“Hakimiyyət iş adamları və digər maraqlı tərəflərlə danışıqlara başladı, lakin sonra terrorçu qruplar etirazçılara qoşuldu”
“İran hakimiyyəti iqtisadi problemləri həll etmək üçün iş adamları ilə danışıqlara başladı, lakin daha sonra terrorçu qruplar etirazçılara qoşuldu”. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, bu sözləri İranın xarici işlər naziri Abbas Əraqçi xarici səfirlərlə görüşdə deyib. Nazir deyib ki, İrana qarşı terror müharibəsi aparılır.
O etirazların dinc xarakter daşıdığını iddia edib və hakimiyyət dərhal iqtisadi problemlərin həll yolunu tapmaq üçün iş adamları və digər maraqlı tərəflərlə danışıqlara başlayıb: “Lakin sonra terrorçu qruplar etirazçılara qoşulub”.
“Hakimiyyətin əlində etirazçıların hüquq-mühafizə orqanlarının əməkdaşlarına atəş açdığına dair açıq dəlillər var. Bu fonda ABŞ İranı zorakılıq və sabitliyi pozmaqla hədələyir”, - deyə Əraqçi qeyd edib.
Xatırladaq ki, ölkədə kütləvi etirazlar 2025-ci ilin dekabr ayının sonlarında İran rialının kəskin devalvasiyası fonunda başlayıb. Narazılığın əsas səbəbləri valyuta məzənnəsindəki dalğalanmalar və topdan və pərakəndə satış qiymətlərinin artması olub. Məlumatlara görə, davam edən etiraz aksiyalarında bu günədək 500-dən çox insan ölüb.