etməsi, göz yaşları axıtması sünidir. Hesab edirəm ki, bu, “timsah göz yaşları” idi. Məlumdur ki, timsah qurbanını yeyərkən göz yaşları axıdır. Bununla yediyi qurbanın özü üçün həzmini asanlaşdırır. Bu gün ABŞ Ermənistanı “yeməyə” çalışır. Bu, onsuz da gərgin olan ABŞ-Rusiya münasibətlərini daha da gərginləşdirəcək.

- Xanım Pelosi Azərbaycanı “təcavüz”də ittiham etdi, qətnamə hazırlanacağını bildirdi...

- ABŞ nə zaman, harada Azərbaycanı dəstəkləmişdi ki?! Heç vaxt Vaşinqtondan Azərbaycana dəstək gəlməyib. Bəyəm 907-ci maddə Azərbaycana qarşı tətbiq edilməyib?! Bu gün də həmin məhdudiyyət davam edir. Belə iddialar var ki, ABŞ Ermənistanı demokratiyasına görə dəstəkləyir. Yaxud da İlham Əliyev hakimiyyətinə görə bu addımı atır. Mən düşünmürəm ki, bu, hakimiyyət məsələsidir. 907-ci düzəlişi ABŞ Əliyevlərin yox, Elçibəyin hakimiyyəti dövründə qəbul etmişdi - 1992-ci ildə. Demək ki, məsələ heç də demokratiya deyil.  Konqres qətnamə qəbul edəcək, Azərbaycana sanksiyalar tətbiq edəcək? Olsun! Sanksiya olacaqsa, səbəb nə göstəriləcək? Məgər Azərbaycan sülh sazişinin imzalanmasını təklif edən ölkə deyil? Rəsmi Bakı bu gün İrəvana sülh təklif edir, sərhədlərin dəqiqləşdirilməsini təklif edir. Əvəzində Ermənistan təxribatlarla məşğuldur. İndi ABŞ hanası əsasla sanksiya tətbiq edəcək?!

- Pelosinin bu davranışı ABŞ-Azərbaycan münasibətlərinə hansı təsirləri göstərəcək?

- ABŞ siyasəti ilə Azərbaycanı özündən uzaqlaşdırmaqla Rusiyaya, Avropaya daha da yaxınlaşdırır. Təbii ki, Türkiyəni demirəm. Türkiyə ilə Azərbaycan təbii müttəfiq, dost, qardaş ölkədir və ortada Şuşa Bəyannaməsi var. Məlum məsələdir ki, Azərbaycanın iqtisadiyyatını ABŞ müəyyənləşdirmir. Qarşılıqlı investisiyalara nəzər salsaq, bunu görərik. Ukrayna müharibəsi fonunda Avropadakı enerji qıtlığının aradan qaldırılmasında Azərbaycan və Türkiyənin rolu getdikcə artır. Fransanın qışqırtılarına baxmaq lazım deyil. Fransa öz enerji problemini özü həll etdiyi üçün bir qədər bağlılığı azdır. Amma Avropa Birliyinin ciddi şəkildə enerji daşıyıcılarına ehtiyacı var. Ona görə də, düşünürəm ki, oyun qaydalarının dəyişdiyini görəcəyik. Əlbəttə, ABŞ-ın subyektiv yanaşması, belə bir addım atması, Azərbaycanı ittiham etməsi xoş bir hal deyil. Amma bu, dünyanın axırı demək deyil. Baxın, ABŞ, Fransa, İran, Rusiya – bu ölkələr fərqli qütblərdə dayanır. Amma eməni məsələsi gəlincə, hamısı bir araya gəlir. Bu, beynəlxalq hüquqdan çox öz mənfəətlərini qorumaqları anmlamına gəlir.

- Pelosi qondarma “erməni soyqırımı abidəsini ziyarət etməklə həm də qardaş Türkiyənin hiddətinə səbəb oldu...

- ABŞ-Türkiyə münasibətləri onsuz da gərgindir. Bu, bəlli olan məsələdir. ABŞ həm Yunanıstanı, həm Suriyanın şimalındakı terror qruplarını silahlandırır. Bayden qondarma “erməni soyqırımı” ilə bağlı ifadə işlətdi, rəsmən tanıdıqlarını bəyan etdi. Nə dəyişdi ki? Ermənistanla bağlı məlum həmlə də həmin planın, oyunun bir parçasıdır.

Müəllif: Anar Bayramoğlu