“Ağ Ev rəhbərinin Rusiyaya qarşı lazımi rıçaqları var”
“Rusiya ilə Ukrayna arasındakı münaqişəni həll etməyə qadir olan yeganə dünya lideri ABŞ Prezidenti Donald Trampdır”. AYNA.AZ Avropanın “Politico” nəşrinə istinadən bildirir ki, bu sözləri Ukrayna Prezidenti Volodimir Zelenski deyib.
Prezident qeyd edib ki, Ağ Ev rəhbərinin Rusiyaya qarşı lazımi rıçaqları var: “Söhbət Rusiya iqtisadiyyatının müxtəlif sektorlarına qarşı potensial yeni sanksiyalardan gedir: ilk növbədə enerji sektorundan. Bununla belə, Amerikanın yeni məhdudiyyətlər paketinin nə qədər güclü olacağı hələ məlum deyil”.
Ukrayna lideri əlavə edib ki, növbəti anti-Rusiya sanksiyaları güclü olarsa, bu, Ukraynadakı münaqişəyə son qoya bilər: “Hər şey Trampın əlindədir... Qərar vermənin sürəti ondan asılıdır”.
Bundan əvvəl Zelenski Ukraynanın Qərb müttəfiqlərini Rusiyaya qarşı sanksiyaları gücləndirməyə çağırıb. Onun sözlərinə görə, G7 ölkələri, o cümlədən ABŞ və Avropa İttifaqı (Aİ) bundan qorxmamalı və Rusiya iqtisadiyyatına qarşı yeni məhdudiyyətlərin qüvvəyə minməsini təxirə salmamalıdır.