"Zenit" ardıcıl 3-cü dəfə Rusiya çempionu olub

İdman

03.05.2021 - 07:05

Sankt-Peterburq təmsilçisi bu uğuru “Lokomotiv”lə matçında rəsmiləşdirib

 

Avropanın daha bir ölkəsində çempion müəyyənləşib. AYNA-nın Apasport.az-a istinadən məlumatına görə, “Zenit” Rusiya Premyer Liqasının qızıl medallarını qazanıb.

 

Sankt-Peterburq təmsilçisi bu uğuru XXVIII turun “Lokomotiv”lə matçında rəsmiləşdirib. Turnir cədvəlindəki ən yaxın izləyicisini 6:1 hesabı ilə darmadağın edən Sergey Semakın yetirmələri ardıcıl 3-cü dəfə ölkə çempionu olub. Sona iki tur qalmış qızıl medalları təmin edən komanda “Lokomotiv”dən 9, bir oyun az keçirən “Spartak”dan 11 xal öndə qərarlaşıb.

 

Ümumilikdə isə sankt-peterburqlular 8-ci çempionluğunu bayram edib. “Zenit” bir dəfə SSRİ, 7 dəfə Rusiyada hamını qabaqlayıb.

 

Qeyd edək ki, Sankt-Peterburq təmsilçisi bununla da Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanıb.

Müəllif: Ayna.az