Ukraynanın “Qələbə planı” beş bənddən və üç məxfi əlavədən ibarətdir.
Ukrayna Prezidenti Volodimir Zelenski bu gün Ali Radanın iclasında “Qələbə planı”nı təqdim edib. AYNA Ukrayna mediasına istinadən bildirir ki, Ukraynanın “Qələbə planı” beş bənddən və üç məxfi əlavədən ibarətdir.
Ukrayna liderinin sözlərinə görə, birinci bənd geosiyasi, ikinci və üçüncü hərbi xarakter daşıyır. Dördüncü bənd iqtisadiyyata, beşinci isə təhlükəsizlik məsələlərinə aiddir.
Zelenski qeyd edib ki, hər bir bənd müəyyən bir dövr üçün nəzərdə tutulub.
“İlk dörd bənd müharibə dövrünü əhatə edir və onun başa çatdırılmasını nəzərdə tutur. Beşinci bənd isə postmüharibə dövründə təhlükəsizliyin təmin edilməsi ilə bağlıdır”, - deyə Zelenski vurğulayıb.
Ukrayna Prezidenti “Qələbə planı”na üç əlavənin məzmunu və ya detallarını açıqlamayıb.