Yarımçıq əlillik

Cəmiyyət

11.12.2020 - 23:00

Dövlət qurumlarının əksəriyyəti vətəndaşlar qarşısında süni maneələr yaradır

Görünür mövcud olan problemlər bundan əvvəl də olub, bundan sonra da olacaq. Bütün bu problemlərin nə zaman öz həllini tapacağı isə sual altındadır. Cəmiyyətin problemlərindən biri olan əlilliyin təyin olanması ilə bağlı yaranan süni maneələr və həmin maneələri yaradan qurumların faəliyyətindən söhbət açacağıq. AYNA-nın bu günkü həmsöhbətimiz "Vərəmsiz Gələcəyə Doğru" Pasient Hüquqlarının Müdafiəsi və onlara Qayğı İctimai Birliyinin direktoru Çingiz Ramazanlıdır.

  • Çingiz bəy, ilk öncə Təşkilatınız barədə məlumat verərdiniz zəhmət olmasa
  • Təşkilatımız “Vərəmsiz Gələcəyə Doğru” adlanır. Bu təşkilat pasient yönlü təşkilatdır. Pasientlər, yaşadığı problemlər, onların hüquqlarının pozulması zamanı bizə müraciət edirlər və biz nizamnaməyə əsasən vərəm və digər infeskion xəstəliklərlə bağlı problemləri araşdırırıq və hhəm də bu yöndə dövlət qurumlarına kömək oluruq.  Təşkilat 2017-ci ilin may ayında yaranıb, lakin Ədliyyə Nazirliyi tərəfindən 2020-ci ilin iyun ayında qeydiyyatdan keçirilib.2017-ci ildə yaranmasına baxmayaraq Təşkilat ilk günlərdən çox böyük addımlar atmağa başlayıb.  Ölkədə apardığımız fəaliyyətlərimizi görərək hələ qeydiyyatımız olmayaraqdan belə bizi onların bu sahədə işləyən qeyri-hökumət təşkilatları ilə təcrübə mübadiləsi aparmaq üçün bir sıra xarici ölkələrə dəvət ediblər. Bu cəhətdən 2017-ci ildən bu günə qədər biz Gürcüstanda,Belarusiyada,  Moldovada, Ukraynada olmuşuq. Bunların hamısı QHT-nın xətti ilə öyrədici seminarlar olub. Və iki ölkə arasında bu sahə üzrə təcrübə mübadilələri aparılıb. Bu, bizə çox kömək edib. Ədliyyə Nazirliyi ilə uzun müddət yazışma və çək- çevirlərdən sonra bizim təşkilat da dövlət qeydiyyatına alınmışdır. Rəmi qeydiyyat olmadan da fəaliyyətin göstərilməsinə qanunvericilik imkan verir ki. Lakin rəsmi olmasını daha məqsədə uyğun hesab etdik.
  • Niyə məhz bu sahədə fəaliyyət göstərmək qərarını aldınız?
  • Uzun müddət araşdırma etdikdən sonra fəaliyyətimizi məhz bu sahədə qurmaq qərarına gəldik ki, Vətəndaş Cəmiyyəti Təşkilatı kimi cəmiyyətdə, vətəndaşların arasında sosial hüquqların, yəni əlilliyin alınması ilə bağlı vərəm müalicəsində pasient qüsurları görürsə, və bizə bununla bağlı sorğular göndərirlər və biz də bu sahədə onların pozulmuş hüquqlarının dövlət qurumları ilə əlbir olaraq  bərpasına çalışırıq.
  • Müraciət və şikayətlərin çoxu nə ilə bağlı olur?
  • Ən çox müraciət əlilliyin alınmasında olan problemlərlə bağlıdr.  Əlilliyin alınmasında olan problemləri biz çeşidlədikdə,onları bir neçə qrupa böldük.
  •  Bu bölgü nə ilə bağlı olur?
