Milli Meteorologiya İdarəsi sunami xəbərdarlığının verildiyini bildirib
Yaponiyanın üçüncü ən böyük adası Kyuşu adasının cənubundakı Miyazaki prefekturasında 6,9 bal gücündə zəlzələ baş verib. Seysmik nəzarəti həyata keçirən Milli Meteorologiya İdarəsi sunami xəbərdarlığının verildiyini bildirib.
AYNA xarici mediaya istinadən bildirir ki, zəlzələdən sonra hündürlüyü 1 metrə çatan sunami şərqdəki Kyuşu və ona bitişik Şikoku adasına çatıb. Bəzi ərazilərdə sunaminin hündürlüyü 20 santimetr olub.
Bununla belə, hakimiyyət yerli sakinlərdən dərhal sahil zolağından uzaqlaşmağı və maksimum ehtiyatlı davranmağı tələb edir.
Yaponiya Baş Nazirinin ofisi zəlzələ ilə əlaqədar böhran mərkəzi yaradıb.
Zəlzələnin episentri Kyuşu adasının cənub-şərq sahillərindən 30 km dərinlikdə yerləşib.
Yerli enerji şirkətinin məlumatına görə, zəlzələ zonasında yerləşən iki atom elektrik stansiyasında heç bir problem aşkarlanmayıb. Bu ərazidə avtomobillərin hərəkəti normal işləyir.
Öz növbəsində Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi zəlzələnin maqnitudasının 6,7 bal olduğunu bildirib. Məlumata görə, yeraltı təkanların episentri 311 min insanın yaşadığı Miyazaki şəhərindən (Kyuşu adası) 10 km şərqdə yerləşib. Mənbə 37 km dərinlikdə yerləşib.