Ukrayna lideri Rusiya Prezidentinin legitimliyini şübhə altına alıb
Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya Prezidenti Vladimir Putinin bəyanatlarına cavab verərək, onun legitimliyinin Ukrayna xalqı tərəfindən tanındığını deyib və Putinin özünün legitimliyini şübhə altına alıb.
AYNA xəbər verir ki, “Prezident Zelenskinin legitimliyi Ukrayna xalqı tərəfindən tanınır. Xalqımız azaddır. Yoldaş Putinin legitimliyini yalnız yoldaş Putin özü tanıyır”, deyə Ukrayna lideri Parisdə keçirdiyi mətbuat konfransında bildirib.
Qeyd edək ki, Putin bu ilin mayında səlahiyyət müddəti başa çatdıqdan sonra Zelenskinin legitim olmadığını dəfələrlə təkrar edib. Cümə günü Rusiya lideri yenidən deyib ki, “Ukraynada hakimiyyət qəsb edilib, lakin Rusiya danışıqlar aparmaq üçün kimisə axtarmağa hazırdır”.
Putin və digər Rusiya rəsmiləri Zelenskinin səlahiyyətlərinin mayın 20-də, onun vəzifəyə başlamasından beş il keçdikdən sonra başa çatdığını qeyd edirlər. Mayın 24-də Putin Ukrayna Prezidentinin səlahiyyətlərinin bitdiyini söyləyib.
Bununla belə, Ukrayna qanunları hərbi vəziyyət dövründə seçkilərin keçirilməsini xüsusi olaraq qadağan edir. Ukrayna Konstitusiyasında da belə bir müddəa var ki, hazırkı Prezidentin səlahiyyətlərini növbəti dövlət başçısı vəzifəyə başlayana qədər saxlayır.