“Yaxın saatlarda Ermənistanda dövlət çevrilişinin şahidi ola bilərik”

Aktual

25.02.2021 - 20:22

Zaur Məmmədov: “Kremli tanıyan hər kəs bilir ki, bu kimi hadisələr, ələlxüsus da qonşu ölkələrin siyasətçilərinə bağışlanmır”

 

Ermənistanın Baş naziri Nikol Paşinyanın “Azərbaycana “İsgəndər” atdıq, partlamadı” fikirlərindən sonra yaranan qalmaqal davam edir. Ordunun Paşinyana qarşı hərəkətlənməsinin ardınca Baş nazir tərəfdarlarını meydana çağırıb.

 

Analitiklər prosesin arxasında Rusiyanı görür və baş verənləri hərbi çevrilişə cəhd kimi dəyərləndirirlər. Bununla yanaşı, baş verənlərin fonunda iki ölkə arasında münasibətlərin kəskin dəyişəcəyi də bildirilir.

 

Buna adekvat olaraq, Rusiya Prezidenti Vladimir Putinin sözçüsü Dmitri Peskov hadisələrin inkişafını narahatlıqla izlədiklərini söyləyib. O, Ermənistanda baş verən hadisələrin ölkənin daxili işləri olduğunu vurğulamağı da unutmayıb. Lakin Putinin sözçüsü Paşinyanın “İsgəndər” raket kompleksi barədə dediklərinə  cavab verməyib.

 

Siyasi elmlər doktoru, politoloq Zaur Məmmədov baş verənlərlə bağlı AYNA-nın suallarını cavablandırıb.

Zaur Məmmədov: “Post-koronavirus dövründə iqtisadi müharibə davam edəcək”

- Zaur bəy, Ermənistanda vəziyyətin gərginləşməsi Paşinyanın Rusiyaya sərf etməyən fikirləri ilə nə qədər əlaqəlidir?

 

- Məsələ burasındadır ki, bu fikirlər Paşinyanın Rusiya silahları ilə bağlı səsləndirdiyi ilk tənqidi fikirlər deyil. Paşinyanın növbəti dəfə Rusiya silahları ilə bağlı səsləndirdiyi tənqidi fikirlər də təbii ki, həm Ermənistan ictimaiyyətində, həm də Rusiya ictimaiyyəti və iqtidarında ciddi reaksiyaya səbəb olub. Lakin Paşinyan bu dəfə daha da irəli gedərək, müasir Rusiya tarixində ən uğurlu silah növlərindən sayılan “İsgəndər” raket kompleksi ilə bağlı çıxış edib və bu da Rusiyada birmənalı qarşılanmayıb. Artıq iki gündür ki, Rusiya Dövlət Dumasının deputatlarından tutumuş, müxtəlif rəsmi şəxslər, ekspertlər və digərləri Nikol Paşinyanı bu çıxışına görə ciddi şəkildə tənqid etməyə başlayıblar. Hətta, “İsgəndər”lə bağlı fikirlərinə görə Nikol Paşinyanın üzr istəməsi tələb edilib.

 

Məsələ burasındadır ki, “İsgəndər” raket kompleksi bir neçə il əvvəl Amerika Birləşmiş Ştatlarının Şərqi Avropda Rusiyaya qarşı qurmuş olduğu raket sistemlərinə cavab olaraq istehsal edilmişdi. Bundan sonra da bu istiqamətdəki siyasətdə ABŞ ilə Rusiya arasında silah yarışı başlamış və Moskva bu silahlardan NATO ölkələrinə, xüsusən də ABŞ-a qarşı təzyiq vasitəsi kimi istifadə edirdi. Qarabağ döyüşlərində isə biz Rusiya silahlarının hansı vəziyyətdə olduğunu daha yaxşı gördük.

 

- Nikol Paşinyanın “İsgəndər” və digər Rusiya silahlarını tənqid etməsi, təbii ki, Rusiyanın hərbi-siyasi nüfuzuna zərbə də endirdi. Rusiyanı həm də bu zərbə qıcıqlandıra bilərmi?

