Yol ver, Operativ Qərargah, yol ver bizə

İqtisadiyyat

19.03.2022 - 10:48

Qonşu ölkələrlə quru sərhədlərimiz niyə hələ də açılmır?

Pandemiya məhdudiyyətlərindən əvvəl Azərbaycan əhalisinin mühüm bir hissəsi, əsas da sərhədyanı bölgələrin sakinləri Türkiyə, İran, Rusiya və Gürcüstanla ticarətlə məşğul idi. Eyni zamanda qonşu ölkələrdə qiymətlərin daha ucuz olması səbəbindən elə həftəlik, aylıq bazarlığını da oradan edənlər az deyildi.

Hazırda quru sərhədləri bağlıdır. Ölkə daxilində günü-gündən bahalaşmanın olduğunu da nəzərə alsaq, deməli, quru yolların bağlı olması əhalinin rifahına təsirsiz ötüşmür. Lakin artıq pandemiya demək olar ki, geridə qalır. Dünya ölkələri bir çox məhdudiyyətləri ləğv etməkdədir. Ölkəmizdə isə bir sıra tələb və məhdudiyyətlər davam edir.

Qonşu ölkələrlə quru sərhədlərinin nə vaxtadək bağlı qalacağı, bunun meydana çıxardığı problemlərin həlli istiqamətində hansısa addımların atılıb-atılmayacağı ilə bağlı heç bir rəsmi açıqlama yoxdur. Vaksinasiyanın miqyası, yoluxmaların sayının azalması və epidemioloji vəziyyətin sabitləşməkdə olduğunu nəzərə alan bəzi mütəxəssislər isə hesab edirlər ki, ölkəmizdə bu tip məhdudiyyətlər aradan qaldırılmalıdır.

İqtisadçı ekspert Eldəniz Əmirov AYNA-ya şərhində deyib ki, ehtiyat tədbirlərini əldə verməmək şərti ilə, tədricən sərhədlər açılmalıdır: “Azərbaycan hökumətinin quru yollarını bağlaması əhalinin sağlamlıqla bağlı təhülkəsizliyinin təmin olunması istiqamətində əks seçimdən daha üstün tutularaq verilmiş qərardır. Pandemiya ilə bağlı vəziyyət səngisə də, bu, pandemiyanın tam bitdiyi demək deyil. Təbii ki, tədricən sərhədlərin açılması lazımdır. Sadəcə bu zaman biz bu ikisi arasında seçim etməliyik: ticarət dövriyyəsini artırmaq, yoxsa əhalinin tibbi təhlükəsizliyinin təmin olunması. Bu iki konteksdə baxdığımızda, Azərbaycan hökuməti daha çox əhalinin sağlamlığını düşünərək, bəzi dövlətlərdən fərqli olaraq ölkəyə giriş-çıxışda daha ciddi nəzarət mexanizmləri tətbiq edib. O cümlədən də, quru sərhədlərinin bağlanması kimi tədbir həyata keçirib”.

“Buna baxmayaraq, yaxın zamanlarda tədricən quru yollarının açılması gözləniləndir. Çünki ölkədə iqtisadi aktivliyin təmin olunması, ticarət dövriyyəsinin artması, ixrac  və ixracatın stimullaşdırılması üçün tədricən sərhədlərin açılması məsələsinə də baxmaq lazımdır. Çünki postpandemiya dövründə iqtisadi reinteqrasiyanın daha sürətli təmin olunması üçün vacib atılmalı olan addımlardan biri də quru sərhədlərin mümkün qədər tez açılmasıdır. Bu, həmçinin yerli sahibkarların mövcud şəraitə daha tez adaptasiyası üçün önəmlidir”, - deyə həmsöhbətimiz bildirib.