  • Yəni əlilliyin təyin olunması ilə bağlı imtinalar hansı əsaslarla verilir? Əvvəla onu qeyd edim ki, bizə müraciət olunanda, biz o müraciəti götürüb kortəbii, teztələsik bir ərizə yazıb Nazirliyə göndərmirik.Bizə müraciət ərizəsi daxil olur, həmin müraciət əsasında, necə ki, əvvəlcədən də həmin şəxslərə müraciətin qaydalarını göndəririk ki, ərizəyə hansı sənədlərin sürətləri əlavə olunmalıdır. Həmin ərizəyə daxil olan sənədlərin sürəti ilə tanış oluruq, filtirasiya edirik, tam filtirasiyadan keçiririk, əgər orda mübahisəli sual yaranarsa,aidiyyatı üzrə məktubla həmin sənədi vermiş quruma  müraciət edirik və onu dəqiqləşdiririk. Ondan sonra görəndə ki, burda problem var, həmin problemin həllinə çalışırıq. Bu isə daha çox Vərəm xəstəliyi ilə bağlı Əlilliyin qiymətləndirilməsi sahəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət sosial Müdafiə Fondunun Tibbi Sosial Həkim Ekspert Komissiyasının verdiyi imtina cavablarıdır.
  • İmtinalar nə ilə bağlı olur? Nələri əsas götürərək imtina edirlər?
  • Bir qədər öncə də qeyd etdiyim kimi biz bu imtinaları nəzərdə keçiririk və görürük ki, əsasən imtinalar “təkrar müalicəyə ehtiyacı var” adlı ilə verilir. Yəni təkrar müalicəyə ehtiyacı var o deməkdir ki, indiyə qədər nə qədər müalicə olunubsa, o azdır və bu, əlilliyin təyin olunması üçün əsas deyil. Lakin Nazirlər Kabinetinin keçmiş qərarı var. Həmin qərara əsasən orda altı aydan on iki aya qədər ambulator və ya stasionar müddət keçməli idi ki, ondan sonra ağırlaşmalar olursa, bu zaman vərəm xəstəliyinə görə, pasient  Tibbi Sosial Həkim Ekspert Komissiyasına təqdim oluna bilər. O, qeydiyyatda olduğu müalicə müəssisəsinə təqdim olunmalıdır. Lakin aydındır ki, NK köhnə qərarı qüvvəsini itirmiş olur və yeni qaydalar çıxır. NK əlilliyin qiymətləndirilməsi sahəsindəki yeni qaydalarda isə göstərir ki, əvvəl deyildiyi kimi altı aydan on iki aya qədər deyil, vərəmin davamlı və həsas formaları olduqda  əlillik təyin edilsin. Onu da qeyd edim ki, həsas formalarda əlillik dərəcəsi demək olar ki, təyin olunmur. Davamlı forma isə özü iki qrupa bölünür: Çoxsayılı dərmanlara davamlı və geniş sayılı dərmanlara davamlı vərəm . Hər ikisi NK yeni qərarında göstərilir ki, müddət gözlənilmədən verilir. Aydındır ki, ağırlaşdırıcı hallar olduqda.
  • Ağırlaşdırıcı hallar nədir?
  • Bronxial, nəfəsyolu, ürək çatışmazlıqları və. s. Xəstəlik fonunda bunlar da özünü büruzə verir. Ən əsası da vərəmin çoxsayılı və geniş sayılı dərmanlara davamlı forması varsa,bunlar artıq icazə verir ki, müddət gözləmədən əlilliyin təyin edilməsinə göndərilsin.
  • Bunu bilə-bilə niyə imtina verilir?
  • Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət sosial Müdafiə Fondunun Tibbi Sosial Həkim Ekspert Komissiyası bunu sanki əhalinin bu sahədəki maarifsizliyindən istifadə edərək elə hamısına deyir ki, əlavə müalicəyə ehtiyacı var. Axı, o sənədlər göndərilirsə, həmin o sənədləri göndərən yerlərdə oturan həkimlər də təcrübəli həkimlərdir,onlar da bu qaydaları bilirlər. Əgər davamlı vərəm forması görmürlərsə,bakterial nöqteyi nəzərdən bəlğəm analizindən sübut olunmursa ki, vərəmin davamlı formasıdır, o necə göndərə bilər onu.Axı, o risk edir, yalançı göndəriş də olmaz. Bunların hamısı araşdırılır, orda oturanlar da həkimdir. Ona görə də imtinanı əsassız göndərirlər, biz onu əsassız sayırıq.  Cənab nazir Sahil Babayevə ünvanladığımız məktubda göstəririk ki, Vətəndaş Cəmiyyəti adından araşdırmanı yenidən aparmalarını xahiş edirik. NK -nin göstərilən filan, filan vərəmin davamlı formaları müddətgözlənilmədən verilməlidir. Bu ən böyük problemlərdən biridir. Bununla bağlı olan işlərimiz hələ ki, davam edir. ƏƏMN-də nazir müavini cənab Anar Kərimov çox sağolsun, bizlərlə görüşür, Əlillik siyasəti şöbəsindən, şöbə rəisinin müavini Ülvi Hüseynovdur, Pensiya siyasəti şöbəsindən  Babək müəllim və.s bu şəxslər əllərindən gələn köməklikləri ediblər.
  • İmtina cavabı verilməsin deyə nə etməlidirlər? Bəlkə, həmin qərarları da sənədlərin içərisində onlara təqdim etsinlər.
  •  Məsələyə individual deyil, kökündən yanaşmaq lazımdır. Və birdəfəlik olaraq forma yaranmalıdır ki, əlilliyin təyin olunmasında qanunvericiliyin göstərişlərinə əməl olunmalıdır.
  • Bütün beynəlxalq aləmin, ÜST-nın yeni protokollarına əsasən vərəmin ambulator modelinə keçirilir. Yəni vətəndaş, pasient yönümlü formalarına keçirilir. Bu nə deməkdir?
  •  Stasionar vərəm müalicəsi demək olar ki, ləğv olunur. Bir neçə faiz saxlanılmaqla ağır hallar üçün nəzərdə tutulur.  Çünki hamı işindən ayrılmadan vaxtı vaxtında, birbaşa nəzarət altında dərmanlar qəbul etməlidir.  Həmin dərmanları qəbul edir, daha sonra işləri ilə məşğul olurlar. Çünki iki həftə dərmanı qəbul edirsə, o, artıq ətrafı yoluxdurmur, abasilar formaya keçir. Xəstəlik sırf özünə aid olur, lakin müalicəyə ara vermədən dərmanlar qəbul edilməlidir. Çünki müalicəyə ara verilsə, o,resedivlər yaradır.
  •  
  • Çingiz bəy, əlilliyin təyin olunmasına görə göndərilən daha hansı imtinalar barədə sizə məlumat daxil olur?
