Danışıqlar üsyançı döyüşçülər Hələb şəhərinə doğru irəliləməzdən əvvəl başlayıb
Vaşinqton və Əbu-Dabi Suriya Prezidenti Bəşər Əsəd İrandan uzaqlaşacağı və Livanın “Hizbullah” qruplaşmasına silah tədarükünü dayandıracağı təqdirdə ona qarşı sanksiyaların ləğvi imkanını müzakirə edir. AYNA xəbər verir ki, bu barədə “Reuters” danışıqlardan xəbəri olan beş mənbəyə istinadən məlumat yayıb.
Onların sözlərinə görə, Amerikanın Suriyaya qarşı sanksiyalarının dekabrın 20-də başa çatması ehtimalı ilə bağlı müzakirələr son aylarda başlayıb. Danışıqlar üsyançı döyüşçülər Hələb şəhərinə doğru irəliləməzdən əvvəl başlayıb.
“Hökumət əleyhinə qoşunların yeni hücumu BƏƏ və ABŞ-ın istifadə etməyə çalışdığı Əsədin İranla müttəfiqliyinin zəifliyini nümayiş etdirir. Bununla belə, əgər Əsəd əks-hücum üçün İrandan kömək istəməyə qərar verərsə, bu, onları ayırmaq səylərini çətinləşdirə bilər”, agentliyin mənbələri bildirib.
Ötən bazar günü İranın xarici işlər naziri Abbas Əraqçi Suriyaya səfər edərək Əsədi dəstəklədiyini bildirib.
Əbu-Dabi üsyanı yatırtmaq üçün İrandan kömək istəyəndən sonra ona qarşı çıxan sünni ərəb dövlətlərinin nəzərində Əsədin reabilitasiyasında əsas rol oynayır. Mənbələr bildirib ki, BƏƏ uzun müddətdir Əsədi İrandan uzaqlaşdırmağa və Suriya ilə işgüzar əlaqələr qurmağa çalışır, lakin ABŞ sanksiyaları bu səylərə mane olur.
Tehranın mövqeyindən xəbərdar olan yüksək rütbəli diplomat “Reuters”ə deyib ki, İran “bəzi ərəb ölkələrinin Suriyanı özgəninkiləşdirərək İranı təcrid etmək üçün pərdəarxası cəhdlərindən” xəbərdardır. Diplomat əlavə edib ki, bu səylər Vaşinqtonun sanksiyaların mümkün yumşaldılması təklifləri ilə bağlıdır.