Onun fikrincə, sərhədlər gec açılacağı təqdirdə, ixracın stimullaşdırılması və xarici bazarlarda mövqelərin tutulması üçün yerli sahibkarlar gecikmiş ola bilərlər: “Quru yolların gec olmadan açılacağı təqdirdə isə onlar mövcud və yeni yaranmaqda olan bazarları öz məhsulları ilə təchizetmə nəzarəti altına ala bilərlər. Bu məsələdə daha adekvat addım atmaları üçün bu, əhəmiyyətlidir, çünki sonradan bazara daxil olmaq çox çətindir”.

Əmirov sahibkarların yeni ixrac kanalları istiqamətində düşünməli olduqlarını da diqqətə çatdırıb: “Eyni zamanda ixrac etdikləri məhsulların standarlarına – qida təhlükəsizliyi, beynəlxalq standartlara daha yaxın və uyğun bir səviyyədə məhsullar istehsal olunmalıdır. Təcrübə onu göstərir ki, istər kənd təsərrüfatı, istər sənaye məhsullarının istehsal olunması olsun – bunlar hələ hər şey demək deyil. Məhsulun standartlara cavab verməsi çox vacib şərtdir. Məhz bu şərt hesabına məhsulun xarici bazarlara çıxışını təmin etmək və uğurlu satış həyata keçirmək mümkün olur”.

Milli Məclisin sabiq üzvü, sahibkar və iqtisadçı alim Nazim Bəydəmirli də AYNA-ya açıqlamasında sərhədyanı ticarətin əhəmiyyətinə, əhalinin rifahında oynadığı rola diqqət çəkib: “Sərhədyanı ticarət həm humanitar, həm iqtisadi, həm də sosial baxımdan çox vacib və əksər ölkələrdə təşkil olunan alətlərdən biridir. Ancaq çox təəssüf ki, Azərbaycanda gömrük orqanlarının hədsiz monopolizasiyası, inhisarçılara şərait yaratması, sərhədyanı ticarətin qanun çərçivəsində fəaliyyətinə məhdudiyyətlər qoyulması və ölkəyə vətəndaşlar tərəfindən şəxsi istehlak üçün gətirilən malların miqdarının azaldılması faktlarını görürük. Bu da insanların rifahına mənfi təsir göstərir”.

“Vətəndaşlar bu suallarında olduqca haqlıdırlar ki, “niyə qonşu Gürcüstanla müqayisədə eyni mallar (idxal məhsulu olsa belə) Azərbaycanda 30-40, bəzən 50-60 faiz bahadır”. Eyni zamanda vətəndaşlar sərhəddən müxtəlif məhsullar keçirən zaman məhdudiyyətlər qoyulur, onlar incidilir. Sosial mediada bununla bağlı kifayət qədər xoşagəlməz videogörüntülər var. Bütün bunlar Azərbaycan hökumətini bir daha düşündürməlidir. Niyə bu məhsullar o ölkələrdə ucuzdur, Azərbaycanda isə bahadır? Azərbaycan hökuməti bunun təməlində duran səbəbləri araşdırmır. Bunun səbəbi məmur sahibkarlığı, inhisarçılıqdır. İnhisarçılıq da qiymətləri bahalaşdırır, eyni zamanda gömrük orqanlarında Azərbaycana idxal olunan məhsullarda bəyənnamə tətbiq edərək suni qiymət artımı yaradırlar”, - deyə müsahibimiz vurğulayıb.

Sabiq deputat xatırladıb ki, pandemiyadan əvvəl cənub bölgəsində yaşayan vətəndaşlarımız həftəlik bazarlıq üçün İrana gedirdilər: “Öz şəxsi istehlakları üçün məhsul gətirirdilər. Hökumət bütün bunları asanlaşdırmaq əvəzinə, görürük ki, gömrük orqanları tərfindən çətinləşdirilir. Sərhədyanı ərazidə yaşayanların həftəlik, aylıq ticarətlə məşğul olmalarına məhdudiyyətlər qoyulur, limitlər tətbiq edilir. Bu, yolverilməzdir. Hökumət əslində bu səbəbləri aradan qaldırmalıdır. Varlı ölkənin vətəndaşı niyə gedib kasıb ölkədən ticarət etsin?! Bunun səbəbi olan monopoliya, rəqabətsizlik mühiti aradan qaldırılmalıdır”.