  • Əlilliyin qiymətləndirilməsinə göndəriş pasientin qeydiyyatda olduğu müalicə müəssisəsi tərəfindən verilməlidir. Belə baxanda düz olduğunu düşünürəm. Məsələn, mən Xəzər rayonunda yaşayıram, əlilliyim təyin olunması üçün göndərilirsə, Xəzər rayon mərkəzi  rayon xəstəxanasının vərəm şöbəsinə göndərilməlidir. Lakin nəzərə almaq lazmdır ki, çox xəstəxanlarda vərəm kabineti olmadığına, qanunvericilikdə icazə verilmiş digər hallar daxilində pasient Vərəm Dispanserinə göndərilir. Məsələn, Xəzər rayonunda 7 saylı Vərəm Dispanseri var. Lakin elə rayonlar var ki, orda yoxdur. Elə rayonlar var ki, poliklinikaların nəznində vərəm şöbələri var. İndi bura diqqət edin, görün bununla bağlı bəzi hallarda imtinaya göndərilərkən nəyi qeyd edirlər. Pasientin əlilliyinin qiymətləndirilməsinə göndəriş yaşadığı ərazi üzrə tibb müalicə müəssisəsinə. Məsələn, belə bir hal olub ki, pasient bizə müraciət edib ki, özü Qaradağ rayonunda yaşayıb,lakin ona Ağciyər İnstitutundan göndəriş veriblər ki, ona yaxın rayonda yerləşən Vərəm əleyhinə dispanserinə. Məsələn, bütün xəstəxanlar Azərbaycan Respublikasında yerləşir, hamısı indi TƏBİB-ə tabedir. Yəni əlilliyin təyinatından imtina edilir və geri qaytarılır ki, getsin qeydiyyat üzrə sənədləri alsın. Bunun nə fərqinin olması hələ mənə çatmır. Məsələn, bu zaman pasient qeydiyyatda olduğu ərazi üzrə müəssisəyə yaxınlaşdıqda isə həkim ona göndəriş verə bilmir, çünki qeydiyyatda olmasına baxmayaraq onun müalicəsində iştirak etməyən müəssisə ona necə göndəriş verə bilər? Bu iki məsələni qeyd edərək imtina göndərirlər. Müalicəyə ehtiyacı var dedikdə isə dövlətin qanunlarınən əksinə getmiş olurlar. Düşünürəm ki, bu da süni maneələrdir sadəcə. Bununla da vətəndaşların inamsızlığına gətirib çıxarır.
  • Təşkilatınıza daha hansı problemlərlə bağlı şikaytələr daxil olur?
  • Vərəmin müalicəsindəki keyfiyyətsizlik barədə müraciətlər var. Məsələn, pasient deyir ki, gedirəm dərmanları almağa, dərmanların biri var, üçü yoxdur. Bu, artıq müalicənin yarımçıq qalmasına səbəb olur, yarımçıq qalma da xəstəliyin davamlı fromaların yaranmasına gətirib çıxarır. Bununla bağlı böyük problemlər olmasa da, belə tipli müraciət formaları da olur. Bununla bağlı problemləri də həll etməyi bacarmışıq. Bizim ən böyük uğurumuz müalicə həkimləri ilə birgə işləməyimizdir.Bizim geniş əlaqlərimiz var. ƏƏSMN-də adlarını çəkdiyim insanlar da problemlərin araşdırılmasında bizə çox kömək olur. Bunlar da danılmazdır.
  • Həmin xəstələrin daha hansı problemləri var?
  • Bizə cəmi bir dəfə belə bir müraciət daxil olub ki, cəzaçəkmə müəssisəsində vərəm xəstəsi müalicə alır, Ədliyyə Nazirliyinin cəzaçəkmə müəssisələrində xüsusiləşdirilmiş müalicə müəssisəsi var. Yaşlı bir pasient yazır ki, uzun müddət Rusiyada cəza çəkib, daha sonra Azərbaycana ekstradisiya olunub. Rusiyada olan vaxtdan vərəm xəstəsi olub. Və burda bacısı evi satıb, heç kəsləri olmayıb. Bir sözlə cəzaçəkmə müəssisəsindən çıxıb və qalmağa yeri yoxdur . Hər dəfə müalicə müəssisəsində müalicə alır, orda qalır, müalicəsi bitdikdə həkimə yalvar yaxır edir ki, yenə müalicə adıyla qalsın. Onu da küçəyə atmayacaqlar ki. Aydın oldu ki, bu kimi şəxslər üçün sosial müəssisələr var. Bizə onu həmin müəssisəyə yerləşdirmək üçün lazım olan sənədərin siyahısını verdilər. Və biz də həmin sənədlər əsasında onu həmin müəssisəyə yerləşdirdik. Çox sevindi, razı qaldı. Belə iş yalnız bir dəfə olub. Lakin bizim əsas işimiz pasientin əlilliyinin alınmasında yaşanan problemlərlə bağlıdır.
