Yardımlıda mal-qara oğurlanıb

Xəbərlər

29.04.2024 - 09:47

İki nəfər şübhəli saxlanılıb

Yardımlı rayonunda mal-qara oğurlayan şəxslər saxlanılıb. AYNA xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Lənkəran regional qrupundan bildirilib.

Qeyd olunub ki, Yardımlı rayon sakini olan iki nəfər yaşadıqları kəndin ərazisindəki örüş sahəsindən iki baş inəyin oğurlanması barədə polisə məlumat veriblər.

Yardımlı Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən X.Baloğlanlı və tanışı Ş.Əliyev müəyyən edilərək saxlanılıblar.

Müəllif: Ayna.az