 

- Təsadüfi deyil ki, Qarabağ müharibəsindən sonra Rusiya hərbi sənaye kompleksinin alıcılarının sayı kifayət qədər aşağı düşməyə başladı. Eyni zamanda, “İsgəndər” başda olmaqla, digər Rusiya istehsalı olan silah növlərinin qiymətləri də ucuzlaşdı. Ona görə də Nikol Paşinyanın çıxışına Ermənistan müxalifəti həm də bu aspektdən yanaşaraq, öz xeyrinə bacardıqca istifadə etməyə çalışır və fürsətdən istifadə edərək Nikol Paşinyanın Rusiya tərəfindən cəzalandırılması üçün geniş şəkildə informasiya müharibəsinə başlayıblar.

 

Kremli tanıyan hər kəs bilir ki, Putin, adətən, bu kimi hadisələri, ələlxüsus da qonşu ölkələrin siyasətçilərinə bağışlamır və Ermənistan hələ də Rusiyanın hərbi-siyasi müttəfiqi sayıldığı üçün, İrəvan tərəfindən səsləndirilən bu fikir Rusiya tərəfindən xüsusi həssaslıqla qarşılanıb. Post-müharibə dövründə biz Kremlin Ermənistan müxalifətinə dəstək vermədiyinin şahidi olduq, çünki Paşinyan üçtərəfli Qarabağ razılaşmasının qarantı kimi, pis-yaxşı Kremlin bütün təkliflərini yerinə yetirirdi. Amma digər tərəfdən, onun anti-Rusiya mövqeyi də xalq tərəfindən sevilir və Paşinyanın bu çıxışı da emosional fonda özünü müdafiə etmək üçün səsləndirlib. Təbii ki, bu çıxışın Ermənistan dövlətinə zərbəsini biz yaxın günlərdə görmüş ola bilərik.

 

- Belə çıxır ki, Ermənistanda vəziyyətin gərginləşməsində Rusiyanın da rolu var?

 

- Hal-hazırda, Moskva Paşinyana alternativ lider axtarışında olsa da, etiraf etmək lazımdır ki, erməni cəmiyyəti Paşinyana alternativ lider görmür. Bunu, ən azından Ermənistanda aparılan beynəlxalq sorğuların nəticəsindən də görə bilərik. Erməni siyasi arenasında Paşinyana alternativ sayıla biləcək Robert Koçaryan, Sarukyan və Artur Vanisyanın adını çəkə bilərik ki, xalq onların hakimiyyətə gəlməsində maraqlı deyil. Ən son sorğunun nəticəsinədə gördük ki, ölkənin 33 faizi Paşinyanı dəstəkləyir, 27 faizi isə heç kimə səs vermək istəmir.

 

Belə olan təqdirdə, Rusiyanın qarşısında əsas vəzifə ya hakim partiyanın daxilində, ya da digər siyasi partiyalar arasında Paşinyana alternativ axtarmağa başlamaqdır. Yəqin ki, Rusiya Paşinyana alternativi hakim partiyanın daxilində də axtarmaqdadır. Necə ki, Ermənistanın xarici işlər naziri Ara Ayvazyanın çıxışlarının Nikol Paşinyanın çıxışları ilə üst-üstə düşmədiyinin şahidi oluruq, həmçinin digər nazirlərin də. Hər halda, Rusiya Nikol Paşinyanı bu davranışlarına görə, mütləq cəzalandıracaq.

 

- Baş verənlərin fonunda Azərbaycan üçün əsas məqamlar nədir?

 

- Bizim üçün əsas məqam Ermənistanın daxilindəki proseslər fonunda Qarabağ-Xankəndi məsələlərinə xələl gətirilməməsidir. Düzdür, Ermənistan bu gün Cənubi Qafqazda proseslərin subyekti yox, obyektinə çevrilib, amma eyni zamanda Rusiyanın daxilində baş verənlər hələ də xüsusi aktuallıq kəsb etməkdədir.

 

- Paşinyanın devrilməsi nə qədər realdır?

 

- Nikol Paşinyanın ölkənin Baş Qərargah rəisini və müavinini işdən çıxarması onun ciddi səhv idi. Çünki biz 2018-ci ildə də gördük ki, istənilən inqilabda ordunun, polisin və tələbələrin kimin yaında olması olduqca vacbdir. Yəqin ki, ordunun Nikol Paşinyana istefa tələb etməsi, birbaşa olaraq Kremldən gələn təlimat əasındadır və bu da o deməkdir ki, artıq yaxın saatlarda Ermənistanda dövlət çevrilişinin şahidi ola bilərik.

Müəllif: Mərahim Nəsib