  • Əlilliyin təyin olunması prosesi elektron qaydada aparılır, burda hər hansı mənfi nüanslar ola bilərmi? Yəni kimsə rüşvət və ya qohumbazlıq hesabına əlillik əldə edə bilərmi?
  • Bütün bu proseslər elektron sistem formasında həyata keçirilir. Sistemdə həmin sənəd adsızlaşdırılır. Lakin əvvəlki qaydada mənfi, müsbət tərəflər olduğu kimi bu elektron sistemin də mənfi və müsbət tərəfləri var. Mən bu barədə Nazirlikdə də öz fikrimi bildirdim ki, düzdür elektron olaraq sənəd adsızlaşdırılır və pasienti görmürlər, bəlkə həmin sənədlər də elə saxta və rüşvətlə əldə olunmuş sənəddir, axı, burda pasienti yoxlamırsınız. Əvvəlki qayda da elektron olmayan zamanlarda pasient həkimləri görür, rüşvətlə sənəd düzəldirdilər. Bunu deyəndə də mənə qəribə baxırdılar. Düzdür, hər kəs özünün düz olduğunu sübut etməyə çalışır. Onlar yerlərinə görə narahatdırlar, nəyisə səhv olsa, onu düz kimi qələmə verməyə çalışırlar, çünki dövlət məmurudur. Lakin biz Vətəndaş Cəmiyyəti kimi biz də deyirik ki, yaxşı səhvdirsə,bizi başa salsınlar, görək ki, səhvimiz nədədir. Pandemiya imkan vermədi, yoxsa dövlət qurumları ilə birgə işləyərək vtəndaşların problemlərini həll etməyə çalışırıq. Bizim devizimiz belədir: “Biz insanlara deyil, insanlığa xidmət etməyə çalışırıq”. Sizin vasitənizlə pasientlərə səslənirəm ki, bu sahə ilə bağlı nə problemləri olsa, çəkinmədən bizə müraciət edə bilərlər. Müraciət yalnız yazılı şəkildə olmalı, ərizə və ərizəyə daxil olan sənədlər də olmalıdır.
  • ƏƏSMN özü sizin təşkilatla necə işləyir? Fəaliyyətini necə dəyərləndirirsiniz?
  • Biz dəfələrlə ƏƏSMN-nə məktublar yazırıq. Bütün nizamnamələrə əsasən qanuni qaydada müracət məktubları ünvanlayırıq. Lakin onlar da buna çox səthi yanaşırlar. Düzdür, məktublar cavablandırılır, lakin ya gecikir, ya dönə-dönə zəng olunur, iş-işdən keçdikdən sonra verilir. Biz iszlə əlaqə saxlayacağıq deyilib, nömrələrə cavab vermirlər və s. kimi problemlər hələ də qalmaqdadır. Əvvəl deyirdilər pandemiya dövrüdür, sonra dedilər müharibə başladı. Sanki bütün Nazirlik müharibəyə gedib. Yenə cavbları gecikdirirlər və səbəb kimi də qeyd edirlər ki, pandemiyanın aöırlaşma dövrüdür. Azərbaycan Respublikasının qanuna görə, vətəndaşların müraciətlərinə baxılmasına 30 iş gününə qədər cavba verməlidirlər. Əgər əlavə araşdırılma tələb olunursa, 15 iş günü də üzərinə gəlir. Amma bunların cavabı 45 günü də ötür.
  • Səhiyyə Sistemimizin vəziyyətini necə dəyərləndirirsiniz?

