Yeni bayram gününün təsis edilməsi Ermənistandakı vəziyyəti qətiyyən dəyişmir
Oktyabrın 3-də Ermənistanda ilk dəfə yeni bir bayram - Milli Azlıqlar Günü qeyd edildi. Bu bayramda ən diqqətçəkən məqam Ermənistanda demək olar ki, milli azlıqların qalmamasıdır.
Ötən əsrin 80-ci illərinin sonlarında azərbaycanlıları xüsusi qəddarlıqla qovan və Azərbaycan torpaqlarının işğalı ilə başa çatan hərbi təcavüzə səbəb olan ölkədə apriori, multikulturalizm və tolerantlıqdan söhbət gedə bilməz. Hətta, bu ilin mart ayında Milli Azlıqlar Gününün bayram günü kimi təsis edilməsi də Ermənistandakı vəziyyəti kökündən düzəltmir.
Məlumdur ki, Ermənistan antisemitizmə görə Mərkəzi və Şərqi Avropa ölkələri arasında mütləq liderdir. Amerikanın “Pew Research Center” araşdırma mərkəzinin məlumatına görə, Ermənistan əhalisinin 32%-i yəhudiləri tamhüquqlu həmvətənləri hesab etməkdən imtina edir.
Uzun illərdir ki, Ermənistanda milli kimliklərini layiqincə qoruyacaq dövlət siyasəti olmadığını bəyan edən yezidilərlə bağlı vəziyyət acınacaqlı olaraq qalmaqda davam edir. Bu vəziyyət Yezid İnsan Haqları Mərkəzinin rəhbəri Saşik Sultanyanın cinayət təqibi fonunda xüsusilə aktualdır. Ermənistan Milli Təhlükəsizlik Xidməti (MTX) milli azlıqların hüquqlarını müdafiə etmək üçün onun “yezidinews.com” saytına keçən il verdiyi müsahibəni əsas götürərək, Sultanyana qarşı cinayət işi açdı.
Helsinki Vətəndaş Assambleyası Vanadzor ofisinin rəhbəri Artur Sakuntsun dediyinə görə, MTX əməkdaşları uzun illər əvvəl Sultanyanı “verbovka” etməyə çalışsalar da, nəticəsi olmayıb. “Təəssüf ki, bənzər cəhdlər Məxməri İnqilabdan sonra edildi. Saşik Sultanyana onun belə əməkdaşlıq təklifini rədd edəcəyi halda, sadəcə bu qərarın gələcəkdə onun üçün müəyyən nəticələr verəcəyini söylədilər”, - deyə Sakunts “Azadlıq Radiosu”nun erməni xidmətinə müsahibəsində bildirib.
O, əmindir ki, milli azlıqların problemlərinin qaldırılması, hətta burada şişirtmə amili olsa belə, cinayət işinin başlanmasına səbəb olmamalıdır. Sakunts hesab edir ki, bu cinayət işi milli azlıqların problemlərini qaldırmalarına dövlətin necə münasibət göstərdiyinin göstəricisidir.
Bu qalmaqal beynəlxalq bir əks-sədaya səbə oldu. Məsələn, avqust ayında BMT-nin azlıqlar məsələləri üzrə xüsusi məruzəçisi Fernan de Varen, insan haqları müdafiəçiləri üzrə xüsusi məruzəçi Meri Lavlor və fikir azadlığı hüququnun qorunması üzrə xüsusi məruzəçi İren Xan Ermənistan hakimiyyətinə müraciət ediblər. Onlar Ermənistan hakimiyyətini Sultanyana qarşı cinayət ittihamlarını ləğv etməyə çağırıblar. Ekspertlərin fikrincə, fəalın həbsi azlıqların hüquqlarını müdafiə edən hər kəsi qorxutmaq cəhdidir. Sultanyanı 3 ildən 6 ilə qədər həbs cəzası gözləyir.
Ermənistanda fəaliyyət göstərən bir çox insan haqları təşkilatları və insan haqları müdafiəçiləri, belə bir presedentin, milli və ya etnik azlıqların nümayəndələri və ya başqaları tərəfindən ayrı-seçkiliyə və ya azlıqların hüquqlarına təsir edən mövzularda ictimaiyyət qarşısında çıxış etməsinə mane olmasından narahat olduqlarını ifadə edərək, qınayıcı bəyanatlar verdilər.
Bu yaxınlarda Ermənistanın Yezidi icmasının nümayəndələri Sultanyana dəstək üçün imzatoplama kampaniyası təşkil etdilər və Baş nazir Nikol Paşinyana müraciət etdilər. İmza toplanmasında Yezidi icmasının 1500-dən çox nümayəndəsi iştirak etdi.
Müraciətin mətnini imzalayanlar Sultanyana qarşı cinayət təqibi ilə bağlı fikir ayrılıqlarını və qəzəblərini ifadə ediblər: “Bizim üçün ən çox narahatlıq doğuran məqam bir ildən çox davam edən istintaq və qeyri-mütənasib istintaq hərəkətləri zamanı Sultanyan və Yezidi İnsan Hüquqları Mərkəzi tərəfindən düşmənçiliyə təhrik edən heç bir konkret sübutun tapılmamasıdır. Ermənistanın Baş Prokurorluğu buna baxmayaraq işin ittiham aktı ilə məhkəməyə göndərilməsinə qərar verərək, insan hüquqlarının pozulmasına dair ifadələri nifrətə təhrikedici hərəkət kimi qiymətləndirib”.
Yezidi hüquq müdafiəçisinin təqibi açıq şəkildə göstərir ki, bu ölkədə Ermənistanın indiki hakimiyyəti də milli azlıqlara münasibətini dəyişməyib. Azlıqlar hələ də təhsil, mədəniyyət və sosial sahələrdə problemlər yaşayırlar.
Bundan başqa, dövlət yezidilərin yaşadığı kəndlərə yardım göstərmir ki, bu da onların köçünə səbəb olur. Nəticədə yezidi kəndləri boşalır və Ermənistanda onların sayı sürətlə azalır. Bütün bunlar milli azlıqların nümayəndələrinə qarşı diskriminasiya və sıxışdırılmanın Ermənistanda dövlət siyasəti səviyyəsinə qaldırıldığının sübutudur.