Ziya Məmmədovun müavininə yeni vəzifə verildi

Xəbərlər

03.07.2019 - 15:52

Novruz Məmmədov Musa Pənahovu şöbə müdirinin müavini təyin edib

 

Keçmiş Nəqliyyat nazirinin müavini Musa Pənahov Nazirlər Kabinetinin Kommunikasiya, tikinti və kommunal təsərrüfat məsələləri şöbəsinin müdir müavini təyin edilib. AYNA xəbər verir ki, bunu APA-ya açıqlamasında Musa Pənahov deyib.

O, qeyd edib ki, Baş Nazir Novruz Məmmədovun müvafiq sərəncamı ilə Nazirlər Kabinetinin Kommunikasiya, tikinti və kommunal təsərrüfat məsələləri şöbəsinin müdir müavini təyin edilib.

 

Qeyd edək ki, M.Pənahov Moskva Nəqliyyat Mühəndisləri İnstitutunu və Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bitirib. Əmək fəaliyyətinə 1976-ci ildən Azərbaycan Dövlət Dəmir Yolunun Keşlə Yük Stansiyasında başlayıb. 1984-1988-ci ildə Azərbaycan Dövlət Dəmir Yolunun Bakı dəmir yol hissəsinin Plan-iqtisad şöbəsinin rəis müavini, rəisi vəzifəsində, 1988-1993-cü illərdə Azərbaycan Dövlət Dəmir Yolunun Baş iqtisadçısı - Maliyyə xidmətinin rəisi vəzifəsində, 1993-2004-cü illərdə Azərbaycan Dəmir Yolu İdarəsinin iqtisadi məsələlər üzrə müavini vəzifəsində çalışıb.

 

Azərbaycan Respublikası Prezidentinin 23 fevral 2004-cü il tarixli 102 nömrəli sərəncamı ilə nəqliyyat nazirinin müavini vəzifəsinə təyin edilib və 13 fevral 2017-ci il tarixə qədər bu vəzifəni tutub.

 

Prezident İlham Əliyevin 13 fevral 2017-ci il tarixli fərmanı ilə Nəqliyyat Nazirliyi Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə birləşdirilib.

Müəllif: Ayna.az