Bildiyimiz kimi TƏBİB və İcbari Tibbi Sığortanın yaranması ilə Səhiyyə Nazirliyinin səlahiyyətləri məhdudlaşdırılıb. TƏBİB-lə bağlı bir sıra problemlər ortaya çıxıb. Çünki biz TƏBİB nümayəndələri ilə ünsiyyətə girə bilmirik. Onlar əllərində əsas tuturlar ki, pandemiya dövrüdür, çətinliklərimiz çoxdur, heç kəsi dinləməyə vaxtımız yoxdur. Ancaq bu, düzgün deyil. Mən onlara sual verdim ki, yaxşı, siz deyirsiniz ki, gəlişiniz pandemiya dövrünə təsadüf etdi, ağır sınaqla qarşılaşdınız. Axı, TƏBİB məhz tibbi problemlər, fəlakətlər yarandığı dövrdə onu həll etmək üçün yaranıb. TƏBİB Səhiyyə Nazirliyinin varisi sayılır.Bəs, bu xəstəliklərlə başqa təşkilat və ya başqa Nazirlik məşğul olmalıdır? Mən bunları kimisə günahlandırmaq üçün demirəm. Mənim deməyim odur ki, QHT olaraq əlbir olaq, əlbir işləyək. Biz sizə kömək edək, hökumətə qeyri-hökumət tərəfindən kömək əlimizi uzadaq. Bizim nizamnamə bunun üçün yaranıb. Biz getdiyimiz bütün ölkələrdə də, eləcə də postsovet ölkələrində də hamı bu cür işləyir. Bizdə isə belə deyil. Dövlət məmuru eşidəndə ki. QHT gəlir, dövlət məmuru haldan-hala düşür ki, görəsən nəyə gəlir, xaricilərlə əlaqələri varmı tipli suallar ünvanlayırlar bizə. Bizə müraciət edən insanların məsələsini həll edən zaman bizə deyirlər ki, həmin insan sizin qohumunuzdur? Suala baxın. Burda yanaşma ancaq belədir. Sən kiməsə kömək edirsənsə, deməli o sizin ya qohumunuzdur, ya da sizə rüşvət verib ki, onun işi üçün bu qədər canfəşanlıq edirsiniz. Bu da mənə çox maraqlı gəlir ki, bu streotiplər harda və necə yaranır?

  • Dövlət qurumlarının hamısında eyni problemlər yaşanırmı? Bu barədə nə düşünürsünüz?
  • Problem sırf ƏƏSMN ilə bağlı deyil. Məsələn, vətəndaşların hüquqlarını, eləcə də tibb müəssisələrinin hüquqlarını qarşılıqlı qoruyacaq, onların keşiyində qarşılıqlı dura biləcək qanun hələ baxılmağa da verilməyib. Bu qanun pasient hüquqlarını müdafiəsi haqqında Azərbaycan Respublikasının qanunudur ki, layihə şəklində hələ də Milli Məclisdə üç, dörd ildir ki, hələ ki, baxılmağa təqdim olunmur. Bununla bağlı da dəfələrlə MM-ə zənglər etmişəm. Pasientlərin hüquqlarının müdafiəsi haqqında qanun, eləcə də tibb personalı və pasient arasındakı qarşılıqlı münasibətləri tənzimləməlidir. Bu qanun hələ yoxdur, ancaq İcbari Tibbi Sığorta işə düşür. Bu necə ola bilər? Məsələn, pasient öz istəyi həkimi seçə bilər. Və həmini bəyənməsə, ondan imtina edə bilər və bu elə məhz həmin qanunla tənzimlənir. Lakin Azərbaycan Respublikasında Sağlamlığın qorunması, Vərəm haqqında qanun var. Onlar bu nəzərdə tutulmayıb. Ona görə də İcbari Tibbi Sığorta işləyir, ancaq pasient öz hüququnu qoruya bilmir. Bütün bunların hamısı acınacaqlı hala gəlir.

Ülviyyə Şahin

Müəllif: Ülviyyə Şahin