Bəydəmirli hesab edir ki, əhalinin vaksinləşmə statistikasını, eləcə də epidemioloji vəziyyəti əsas götürsək, quru yolların açılmaması üçün hazırda ciddi bir əsas yoxdur: “İndi də pandemiya dövründə quru yolunun bağlı olması əhalinin önəmli hissəsinə mənfi təsir göstərir. Bu baxımdan quru sərhədləri açılmalıdır. Deyilənə görə, əhalinin 90%-i peyvənd olunub. Hətta hökumət statistikasına inansaq, bu, daha çoxdur. Bu baxımdan həm iqtisadi əlaqələr, həm də dediyimiz digər məsələlər baxımından quru yolların açılması müsbət nəticələnər. Novruz bayramı ərəfəsində əsasən İrandan Azərbaycana istirahət üçün gələnlər olurdu. Bu da Azərbaycanda xidmət sektoruna, hotelçilik, həmçinin iqtisadiyyatın ayrı-ayrı sektorlarına müsbət təsir göstərirdi. Bütün bunların qarşısı pandemiya bəhanəsi ilə suni yollarla alınır”.

İqtisadçı ekspert Natiq Cəfərli də AYNA ilə söhbətində quru sərhədlərin hələ də bağlı olmasını məntiqsiz qərar saydığını söyləyib: “Artıq bütün dünya koronavirusun gətirdiyi məhdudiyyətlərin tamamilə aradan qaldırılması ilə bağlı qərarlar verir. Martın 20-dən Avropa Birliyi ölkələri ərazisində nəinki sərhədlərin açılması, eyni zamanda tibbi maska taxılması, COVID-19 pasportunun tələbləri demək olar ki, ləğv ediləcək. Ona görə indiki şəraitdə Azərbaycanda həm COVID-19 pasportu ilə bağlı məhdudiyyətlər, həm quru sərhədlərin bağlı qalması anlaşılan məsələ deyil. Çünki quru sərhədlərin bağlı, hava sərhədlərin açıq olması, ümumiyyətlə, məntiqə uyğun deyil. Söhbət virusun yayılmasından gedirsə, virus ancaq quru yolla yayılmır. Hava yolu sərhədlərində tətbiq edilən qaydaları tətbiq etməklə quru yollarını da açmaq lazımdır”.

“Mənə elə gəlir ki, tək sərhədyanı ticarətə görə yox, ümumiyyətlə, iqtisadi əlaqələrin normallaşması, gediş-gəlişin artması üçün quru sərhədlər mütləq açılmalıdır. Ümid edək ki, heç olmasa Novruz bayramından sonra bununla bağlı qərar veriləcək. Ola bilər, indi Novruz bayramı ilə bağlı uzunmüddətli istirahət günlərinin olaması bəhanə edilərək, Azərbaycanda da sönməkdə olan virusun daha çox yayılması ehtimalı nəzərə alınaraq, bayram günlərində sərhədləri açmaq istəmirlər”, - deyə iqtisadçı bildirib.

Cəfərli quru yolların bağlı olmasının hava nəqliyyatında qiymətlərə təsirinə də diqqət çəkib: “Quru yolların bağlı olması hava nəqliyyatında da qiymətləri bahalaşdırır. Yolların bağlı olması, məsələn, Tiflis istiqamətində hava nəqliyyatında qiymətləri fantastik dərəcədə bahalaşdırıb. Ona görə də, heç olmasa bayramdan sonra quru yolu sərhədlərinin açılması gündəmə gəlməlidir. Ümumiyyətlə, COVID-19 ilə bağlı qoyulmuş bütün məhdudiyyətlər aradan qaldırılmalıdır. Azərbaycan da dünyaya paralel olaraq getməlidir. Çünki hazırkı epidemioloji vəziyyət də buna imkan verir”.

Müəllif: Aləmdə Nəsib